Ədəbi irsimizdən


Azərbaycan ədəbiyyatı tarixində bir çox qələm sahibləri olub ki, onların həyatı, şəxsiyyəti haqqında mənbələrdə yetərli və səhih məlumat yoxdur. Buna rəğmən onların yaradıcılığı ədəbi irsimizdə dərin iz qoyub. Belə şəxsiyyətlərdən biri də dövrünün görkəmli şairəsi olan Heyran xanımdır.

Heyran xanımın XVIII əsrin sonlarında Naxçıvanda Kəngərlilər ailəsində dünyaya gəldiyi bildirilir. Filologiya elmlər namizədi Lətif Hüseynzadə məqalələrindən birində şairənin Naxçıvan xanlarından Kərim xan Dünbulinin qızı olduğunu qeyd edir. Bu məlumat Heyran xanımın həyatı ilə bağlı tədqiqatlar üçün köməkçi vasitə olmuşdur. Həmin tədqiqatlara görə, şairənin atası kimi qeyd olunan Naxçıvan hakimi Kərim xan Kəngərli şairənin qardaşı olub.
Qeyd edək ki, Heyran xanımın dəqiq doğum və ölüm tarixi bəlli deyil. 1951-ci ildə şairənin “Azərnəşr” tərəfindən çap edilmiş “Seçilmiş əsərləri”nə yazılmış müqəddimədə onun 1758-1838-ci illərdə yaşadığı bildirilir. Digər bir mənbədə isə şairənin XVIII əsrin 90-cı illərində dünyaya gəldiyi qeyd edilir.
Respublika Əlyazmalar Fondunun (indiki AMEA-nın Əlyazmalar İnstitutu) əməkdaşı Cənnət Nağıyevanın ötən əsrin 70-ci illərində Heyran xanım haqqında araşdırmasında isə maraqlı faktlar öz əksini tapmışdır. “Ulduz” jurnalında dərc olunan yazıda şairənin Naxçıvanda anadan olmasını təsdiq edən mənbələrə əsasən qeyd edilir ki, Heyran xanım Dünbuli “Naxçıvanın varlı və böyüklərindən olmuş” Kərim xan Kəngərlinin bacısıdır. Bildirilir ki, o, İran-Rusiya müharibəsi zamanı öz nişanlısından ayrılmış və bu ayrılıq nişanlılar arasında uzun müddət davam etmişdir.
Mənbələrdə ailənin 1804-1805-ci illərdə İrana köçməsi göstərilsə də, bu tarixlərin dəqiq olması şübhəlidir. Çünki Heyran xanımın İran və Rusiya arasında vuruşmaları təsvir edən əsərləri onu göstərir ki, bu illərdə şairə Naxçıvanda və yaxud da Naxçıvana yaxın kəndlərin birində yaşamışdır.
Bəzən ədibin həyat və yaradıcılığını öyrənmək üçün ən səhih və etibarlı mənbələr onun əsərləri olur. Elə bu səbəbdən də şairənin “Ey ay üzlü, sənin qəddin sərv, üzün güldür” misrası ilə başlanan qəzəlinin sonunda öz əsli və nəsli haqqında belə yazır: “Bu yazıq Heyranın əsil-nəsəbini soruşsan o... əslində Dünbuli nəslindəndir”.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Heyran xanım Naxçıvanda dünyaya gəlmiş, yaşının müəyyən çağında el-obasından ayrı düşərək İrana - Cənubi Azərbaycana köçmüşdür.
Heyran xanım Azərbaycan ədəbiyyatı tarixində əsərləri bizə ən çox yadigar qalan şairələrdən biridir. Onun Azərbaycan və fars dilində böyük bir divanı günümüzə qədər gəlib çatmışdır. Bu divanında şairənin bütün şeir növlərində (məsnəvi, qəzəl, rübai və s.) öz qələmini sınadığının şahidi oluruq. Onun Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Əsərlərinin üç əlyazması (Bakı, Tehran və Tbilisi nüsxələri) məlumdur; bunlardan ən mükəmməli şairənin sifarişi ilə yazılmış Bakı nüsxəsidir. Həmin nüsxə Azərbaycan Respublikası Əlyazmalar İnstitutunda saxlanılır.

Hazırladı: Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar