Tanınmış sovet kino, teatr və estrada ulduzu, Rusiyanın Xalq artisti Andrey Mironov 1941-ci il martın 7-də Moskvada anadan olub. Lakin valideynləri - estrada artistləri Aleksandr Menaker və Mariya Mironova oğullarının doğum tarixini 8 mart yazdırmışdılar. Səbəbini isə belə izah edirdilər: "Andrey - 8 Mart üçün qadınlara bir hədiyyədir".

1948-ci ildə birinci sinfə gedən Andrey ilk günlərdən liderlik bacarığı və istedadı ilə seçilir. Xarici dillərə xüsusi marağı vardı, yuxarı siniflərdə ingilis dilində sərbəst danışırdı. Həmin illərdə onun teatra da məhəbbəti artır. Dram dərnəyinə yazılır və onun ilk rolu N.Qoqolun “Müfəttiş” əsərində Xlestakov olur. Sonra Andrey Mərkəzi Uşaq Teatrının nəzdindəki studiyaya gedir. Lakin valideynləri onu gələcəkdə bir aktyor kimi yox, diplomat kimi görmək istəyirdilər. O isə 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Şukin adına Teatr Məktəbinə daxil olur.
Andrey kino və teatrda elə ilk rollarından istedadlı aktyor olduğunu sübut edir.
1960-cı ildə onun kinoda debütü başlayır. Yuli Rayzman onu “Əgər bu məhəbbətdirsə?” filminə çəkir. Mironov müsahibələrində demişdi: “Mənim bəxtim onda gətirib ki, ilk dəfə kinorejissor Yuli Rayzmanın filmində çəkilmişəm”.
Sonra “Üç üstəgəl iki” (1962) filminə çəkilir. Beləliklə, kino rolları bir-birini əvəz edir.
1965-ci ildə isə Eldar Ryazanovun “Avtomobildən qorun” filmində Dima rolu ona böyük uğur gətirir. 1969-cu ildə Mironov özünü bir müğənni kimi də sınayır. Onun həyat yoldaşı Larisa Qolubkina deyir: “Mironov gənc yaşlarında mahnı oxumurdu. Tanışlarımızla, dostlarımızla bir yerə yığışardıq. Onlar gitarada “Bitlz” qrupunun mahnılarını oxuyardılar, Mironov isə oxumazdı. Lakin bir dəfə o da dostlarımıza qoşulub oxudu və səsi hamının xoşuna gəldi”.
1969-cu ildə Mironov rejissor Leonid Qaydayın “Brilyant əl” filmində fırıldaqçı Qennadi rolunda çəkilir. Bir sıra kadrları Bakıda, İçərişəhərdə lentə alınmış bu film Mironova şöhrət gətirir. Amma o, bu rolu haqqında belə deyirdi: “Bu alçaq rol mənim bacardığımın yalnız başlanğıc hissəsidir, elə rollar oynaya bilərəm ki, bu kölgədə qalar”.
Məhz həmin film aktyorun həm də müğənni kimi debütü olur. 1971-ci ildə Mironov Satira Teatrının aktrisası Yekaterina Qradovayla ailə həyatı qurur. Onların qızları dünyaya gəlir. Andrey qızına anasının adını verir - Maşa. Lakin onların evliliyi uzun sürmür.
1973-cü ildə Mironov “Böyük evin kiçik komediyası” pyesində quruluşçu rejissor kimi də özünü sınayır. Elə həmin ildə o, Eldar Ryazanovun “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filmində axtarış bölümünün leytenantı rolunda çəkilir. Bundan başqa, o, Mark Zaxarovun “12 stul” (1977) telefilmində baş rolu (Ostap Bender) canlandırır.
Mironov 1974-cü ildə Yekaterina Qradovayla boşandıqdan sonra ikinci dəfə tanınmış aktrisa Larisa Qolubkina ilə ailə həyatı qurur. 1978-ci ilin payızında Mironovun beyninə qan sızır. Onu xəstəxanaya yerləşdirirlər. Həmin il teatr mövsümü onsuz açılsa da, dekabrın əvvəllərində Mironov sağalaraq yenidən səhnəyə qayıdır. 1980-ci ildə isə o, “Xalq artisti” adına layiq görülür. Mironov tez-tez qastrola gedirdi. Həmişə də konsertləri anşlaqla keçirdi.
1987-ci il avqustun 14-də Riqa teatrının səhnəsində “Fiqaronun toyu” tamaşasında baş rolu oynayırdı. Finala 3-4 dəqiqə qalmış birdən səhnədə özünü pis hiss edir. Pərdələr dərhal aşağı salınır. Təcili tibbi yardım onu xəstəxanaya çatdırır. Təəssüf ki, həkimlər də sevimli aktyora kömək edə bilmirlər. Avqustun 16-da o, beyninə qansızma nəticəsində 46 yaşında dünyadan köçür.

Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar