Milli könlümüzdən kürreyi-ərzə bizim elli ərzi-hallar

   Bu ərzi-hallardan biri də belə bəyanat-not(a)da: “Mustafazadə Vaqif - bütün səslər fəlsəfəsinə vaqif!..”
   O, çaldı, çaldı, çaldı...
   Öncə öz pianinosunu, ardınca sivil başlılarımızın könüllərini, sonra dünyanın qəlbini, lap sonda da - “akkord-infarkt”la öz ürəyini...
   
   O, artıq Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi klassik-ənənəvi musiqi korifeylərinə malik Azərbaycanı modernbazların “ultra-korifeysizlik” tənə-qınağından qurtarmaqda özünü borclu bilirmiş, deyəsən. Ehtimalıma şübhəniz varsa, bəs, əks-təqdirdə, muğam kimi cılxa mental musiqini pianinoda bu sayaq (!), - bəzən tar-kamandan da incə-mincə ifa edə bilən bir kəs nədən niyyət təyinatını sazlığa yox, məhz cazlığa çəkdi?..
   Özündən çox “özgələr” üçün əkib-becərən, yalnız sənət “büdcəsinə” işləyən “iş adamı”na, yeniliklər, orijinallıqlar təsərrüfatı “fermer”inə də bənzətmək olmazmı, bu sənət fanatını? Ona sənət altruisti də demək olmazmı? Amma mahiyyətcə bir xeyli fərqlə; tutalım, Avropa və SSRİ ilə müharibə edən Almaniyaya qarşı vuruşmuş amerikalı Ernest Heminquey kimi yox, hər tərəfdə dayanıb heç tərəfə qarşı çıxmayan altruist. Beynəlxalq sənət ordusuna qoşulub, hər tərəf(lər)in xeyrinə vuruşan və tezliklə də dünya generalitetinə daxil edilən altruist. Əlbəttə, “xidmətə” məhz Azərbaycanın mədəniyyət əsgəri kimi başlamış altruist!..
   
   İki 16...
   
   16 mart və 16 dekabr. Biri doğum tarixçəsi, o biri ölüm. 1940 və 1979. Əvvəlinci İçərişəhər, sonuncu məzar. Cəmisi 39 il. Nağıla bənzətsək, heç qırxıncı qapıya da yetişə bilməyib. Amma ağıla vursaq, bu yaşda gedib dünyanın o başına yetib.
   O, İçərişəhərdə doğulanda bayır şəhər - Bakı - İttifaqın siyasi “ansambl”ı daxilində öz “Tərəkəmə”si, “Vağzalı”sı ilə çıxış edir, ləzzətli Moskva karamelindən dada-dada, Kreml gizlinindən bixəbər II Dünya müharibəsinə hazırlaşır, vurhay neft çıxarır, “urra!”lar altında sosialist əməyi yarışları keçirirdi. İçərişəhər isə - öz Vaqif doğumu ilə - bütün müharibə qənimətlərindən daha qiymətli, daha önəmli, daha səs-sədalı və əbədi mədəniyyət “sənaye”si üçün fontan vurmuşdu.
   Vaqifin gəlişilə İçərişəhərin məhəlli jarqonlar arsenalına (“dardalan”, “tin”, “bıçaq”, “qədeş”, “cayıl”, “zorxana”) “caz” adlı dünyəvi bir termin də gəlmişdi. Bu qədim, yarıçadralı, yarı motalpapaq, bir xeyli “stilyaqa”, xüsusən də hündür hasarlı iç şəhərin adamları bayır şəhərin bir para “sos.stilyaqa”larına, buqələmun yekəxanalarına, gəlmə intiligentlərinə yendirmək istəməyən qeyrətli cayılları bir də onda ayıldılar ki, çöl şəhər (və get-gedə çöl dünya!) artıq onların “məhəllə uşaqları”ndan birinə sayğıda, sözün mədəni mənasında yenilməkdədir. Gördülər ki, onların planet hesab etdikləri qala divarları bu “qəribə məələ uşağı”na darlıq edir. Baxdılar ki, bu cavan yaman gedir. Əlbəttə, “əldən gedir» mənasında yox, sənət-şöhrət “qoçu“luğuna gedir...
   Bu gediş, əslində, onun 18 yaşından start götürmüşdü. Asəf Zeynallı adına Musiqi Məktəbinə qədəmlərindən, sonralar bir-birinin ardınca yaradıb başçılıq etdiyi “Orero” ansamblından, “Qafqaz” caz üçlüyündən, “Leyli”, “Sevil” qadın vokal-instrumental, “Muğam” instrumental ansambllarından başlamışdı.
   Məhəllilər eşidirdilər ki, artıq Qız qalasından beş deyiləndə, üç də Vaqif Mustafazadənin qala konsertlərindən danışılır. Qəzet-jurnallardan oxuyurdular ki, qədim içərişəhərli - “köhnə” Bəhram Mənsurov Şərq üçün kimdirsə, yeni Vaqif Mustafazadə də dünya üçün odur. Odur ki, bu “obrazovannı” qonşunun evindən caz səsi gələndə, daha dünən-srağagünlərdəki kimi “Kazbek” kötüyü çeynəmir, bir-birlərinə qıyğacı baxıb, rişxəndlə göz etmirdilər. Həmişə onları uyudan muğam parçalarını indi onun pianinosundan eşidəndə söz eləmirdilər. Əksinə, təsbehlərinin şaqqıltısını bir “oktava” aşağı salır, ənənəvi hirsli atmacalarına forslu təşbehlər də qatırdılar. Tar-kaman era-sferasında bu parçaları eşidərkən tərpənən başlarının “sırasına” ayaqlarını da qoşur və beləliklə, bu təkrarsız qapalı şəhər öz stixiya-qınından çıxıb - Vaqif Mustafazadə baniliyi ilə - bu gün tez-tez işlətdiyimiz ifadə ilə desək, dünyaya inteqrasiya edirdi...
   
   Bir könülün soraqları...
   
   Bir könülün soraqları, iki əlin barmaqları...
   Onun könlü dünya “tutum”lu bir “antena”, qalaktika lokatoru idimi, ya nə idi görəsən? Səs-sədalar da ona hamı kimi çatmırmış, deyəsən. Bunu onun əks-sədaları tamam ayrı cür - yalnız özü kimi qaytarması təsdiq edir, özgə səsləri necə ustalıqla özümüzünküləşdirməsi, öz ritmlərimizi özgələrə necə “tərcümə” etməsi isbatlayır. Deyirlər, musiqinin vətəni, dili, tərcüməsi yoxdur. Düz deyirlər. Amma deyəsən, bu, Vaqifə qədər beləymiş və Vaqifdən sonra belədir. Belə ki, Vaqifə qədər “caz” sözünə «vız» eləyənlərimiz, “mız” qoyan bəzi ziyalılarımız indi onun “Şur”una, “Heyratı”sına tar-kaman dəsgahlarından azmı heyrətlənirlər?! Obrazlı fikir-zikrdən yüz ağac uzaq olan neçələrindən eşitmişəm: “Vaqifin cazı adamın ürəyində cızz eləyir”.
   Yaxşı, adına “caz” deyilən bu yadelli ladlığın, “aborigen”likdən məhrum bu “yığma komanda”nın təsis-təşkilatçılığında bizim bircə qəlb oyunçumuz, bircə könül çalan-filançımız da olmayıbsa, bu “cızz” məsələsi nədir belə? Deməli, məsələnin məğzi bu musiqi “esperanto”sunun tərcümançılıq-tərcüməçiliyindədir. Vaqifin könül “laboratoriya”sının, improvizə institutunun bəşəri taktlar aktlarındadır...
   Onun əlləri də əllə toxunula, gözlə görünə bilən bədii obraza bənzəmirdimi? Bəzi məqamlarda - o əllərdən biri donub, digəri şirmayi qatar üstə qonanda - “tək əldən səs çıxmaz” məsəli inkar edilmiş olmurdumu? Realizmdə portretə, “sürrealizm”də tabloya, - “ifratizm”lə desək, peyzaja mövzu deyildimi, o əllər? O əllər pianinonun dil-“cücə”lərinə sənət dəni səpirdi, elə bil. Əşya-“bülbül”ləri cəh-cəh etdirirdi, sanki. Əcəlin dəcəlliyindən tamamlaya bilmədiyi “Muğam” simfoniyasında “Şahnaz”ına naz, “Sevil”inə yaz çiləyirdi, Füzuli qəzəllərilə daha da nakamlanmış Leyliyə bir nəğməkar Məcnunluğu edirdi, - “elə bil”siz, “sanki”siz...
   Onun əllərinin əlalıqlar əhvalatından nə qədər desək də, hədəfə yetəsi deyilik. Buna görə də simi (pianinoda sim olmasa da) və himi dəyişərək bunu da deyək ki, “təkaçılan”ları ilə hər dəfə cüt qaz vurub qoşa qazan dolduran musiqiçilərdən fərqli olaraq, onun əli gətirmirdi. Bu xalqın klassik sənət ənənələri dəryasında özüyçün bir ada yaratmışdı və orada caz vurub, hələlik təkəmseyrək ürəklərə həzz doldururdu. Yuxarıda “iş adamı”, “fermer” bənzətmələrimə rəğmən, bu gəlirsiz təsərrüfatın məxarici az olsun deyə, süpürgəçiliyindən, naxış-naxırçılığından tutmuş toxuculuğuna, sürücülüyünə, hörücülüyünə, xırman-xırdaçılığına qədər hamısını özü icra edirdi. Hər yeni əsərinin akkordu da ki... rekord alınırdı!
   Ömrün akkordu isə günbəgün yaxınlaşmada. Ömrü boyu həzm edə bilmədiyi olay-qolaylardan zərrə-zərrə, qram-qram cəzb edib yüklədiyi ipək ürəyin Daşkənd qastrolunda baş verəsi “kardioqram hadisəsi”nə az qalırdı. Amma hələ o tarixə qədər hadisə əlamətli sənət əsərləri və... ona qarşı yeni-yönü münasibət “əsər”ləri vardı.
   Bu “əsər”lərdən biri də o vaxt AzTV-də ona qarşı qoyulan “bığ senzi” idi. Belə ki, orijinallığının, indilər yeri gəldi-gəlmədi işlənən “imic” məsələsinin daha bir təzahürü olan bığlarını qırxdırmayacağı təqdirdə onun ekrana çıxmasına yasaq qərarı verilmişdi. Dost-tanışları danışırdılar ki, o vaxtlar Mərkəzi Televiziyanı yamsılamaq yaradıcılığı ilə daha məşhur olan o yaradıcı qurumun yalnız bu “əsər”i Vaqifin əsərləri qədər yaşayacaq.
   ...Daşkənd hadisəsinə gedən yola qədər çox qollar yaranmışdı onun adıyla bağlı. Bunlar içərisində “Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo” festivalları da vardı ki, Vaqif hər üçünün laureatı olmuşdu. Biri də Monakoda (1978) keçirilən 8-ci Beynəlxalq Caz Festivalı idi ki, “Əzizəni gözləyirəm” (“Sənsiz”) musiqisinə görə birincilik mükafatı qazanmışdı. Günlə, ayla, illə ölçülməyən, konkret əsərlə ehtiva olunmayan uğurları isə daha çox idi. O, dünya miqyasında yeni musiqi erası kimi hallandırılan caz-muğam sintezini yaratdı. Özündən xəbərsiz - “Azərbaycan “Muğam-Caz Hərəkatı”nın memarı” çağırıldı. Saysız fortepiano konsertləri, muğam-caz kompozisiyaları yaratdı ki, cazın vətəni Amerikanın özünü belə özünə heyran etdirdi. Həmişəcavan Avropanı qocaman Şərq xəyalatlarına da daldırdı. Doğma ərazi arealımızdan qovzadığı yeni caz mizan-düzəni ilə dünya zövqünü fəth elədi.
   
   Can aparan canlı hadisə...
   
   Bəli, Daşkənd tərəflərdə əsəsi hadisə yelinə az qalırdı. Düşüncə, duyğu ilmələrini fortepianoya ötürən ali əllər, şirmayi barmaqlar qos-qoca istedad, qabiliyyət və qalibiyyətlərlə süslənmiş cavan bir ömrün son akkordlarına yaxınlaşmaqda idi. Onun möcüzəvi ürəyindən qaynayan bulaqlar milyonlarla qulaqlardan süzülərək ürəkləri titrədir, bəzən, hətta anormal-anomalik sədalara çevrilərək, duyğu “volt”u güclü olan adamlarda gicəllənmələr yaradırdı...
   
   Bunlar həm də əbədi!
   
   Əlbəttə, cismanisindən sonra - “fani”ləşəsi dünyada!
   Beləsi “baqi” dünyada çox gedə bilərdimi? Beləsinə 39 il də kifayət deyildimi? Qalsaydı, daha neyləyəcəkdi, görəsən? Əslində, neyləməliydi ki? Bundan artıq nə etmək olar ki? Birdən özünü təkrar etsəydi, necə? Suallar çox, ciddi cavablar isə yox. Və nəhayət, milyonlarla ürəyi titrədən bu ürək 16 dekabr 1979-cu il tarixçəsini də çalıb, dayandı...
   Ondan yalnız elə o şedevrlər yox, doğma qızına həsr etdiyi - hər ikisi sağ ola-ola - beş-on günlük qəribçilikdə “Sənsiz” başlığıyla andığı canlı Əzizə Mustafazadə əsəri də qaldı.
   Sağlığında aldığı Əməkdar incəsənət xadimi adına ölümündən sonra Azərbaycan Dövlət mükafatı da əlavə olundu.
   ...Nə qədər yazsan da Onu, Osuzluğu ifadə edib “imla”lamaq, “inşa”lamaq olmur və adam bu məqamda istəyir ki, bütün bu doyumsuzluğun ifadə çarəsi kimi, Vaqifin avtoportret motivli belə bir əsəri də olaydı: “Mənsiz”...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar