Azərbaycan
   
   18 mart 1922 - Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922-11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Bir "Volqa" məhəbbət" və s.
   18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı (Balakişiyev) Qərbi Azərbaycanda, Ermənistan SSR, Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. “Köç” romanı, povest, pyes və ssenarilərin müəllifidir. Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.
   
   19 mart 1919 - Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub. Muğam sənətindən dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.
   19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanın Xalq Komissarları Şurasının sədri olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", “Şamdan bəy”, "Nadir şah", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
   19 mart 1994 - Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub. "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.
   
   20 mart 1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) (1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun ilk və uzun illər əvəzsiz ifaçısı olub.
   20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Pyesləri: "Solğun çiçəklər", “Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. Şeir və hekayələrin, milli kinomuzda ilk kinossenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri) müəllifidir.
   20 mart 1912 - Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912-1998) anadan olub. Rusiyanın Ulyanovsk, Novosibirsk, Kazan, Rostov teatrlarında çalışıb. 1960-70-ci illərdə Azərbaycan Dövlət Opera və Balet, Rus Dram teatrlarının baş rejissoru olub.
   
   21 mart 1896 - Xalq artisti, məşhur aktyor Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896-20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarında çoxsaylı obrazlar yaradıb, “Səbuhi” (Şeyx Əli), “Fətəli xan” (Mirzə Nadir) filmlərində çəkilib.
   21 mart 1897 - Şair, publisist Böyükağa Mirqasım oğlu Talıblı (1897-1938) Salyan şəhərində doğulub. “Keyf içində”, “Tövbə” və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
   21 mart 1898 - Xalq artisti, aktyor İsmayıl Talıbzadə (1898-1967) anadan olub.
   21 mart 1906 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycanın ilk Xalq şairidir, Azərbaycan Elmlər Akademiyasının üzvü, Yazıçılar İttifaqının sədri (1941-1948) olub. 20-dən çox poemanın ("Muğan", "Aygün" və s.), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların müəllifidir.
   21 mart 1914 - Xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub.
   21 mart 1921 - Yazıçı-jurnalist, professor Nurəddin Həsən oğlu Babayev (1921-25.9.1991) Gəncə şəhərində doğulub. Kitabları: "Oğluma məktublar", "İşıq və məhəbbət", "Ürəklər bir olanda" və s.
   21 mart 1924 - Məşhur aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 1924-12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub.
   
   22 mart 1895 - Yazıçı Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-28.1.1938) anadan olub. «Qışlaqdan kəndə», «Laçın» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
   22 mart 1898 - Aktyor, Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 1898-21.9.1982) Lənkəranda anadan olub. “Qızmar günəş altında”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.
   22 mart 1900 - Xalq yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərlərin müəllifidir.
   22 mart 1909 - Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. "Səhər", "Abşeron", "Qara daşlar" romanları, «Alov» pyesi və s. əsərlərin müəllifidir.
   22 mart 1910 - Şair Soltan Məcid oğlu İsmayılov (1910-1963) Göyçayda doğulub. "Məhsəti", "Pəri qala", "Məhəbbət" və s. poemaların müəllifidir, rus şairlərinin əsərlərini dilimizə çevirib.
   22 mart 1913 - Xalq artisti, tanınmış aktyor Əlağa İsmayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. “Görüş” (Şıxəli), “O olmasın, bu olsun” (Məşədi İbad), “Qanun naminə” (Məmmədxan) və s. filmlərdə çəkilib.
   22 mart 1913 - Yazıçı-dramaturq, ssenarist Məhərrəm Əlizadə (1913-1983) anadan olub. "Gözün aydın", "Səndən mənə yar olmaz" və s. pyeslərin, “Kazbek qutusu” filminin ssenari müəllifidir.
   22 mart 1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu; 1913 - 11.12.2001) anadan olub. "Məni bağışla" , "O, mənim dostumdur", "Aydın yollarda" və s. roman və povestlərin müəllifidir.
   22 mart 1914 - Xalq artisti, məşhur aktyor Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub. "Arşın mal alan" (1945, Vəli), “Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə çəkilib.
   22 mart 1917 - Görkəmli aktyor, Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 - 18.3.1980) Dərbənddə anadan olub. “Nəsimi” (Teymurləng), “Tütək səsi” (Qılınc Qurban), “Arxadan vurulan zərbə” (Fəttah - Qurd Cəbrayıl) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   22 mart 1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
   22 mart 1925 - Xalq artisti, aktrisa Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 -5.6.2004) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub.
   22 mart 1931 - Məşhur şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) Göyçayda anadan olub. Populyar şeirlərin, “Pillələr” romanının müəllifidir.
   22 mart 1933 - Xalq artisti, tanınmış xanəndə Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli ("Leylı və Məcnun"), Ərəbzəngi ("Şah İsmayıl" və s.
   22 mart 1938 - Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. «Dalanda», “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.
   
   Dünya
   
   18 mart 1844 - Rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.
   
   19 mart 1955 - Amerika kinoaktyoru Brüs Uillis (Walter Bruce Willis) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Beşinci element”, “Altıncı hiss” və s.
   
   20 mart 1828 - Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan Ibsen, 1828-1906) anadan olub. “Yeni Avropa dramı”nın yaradıcısı sayılır.
   
   21 mart Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə təsis edilib.
   21 mart 1839 - Rus bəstəkarı Modest Petroviç Musoqrski (1839-1881) anadan olub. “Boris Qodunov” operasının müəllifidir.
   
   22 mart 1394 - Böyük özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taragay Uluqbəy (1394-1449) anadan olub. Əmir Teymurun nəvəsidir, Teymurilər dövlətinə başçılıq edib. Səmərqənd yaxınlığında məşhur rəsədxananı yaradıb.
   
   Hazırladı: Vüqar Orxan