Onun “Qorxulu nağıllar”ı hələ də doğrulu ağıllar yetişdirir...
   
   Doğrulu, doğruçu ağıllar bünövrə məsələsidir. İnsanın mənəvi bünövrəsi, əlbəttə, uşaqlıqdır. Onun körpəlik özülü ailədə qoyulub “interyer”lənsə də, anlaq odaları ictimailikdə inşalanır, “arka”lanır, “fasad”lanır. Adına qısaca “ictimai mühit” dediyimiz bu aləm normal olmadıqda fəsadlar yaranır. Son yüzillərin təcrübəsi isə göstərir ki, həmin “mühit” dramaturgiyasında baş rolu sənət, ədəbiyyat oynayır...
   
   Beləliklə (...belədirsə), bu rolun birinci müəllifləri hər xalqın böyük uşaq yazarları - Süleyman Sani Axundovlarıdır. Bizim öz milli-mənəvi sərhəd parametrimizcə isə bu ədib, sözün hər iki mənasında, birincidir.
   Süleyman Sani Axundov tək elə qüdrətli uşaq yazarı yox, həm də böyük uşaq demokratıdır.
   Deyim ki, bu qənaəti onun yalnız əsərləri deyil, həm də humanizm fəlsəfəsi, etik-əxlaqi keyfiyyətlərlə zəngin əməlləri, həyatı, haqqında yazılmış elmi-populyar mənbələr, xatirə-söhbətlər doğurur.
   Əlavə edim ki, bu real, az qala dünənki ədibimiz adama əfsanəvi şəxsiyyət, antik sənətkar təsiri də bağışlayır. Elə 1918-ci ilə (Xalq Cümhuriyyətinə) qədərki şahlıq, xanlıq, ağa-bəylik dövrlərimizin ümumi mənzərəsi də belə bir müddəa hasil edir ki, ümummilli humanizm, demokratiya “bank”ımızda sənət komalarımızın sayı, ədəbiyyat odalarımızın payı siyasət-rəyasət saraylarımızınkına nisbətdə daha çox, daha qabarıq olub.
   Yaddaşlarda daha çox “Qorxulu nağıllar”ı (xüsusən “Qaraca qız”ı) ilə yaşayan bu ədibimizlə bağlı bir detal məndə bu sənətkar barədə mürgülü bir qənaət də hasil edib. Belə ki, onun haqqında düşünərkən həmişə fikrimdən bu sözlər də keçib: çox ədəbli ədib...
   
   Bunun başlıca səbəbi...
   
   Deyim ki, “ədəbi-konstitusion” düşüncəli həmkarlarıma qəribə görünəsi bu “qərib məntiq”in nüvəsində onun adı ilə soyadı arasındakı ləqəb-təxəllüs dayanır. Bəli, “Sani”! Yəni “ikinci”. “Təkcə elə filan əsər filan sənətkarın tarixdə qalmasına kifayət edərdi” kimi qənaətlərdən yanaşsaq, bu faktın özü hər bir klassik ədibimizin (indiki halda S.S.Axundovun) yüksək şəxsi mədəniyyətini, ictimai-irfani əxlaqını, xəlqi pedaqoqluğunu ehtiva edir.
   Bu məqamda “biliyin anası” olan təkrar həm də maraqlı bir ikiliyin bələdçisi olacaq: “Sani” - yəni “ikinci” (ərəbcə). İndi yəqin ən “türkəçarə” oxucumuza da bəlli oldu ki, söhbət nədən gedir. Hər kəs bildi ki, ikinci (“sani”) birincini etiraf etmək, sayıb-sayğılamaq deməkdir. Burada nəzərdə tutulan birinci isə - nəinki təkcə xronolojilik cəhətdən, həm də dramaturgiyamızın bünövrəsini qoymaqlıq sarıdan başda olan Mirzə Fətəli Axundov!..
   Bəs (əcəba), ikinci Axundovumuzun xatirə günü (29 mart 1939-cu il) üçün qələmə alınan bu yazıda bəndənizi birinci dərəcəli mətləbdən “yayındıran” səbəbin səbəbkarları kimlər? Əlbəttə, müasir “ikinci”lər! “Çil toyuğun tək yumurtası” (S.Vurğun) “irs”li bu “ədib” və “publisist”lər öz populyarlaşma cəhdlərini istedadlarıyla yox, “yağışdan sonra göbələk” istemallarıyla həyata keçirməyə çalışırlar. Özü də öz imzalarına ilkin (və çox məşhur) mənbə ilə ilgili heç bir ştrix əlavə etmədən. Yəni lətifəsi (və lətifliyi) birincilərdən çox uzaq “sani”liklərlə. Hətta, indilərki dövri (və bəzən açılmamış bağlanan “fövri”) mətbuatda müasir ədəbiyyatımızın canlı klassiklərinin - monoadla bütün dünya oxucusuna bəlli Anar (Rzayev) və Elçin (Əfəndiyev) kimi məşhur ədiblərimizin imzalarına sırınmaqdan da çəkinmirlər.
   Deyirəm, bəlkə bu “bənzəmə yaradıcılığı”nın (“cəsarət istedadı”nın!) bir səbəbi də başları böyük ədəbiyyat və təşkilat təsərrüfatlarına qarışmış birincilərin “sani”lik (əslində ikincilik yox, iyirmincilik, yüzüncülük) iddialı “yaradıcı”lara heç vaxt baş qoşub, reaksiya verməyəcəklərinə əminliklərilə də bağlıdır? Mümkündür. Amma ədəbiyyat, mədəniyyət mətbuatı bu kimi neo-mentallığın - yəni qalan kitablar yaradıb getmiş sabiq Axundovlar mədəniyyəti ilə qalın “kitablar” istehsal edib “Biləcəridən o yana” getməyəsi müasir “sani” mirzələr arasındakı (həm də etik baxımdan) yer-göy fərqinin farkında olmağı özlərinin ədəb və ədəbi (-müqəddəm) borcu hesab etməlidir.
   Elələrinə sərf etdiyim bu sətirlərə və sizin oxuyarkən itirəcəyiniz vaxta təəssüflənərək -
   
   Keçək mətləbə
   
   Şuşada bəy ailəsində doğulan - uzun və yaxşı yollar yolçusu olan Süleyman tale qəza-qədərləri sarıdan daha çox “qara camaat” hekayətlərini yaşamalı olub. Elə məhz buna görə də onun hekayələrində, pyeslərində rəiyyət qoxusu bəylik ətrindən daha artıq duyulur. On doqquz yaşında Qori Müəllimlər Seminariyasını bitirib ömrünün sonunadək əsasən, jurnalistika ilə məşğul olmuş Süleyman Sani ədəbiyyatımızda əbədi iz salan gözəl əsərlərin də müəllifidir.
   Bir çoxlarının qələm çərxini “tərsinə dövran etdirən” bolşeviklərin gəlişinədək o, artıq, Azərbaycanın say-seçmə ədiblərindən idi. Bu gözəl obrazlar ustadı 19-cu yüzilliyin sonlarında qələmə aldığı ilk bədii əsərinin - “Tamahkar”ın, 1906-cı ildə nəşr edilmiş “İkinci il” adlı dərsliyinin, 1912-13-cü illərdə yazdığı beş hissədən ibarət məşhur “Qorxulu nağıllar” kitabının müəllifi kimi tanınır və sevilirdi. Köhnə ədəbiyyat aşiqləri demişkən, “böyüklər üçün bir Axundov vardı, balacalarçün də bir böyük Axundov gəldi”!
   Lakin illər ötdüyü kimi, acı dillər də dəyişir, Azərbaycan uşaqlarının ipək kələfi kimi yumşaq “baba yazıçı”sı “yoldaş”lanmağa təhrik edilirdi. Şirin və təsirli qələmindən çıxmış (və təkrar-təkrar çap olunmuş) “Qorxulu nağıllar” “silahı”ndan ehtiyat edən sovetlər onu “tiraj cəbhəsi”ndən ayırmaq məqsədilə Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif müdiri vəzifəsinə “irəli” çəkirlər. Lakin anadan yazıçı-publisist kimi doğulmuş Süleyman Saninin qələmi orada da dinc durmur. Əsasən çarizm kasıbçılığı və haqsızlıqlarından bəhs etdiyinə görə “Qorxulu nağıllar” müəllifini az da olsa bəyənən sovetizm ideoloqları “birdən izini başqa “izm”lərə də yönəldə bilər” qənaətilə onu “izləmə” əməliyyatına başlayırlar. Görürlər ki, inqilaba qədərki “Yuxu”, “Kövkəbi-hürriyyət” hekayələrində, “Türk birliyi”, “Dibdat bəy” pyeslərində toxunduğu mətləblərin bəzi sədaları sonrakı əsərlərindən də eşidilməkdədir. Elə məhz buna görə idi ki, hələ 1922-ci ildə yaradılmış və “əfkari-ümumiyyə” rəyi ilə məhz onun sədr seçildiyi “Ədib və şairlər ittifaqı” heç bir il çəkməmiş qapadılır. Onun DQMV-də müdirliyinin də ömrü uzun olmur. “Buradakıları oralara köçürmək” priyomu ilə Çindəki ingilis müstəmləkəçiliyi əleyhinə yazdığı “Mister Qreyin köpəyi” əsəri Süleyman Saninin həm ədəbi, həm siyasi aləmdə ikinci, üçüncü sıralara itələnməsinə səbəb olur.
   Bunlarla yanaşı, Süleyman Sani Axundovun - belə demək mümkünsə, yalnız sənətə, ədəbiyyata işləyən əsərləri də vardır ki, heç bir siyasi quruluş onların üzərinə kölgə sala bilməz. “Məktəb jurnalı”nı nəşrə hazırlayan kollektiv ən çox Süleyman Sani qələminə güvənirdi. Bu yuxa qəlbli, ata-baba nəvazişli ədibin düşüncələri yiyəsiz qalmış millətin sabahını qurası uşaqları öyə-öyə göyə qaldırası süjet və mövzularla dolu idi. Ədib perspektiv yönəli arzu və istəklərini bu jurnalda çap etdirdiyi “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” kimi hekayələrində əks etdirirdi. O, sovetlər dövründə yazdığı “Laçın yuvası”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şeytan” kimi əsərlərində də beş məlum “yalan-yaman”ı tərifləyirdisə, onların gözünə qatıb üç də “məqbul-məchul”u öyürdü. “Eşq və intiqam” pyesində bu iki insani duyğunu sənət tribunasından danışdıran dramaturq tamaşaçını yeri gəldikcə zəruri susqunluğa da səsləyirdi. “Şahsənəm və Gülpəri”, “İki yol”, “Ümid çırağı”, “Qatil cocuq”, “Namus”, “Qan bulağı” hekayələrində əzəli və əbədi sənət dili və üslubuyla oxucunu dünyanın əzəli-əbədi olayları ilə tanış edirdi.
   Bu məqamda lirik bir ricət: “Görəsən, indiyədək onun “Qorxulu nağıllar”ından qorxmuş bir uşaq olubmu?”
   Payızda anadan olub baharda dünyasını dəyişmiş böyük ədibimiz haqda yaza-yaza axırına gəlib çatdığım bu yazıya “Qaraca qız” filmini sevən, qiymətləndirib dəyərləndirən bütün xalqımız adından belə bir arzumu da əlavə edim ki, kinematoqrafçılarımız Süleyman Sani Axundovun tər-təmiz uşaq ürəkli, körpə demokratiyalı yaradıcılığına bir daha müraciət etsələr, nə özləri qənimətsiz qalar, nə də sehrli söz-göz sənəti olan kinomuz...
   Daha bir ricət: “Görəsən, yazıldığı (və ekranlaşdırıldığı) günlərdən bəri o qaraca qızın - Tutunun rəhmə gətirə bilmədiyi ağca-qəddarca ürək qalıbmı?”
   
   Tahir Əhmədalılar