Azərbaycan
   
   23 mart 1920 - Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov (1920-1992) anadan olub.
   23 mart 1942 - Şair, yazıçı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.
   23 mart 1946 - Yazıçı Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. “Daş evlər”, “Nekroloq”, “Polad toxumu” və s. romanların, povest, hekayələrin müəllifidir.
   
   24 mart 1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872-1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
   24 mart 1938 - Xalq artisti, aktyor, rejissor Həsənağa Səttar oğlu Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. “Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filminə quruluş verib.
   
   25 mart 1897 - Tanınmış alim, teatrşünas, publisist Qulam Məmməd oğlu Məmmədli (1897-18.11.1994) Təbrizdə doğulub. Cənubi Azərbaycan şairlərinin (Mirzə Əli Möcüz və s.) əsərlərini toplayıb və nəşr etdirib.
   25 mart 1907 - Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 - 14.1.1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.
   25 mart 1933 - Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933-15.12.1988) Bakıda anadan olub. «Bildirçinin bəyliyi», «Zarafatsız zarafat», «Hələlik», “Sonuncu məhəbbət” və s. komediyaların, satirik şeirlərin müəllifidir.
   
   26 mart 1893 - Məşhur opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 - 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb, Rostovda, Peterburqda yaşayıblar. 20-30-cu illərdə Rusiya, Ukrayna, Gürcüstan teatrlarında çıxış edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
   26 mart 1902 - Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902-5.2.1979) Şamaxıda anadan olub.
   26 mart 1910 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 1910-31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Teatr tamaşalarında (“Vaqif” - Vaqif, “Otello” - Otello), filmlərdə (“Fətəli xan» - Fətəli xan, “Qara daşlar” - İsmayılzadə, «Səhər» - Rəhim bəy, «Böyük dayaq» - Rüstəm kişi və s.) unudulmaz obrazlar yaradıb.
   26 mart 1910 - Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov, 1910-1970) Şəkidə anadan olub. Əsərləri: "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", “Nişanlı qız” pyesləri, "Nina" romanı, "Vəfasız", "Son faciə" povestləri və s. “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun”, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari, “Yeddi gözəl” baletinin (Qara Qarayev) libretto müəllifidir.
   
   27 mart Dünya Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (1948-ci ildən UNESCO nəzdində fəaliyyət göstərir) Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.
   27 mart 1927 - Dünya şöhrətli musiqiçi, violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 - 27.4.2007, Moskva) Bakıda anadan olub. Dünyanın bir çox ölkələrinin ali mükafatları, o cümlədən Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.
   27 mart 1937 - Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937-2.11.1994) Bakıda anadan olub. “Gilas ağacı”, “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
   27 mart 1986 - Görkəmli aktyor Səməndər Rzayev (2.1.1945 - 1986) vəfat edib. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü” və s. filmlərdə, televiziya tamaşalarında (“Evləri köndələn yar”) maraqlı obrazlar qalereyası yaradıb.
   
   28 mart 1886 - Məşhur teatr xadimi, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflisdə Azərbaycan teatrının inkişafında xüsusi xidmətləri olub. Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.
   28 mart 1895 - Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə;1895-1.6.1989) Naxçıvan şəhərində doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru olub. Maksim Qorkinin "Ana", Aleksandr Fadeyevin "Tarmar" romanlarını Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatı nümunələrini ruscaya tərcümə edib.
   28 mart 1919 - Mədəniyyət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919-1998) anadan olub.
   28 mart 1924 - Tanınmış şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 1924 - 14.3.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən tərcümələr edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib. 

    29 mart 1873 - Şair Mirzə Əli Möcüz Şəbüstəri (1873-25.9.1934) Cənubi Azərbaycanın Şəbüstər qəsəbəsində doğulub.
   29 mart 1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (3.10.1875, Şuşa - 1939) vəfat edib. Ədibin «Qorxulu nağıllar» adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
   
   30 mart 1903 - Tiflisdə Azərbaycan dilində “Şərqi-rus” qəzeti nəşrə başlayıb. Qəzetin redaktoru Məhəmmədağa Şahtaxtinski idi. 1905-ci ilin yanvarınadək nəşr olunub.
   30 mart 1908 - Rəssam, Əməkdar incəsənət xadimi Şamil Həsən oğlu Qazıyev (1908-13.7.1980) anadan olub.
   30 mart 1945 - Xalq artisti, Dövlət mükafatı laureatı Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. “Qaraca qız” (Pəricahan), “Dədə Qorqud” (Burla xatun), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “İstintaq” (Gülya) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (1995-2000) olub. Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir.
   30 mart 1949 - Tanınmış opera müğənnisi, Xalq artisti Səfa Qəhrəmanov (1949-5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.
   
   31 mart 1861 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ustası, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861- 20.4.1944) Şuşada doğulub.
   31 mart 1918 - Bakıda erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb, şəhərdə 8 minə yaxın azərbaycanlı öldürülüb. Ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min müsəlman qətlə yetirilmişdi. Kütləvi qırğınlar Qarabağın kəndlərində, Şuşa, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə davam edib. Prezident Heydər Əliyevin fərmanı ilə (26 mart 1998) 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
   31 mart 1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Fərzi oğlu Babayev (1936 - 19.3.1994) Bakıda doğulub. "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib. Bakı metrosunda baş vermiş terror hadisəsində həlak olub.
   
   Dünya
   
   23 mart 1826 - Çex əsilli Avstriya bəstəkarı Lüdviq Minkus (Ludwig Minkus, 1826-1907) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.
   23 mart 1875 - Məşhur türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp, 1875 -25.10.1924) Diyarbəkirdə doğulub.
   23 mart 1881 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard, 1881-1958) anadan olub.
   23 mart 1910 - Dünya şöhrətli yapon kinorejissoru Akira Kurosava (1910-1998) anadan olub. “Yeddi samuray”, “Dersu Uzala” və s. filmlərə quruluş verib.
   
   24 mart 1926 - İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo anadan olub. 

   25 mart 1611 - Məşhur türk səyyahı, coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) İstanbulda doğulub. Yaxın Şərqdən Krıma, Volqa boyu və Qafqazadək bir çox yerləri gəzərək gördüklərini qələmə alıb. 1656-cı ildə Bakıda olub. Ö.Çələbinin 10 cildlik “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.
   
   26 mart 1911 - Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams, 1911-1983) anadan olub. Pyesləri: “Arzu” tramvayı” (Azərbaycanda da tamaşaya qoyulub), “Şüşə qəfəs”, “İquana gecəsi” və s. Əsərləri əsasında filmlər çəkilib.
   
   27 mart 1871 - Alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub. Nobel mükafatı laureatı Tomas Mannın böyük qardaşıdır. Hitler hakimiyyətə gələndən (1933) sonra Fransaya, oradan da ABŞ-a köçüb. “Müqəddəs torpaq”, “İtaətkar”, “Kral IV Henrixin gənclik illəri” və s. romanların müəllifidir.
   27 mart 1963 - Amerika kinorejissoru Kventin Tarantino (Quentin Jerome Tarantino) anadan olub. "Quduz köpəklər", "Kriminal qiraət" və s. filmlərə quruluş verib, “Oskar”, “Qızıl palma budağı” (Kann festivalı) mükafatları laureatıdır.
   
   28 mart 1483 - Böyük italyan rəssamı, qrafik, memar Rafael (Raffaello Santi, 1483-1520) anadan olub. Məşhur “Sistin madonnası” (“Madonna Sistina”) əsərinin müəllifi, Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.
   28 mart 1868 - Görkəmli rus yazıçı-dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; (1868 - 18.6.1936) anadan olub. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (roman); “Uşaqlıq”, “Mənim universitetlərim” (povest); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyes) və s.
   28 mart 1925 - SSRİ Xalq artisti İnnokenti Mixayloviç Smoktunovski (1924-1994) anadan olub. Teatrda knyaz Mışkın (“İdiot”, F.Dostoyevski) rolu ilə məşhurlaşıb. Filmləri: “Hamlet” (Hamlet), “Avtomobildən qorun” (Detoçkin) və s.
   28 mart 1936 - Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2010) laureatı Mario Varqas Lyosa anadan olub. “Şəhər və itlər”, “Yaşıl ev”, “Kilsə”də söhbət”, “Dünyanın sonunun müharibəsi”, “Keçi bayramı” və s. romanların müəllifidir.
   
   29 mart 1936 - Rus kinorejissoru, aktyor Stanislav Sergeyeviç Qovoruxin anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Voroşilov nişançısı” və s. filmlərə quruluş verib.
   
   30 mart 1746 - Görkəmli ispan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.
   30 mart 1853 - Məşhur holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh, 1853-29.7.1890) anadan olub.
   
   31 mart 1685 - Dahi alman bəstəkarı və orqan ifaçısı Yohann Sebastyan Bax (Johann Sebastian Bach) anadan olub.
   31 mart 1732 - Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) anadan olub. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
   31 mart 1914 - Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz, 1914-1998) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan