Teatr və kino sənətimizin unudulmaz simalarından biri də Əzizağa Qasımovdur. Ötən əsrdən bizə yadigar qalan filmlərə və televiziya tamaşalarına baxanda aktyorun xoş siması və peşəkarlığı istər-istəməz diqqəti cəlb edir. Əzizağa Qasımov öz səmimiyyəti ilə tamaşaçını ovsunlamağı bacarır, yaratdığı obrazlar canlılığı və dinamikası ilə seçilirdi.
   
   Uzun illər Musiqili Komediya Teatrının səhnəsində bir-birindən maraqlı obrazları canlandıran aktyor bu gün də yaradıcı kollektiv tərəfindən ehtiramla yad edilir. Bu yazını hazırladığım ərəfədə teatrda Xalq artisti Afaq Bəşirqızı ilə rastlaşdım. Əzizağa müəllim haqqında yazı yazacağımı bildikdə çox sevindi və unudulmaz Bəşir Səfəroğlunun aktyorla bağlı xatirələrini yada saldı: “Atamın səhnədə tərəf-müqabillərindən biri də Əzizağa Qasımov olub. Atam həmişə onun xətrini əziz tutar və böyük aktyor olduğunu vurğulayardı. Bənzərsiz səs tembri var idi. İnsan kimi bənzərsiz idi. İndi də evimizdə sənətdən söz düşəndə həmişə Əzizağa müəllimin adı ön sıralarda çəkilir”.
   Əzizağa Qasımovla bir neçə tamaşada birlikdə çalışan Əməkdar incəsənət xadimi, “Humay”, “Qızıl dərviş” mükafatları laureatı rejissor Məhərrəm Bədirzadə də xatirələrini bizimlə bölüşdü: “Onunla ilk tanışlığım “Səhər görüşləri”ndən başlayıb. 1976-cı ildə ilk dəfə həmin proqramda Xalq artisti Səyavuş Aslan və Əzizağa Qasımova rol vermişdim. Bu verilişdən sonra tanışlığımız başladı. Məndən yaşda çox böyük idi, amma gənclərə yaxın olmaq, onlarla xoş ünsiyyət yaratmaq bacarığı bizim dostluğumuzu davamlı etdi. Bildiklərini cavan rejissor və aktyorlardan əsirgəmirdi. Onda musiqili komediya aktyorluğu ilə yanaşı, dramatik rollar da gözəl alınırdı. Hətta gözəl səsinə görə opera teatrına da dəvət etmişdilər. Lakin o, Musiqili Komediya Teatrını seçmişdi. Məncə, operada da çox obrazlar yarada bilərdi. Çünki bənzərsiz bariton səsi var idi. Elə buna görə də kinostudiyanın dublyaj redaksiyasında bir çox filmlərdə aktyorları o səsləndirirdi. Azərbaycan televiziyasında macar dramaturqunun əsərinə hazırladığım teletamaşada nazir obrazını yaratmışdı. O vaxt dram aktyoru olan dostlarım rola komediya aktyorunu dəvət etdiyim üçün bir balaca incimişdilər də. Amma tamaşa efirə gedəndən sonra hər kəs Əzizağanın obrazın öhdəsindən necə məharətlə gəldiyinin şahidi oldu. O qədər məharətli aktyor idi ki, bir gün səhnədə ciddi, səhəri isə komik bir obrazı məharətlə canlandıra bilirdi. Həyatında müəyyən problemlər olmasına baxmayaraq heç vaxt səhnədə dərdini büruzə verməzdi. İlk həyat yoldaşı yanaraq faciəvi şəkildə dünyasını dəyişmişdi. Əzizağa Qasımov usta aktyor idi. “Adı sənin, dadı mənim”, “Aktrisanın təbəssümü” televiziya tamaşalarında, “Ulduz”, “Şirbalanın məhəbbəti” filmlərində yaratdığı obrazlar tamaşaçıların yaddaşındadır”.
   Musiqili Komediya Teatrının aktyoru Novruz Qartal isə Əzizağa Qasımovla 1968-ci ildə tanış olduqlarını dedi: “Onu digər sənətkarlardan tamamilə fərqləndirən cəhəti öz aləmində yaşaması idi. Gözəl lirik bariton səsi var idi. “Bəxtiyar” filmində “Üç dost” mahnısının ifaçılarından biri də o idi. Dillər əzbəri olan həmin mahnının ifaçıları ölməz Rəşid Behbudov, Mobil Əhmədov və Əzizağa olmuşdur. Mülayim xasiyyətli, söz-söhbətdən uzaq insan idi. Bir-birimizin xətrini çox istəyirdik. Bir dəfə mənim də rol aldığım Əliağa Kürçaylı və Vasif Adıgözəlovun “Nənənin şahlıq quşu” tamaşası oynanılırdı. Tamaşada Nəsibə Zeynalova, İmamverdi Bağırov, Hacıbaba Bağırov, Səyavuş Aslan və digərləri rol almışdılar. Böyük bir aktyor ansamblı yığılmışdı. Əzizağa Qasımov idarə direktoru rolunda çıxış edirdi. Tamaşanın üçüncü premyerası günü Mərkəzi Komitədən tamaşaya baxmağa gəlmişdilər. Tamaşanın başlamasına çox az vaxt qalmış Əzizağa müəllim zəng vurdu ki, gələ bilməyəcək. Aləm qarışdı bir-birinə. O vaxt tanınmış bəstəkarımız Süleyman Ələsgərov da bizim teatrda işləyirdi. Süleyman müəllim dedi ki, tamaşanın rejissor assistenti sözləri əzbər bilir qoy Əzizağanı o əvəz etsin. Rejissor assistenti də mən idim. Belə də oldu. Hazırlıqsız, tələsik səhnəyə çıxmalı oldum. Həmin günü xoş xatirə kimi xatırlayıram. Bu hadisədən sonra Əzizağa deyərdi ki, daha dublyorum var və tamaşalara gəlməyəndə nigaran qalmıram.
   O vaxt dublyaja hər aktyoru qəbul etmirdilər. Ən dəyərli dublyaj aktyorlarımızdan biri də Əzizağa idi. Teatrda, kinoda bir-birindən maraqlı, yaddaqalan rollar yaradıb. “Həyətim mənim - həyatım mənim”də Məmmədəli, “Ulduz” filmində Əliş kişi, “Gözün aydın”da Fikrət və s. Ampluası böyük olan aktyor idi. Həm yumoru var idi, həm də ciddi rolların öhdəsindən bacarıqla gəlirdi. Tamaşaçını özünə cəlb edə bilirdi. Həmin dövrdə may-iyul aylarında rayonlara qastrol səfərlərinə çıxardıq. İki qrupa bölünürdük. Lütfəli Abdullayev və Nəsibə xanımın qrupu. Səyavuş Aslan, Əzizağa, Şəfiqə Qasımova Lütfəli müəllimin, Hacıbaba, mən, Lütfiyyə xanım və digər aktyorlarımız isə Nəsibə xanımın qrupuna daxil idik. Qastrolun son günü qruplar birləşər, gülüş gecəsi təşkil edərdik. Həmin qastrollar zamanı Əzizağa ilə bağlı yaddaqalan o qədər gözəl xatirələrimiz var ki. Şux insan idi. Çox təəssüf olsun ki, kinomuz ondan az istifadə etdi”.
   Bir sənətkarımızı da beləcə xoş xatirələrlə yada saldıq. Qəbri nurla dolsun. Yaddaşlarda yaşayan sənətkarlar əbədi olaraq sənətdədirlər.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar