Kəlbəcərin işğalından 20 il ötdü
   
   Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20 ili tamam oldu. İşğalçı ordunun 1993-cü il martın 27-də başlanan hücumu bir həftə sonra Kəlbəcərin süqutu ilə nəticələndi, 60 minə yaxın insan yurd-yuvasından didərgin düşdü, 130 yaşayış məntəqəsi (Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, 128 kənd) talan edildi. Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal olunan ikinci rayonu (1992-ci ilin mayında zəbt edilən Laçından sonra), Ermənistanla sərhəddə mühüm strateji bölgə idi.
   Azərbaycanın qərbində kiçik Qafqazın ətəklərində, dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində yerləşən Kəlbəcərin adının mənası «yüksək yer», «uca aşırım» deməkdir. Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilmişdi. Ərazisi 1936 kvadratkilometrdir.
   Bu dağlar diyarı zəngin tarixi-mədəni irsi, təbii sərvətləri, mineral çeşmələri ilə məşhur idi. Rayonda dünya şöhrətli müalicəvi turizm mərkəzi - İstisu kurortu yerləşirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
   Rayonun \"Qaragöl\", \"Zalxa\" gölləri sahillərində, \"Ayıçınqıl\" və \"Pəriçınqıl\" dağlarındakı qayaüstü təsvirlər bu diyarın qədim yaşayış məskəni olduğunu sübut edir. 1976-cı ildə qayaüstü təsvirlərin yerləşdiyi ərazidə aparılan qazıntılar zamanı e.ə. III minilliyə aid qədim yaşayış məskəninin qalıqları aşkarlanmışdı.
   Kəlbəcər qədim tarixi abidələri, o cümlədən alban məbədləri ilə tanınırdı. Onlardan ən böyüyü Vəng kəndi ərazisindəki Xudavəng məbəd kompleksidir. Abidə VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib. Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı tarixi abidələr kimi qeydə alınmışdı. Rayondakı tarix-diyarşünaslıq muzeyinin zəngin fondu vardı. 20 il əvvəl işğal altında qalan bu tarixi-mədəni sərvət dağıdılaraq talan edilib.