Azərbaycan
   
   5 aprel 1909 - Bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Musiqi mədəniyyəti tariximizdə bir sıra yeni janrların yaradıcısı, simfonik, kamera-vokal və instrumental əsərlərin müəllifidir. Teatr tamaşalarına musiqi bəstələyib, "Uşaq süitası" ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
   5 aprel 1938 - Moskvada Azərbaycan incəsənəti dekadası (5-14 aprel) başlanıb.
   5 aprel 1940 - Şair, nasir, filologiya elmləri doktoru Arif Əbdürrəhman oğlu Abdullazadə (1940 - 31.5.2002) Şəkidə anadan olub. Kitabları: “Bir ovuc torpaq”, “Duyum” (roman), “Bəxtimizin kitabı” (şeirlər).
   5 aprel 1945 - Tanınmış bəstəkar, professor Oqtay Məmmədağa oğlu Rəcəbov anadan olub. “Göyçək Fatma", “Xeyir və Şər” uşaq operaları, simfoniyalar, "Əlin cibində olsun" musiqili komediyası və s. əsərlərin müəllifidir. Bədii filmlərə ("Ağ atlı oğlan", “Tərsinə çevrilmiş dünya”) musiqi yazıb.
   
   6 aprel 1717 - Böyük şair Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir. Qarabağ xanlığında İbrahimxəlil xanın vəziri olub.
   6 aprel 1939 - Kinorejissor, Xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov anadan olub. “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib.
   
   7 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Müxtəlif mənbələrdə ədibin doğum günü kimi 1, 2, 5 və 11 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.
   7 aprel 1906 - Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
   7 aprel 1930 - Tanınmış jurnalist Azad Şərif (1930 - 24.12.2009) anadan olub. “Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olub.
   7 aprel 1959 - Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev anadan olub. 1988-ci ildə işıq üzü görən “Mavi mələklər” adlı ilk romanı yazıçıya şöhrət gətirib. Sonralar detektiv janrında digər əsərləri ilə dünya miqyasında tanınıb. 160-dək roman və povestin, 50-dək ssenarinin, hekayələrin, çoxsaylı publisistik məqalələrin müəllifidir. Əsərləri 30-dək dildə (ümumi tirajı 26 milyondan çox) nəşr olunub.
   
   8 aprel 2000 - Bakıda böyük türk (oğuz) eposu "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi münasibətilə türkdilli ölkələrin dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib.
   
   Dünya
   
   5 aprel 1588 - İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes, 1588-1679) anadan olub. Əsərləri: “Fəlsəfənin əsasları” (trilogiya), “Leviafan, yaxud kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti”.
   5 aprel 1820 - Fransız fotoqrafı, karikaturaçı rəssam Feliks Nadar (Gaspard-Felix Tournachon Nadar; 1820-1910) anadan olub. Fotojurnalizmin banisidir.
   5 aprel 1900 - Amerika aktyoru Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub. “Cəsur kapitanlar” (1937) və “Oğlanlar şəhəri” (1938) filmlərində rollarına görə iki il dalbadal “Oskar” mükafatı alıb.
   5 aprel 1902 - Yunan-rumın (aromun) əsilli məşhur Avstriya musiqiçisi, dirijor Herbert fon Karayan (Karayannis; 1902-1989) Zalsburqda anadan olub. 35 il Berlin filarmonik orkestrinə rəhbərlik edib.
   5 aprel 1945 - Məşhur türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub.
   
   6 aprel 1520 - Böyük italyan rəssamı, qrafik, memar Rafael (Raffaello Santi, 28.3. 1483-1520) vəfat edib. Məşhur əsərləri: “Sistin madonnası” (“Madonna Sistina”), “Afina məktəbi” və s. Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.
   6 aprel 1773 - İngilis filosofu və tarixçisi Ceyms Mill (James Mill; 1773-1836) anadan olub.
   6 aprel 1812 - Rus yazıçısı, filosof, publisist Aleksandr İvanoviç Gersen (1812, Moskva - 1870, Paris) anadan olub. 1847-ci ildən Avropada mühacirətdə yaşayıb. Əsərləri: “Olmuşlar və düçüncələr”, “Oğru sağsağan”, “Kimdir günahkar”, “Doktor Krupov”.
   6 aprel 1826 - Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau, 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.
   6 aprel 1942 - Amerika rejissoru və ssenaristi Barri (Barry) Levinson anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı, 1989), “İfşa”, “Quldurlar” və s.

    7 aprel 1772 - Fransız filosofu, utopik sosializmin banilərindən biri Fransua Mari Şarl Furye (François Marie Charles Fourier; 1772-1837) anadan olub.
   7 aprel 1883 - İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.
   7 aprel 1889 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral - əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.
   7 aprel 1920 - Hind bəstəkarı Ravi Şankar (1920-11.12.2012) anadan olub. Sitar simli musiqi alətində virtuoz ifaçı kimi tanınıb.
   7 aprel 1939 - Amerika kinorejissoru, ssenarist Frensis Ford Koppola (Francis Ford Coppola) anadan olub. "Xaç atası", "Xaç atası-2" filmləri “Oskar” mükafatına layiq görülüb.
   7 aprel 1954 - Amerika və Çin (Honqkonq) aktyoru, rejissor, prodüser Ceki Çan (Jackie Chan - əsl adı Çan Kon San) anadan olub. Filmləri: “Bronksda haqq-hesab”, ”Şanxayda günorta”, “Qadağan olunmuş krallıq” və s.
   7 aprel 1964 - Məşhur Hollivud aktyoru Rassel Krou (Russell Crowe) Yeni Zelandiyada anadan olub. Filmləri: “Qladiator” (Maksimus, “Oskar”, 2001), “Dənizlərin sahibi”, “İdrakın oyunları”, “Robin Qud” və s.
   
   8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
   8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub. Əsərləri: “Avropa elmlərinin böhranı və transendental fenomenologiya”, “Məntiqi tədqiqatlar”.
   8 aprel 1973 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10. 1881 - 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
   
   Hazırladı: Vüqar Orxan