Mən siyasət adamı deyiləm, lakin tarixi şəxsiyyətlərin, görkəmli dövlət xadimlərinin həyatı ilə yaxından maraqlanmış, onları öyrənməyə çalışmışam. Şah İsmayıl Xətai, Atatürk kimi tarixi şəxsiyyətlərin həyatı ilə bağlı çoxlu ədəbiyyatlar oxumuşam. XX əsrdə Azərbaycanın yetirdiyi nadir tarixi şəxsiyyətlərdən biri də ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir.
   
   Heydər Əliyev fenomen bir şəxsiyyət idi. Bütün mənalı həyatını xalqına həsr etmişdi. Xalqının ən ağır vaxtında köməyə gəlmiş, onu bəlalardan xilas etmiş, Azərbaycanı bütün dünyaya tanıtdırmışdı.
   Tale elə gətirib ki, mən bu dahi şəxsiyyəti 1972, 1974, 1978, 1980, 1994-cü illərdə Beyləqan rayonuna etdiyi səfərlərdə görmüş, 1981-ci ildə sahə həkimlərinin I qurultayında etdiyi çıxışı, həkimlik sənətinə verdiyi qiymətli məsləhətləri dinləmişəm.
   Sahə həkimlərinin birinci qurultayında mənim də çıxışım vardı. Mən çıxışımı bitirib bircə anlığa tribunada dayandım. Heydər Əliyev səhiyyə naziri Tələt Qasımova müraciət etdi: “Jdanov (o vaxt Beyləqan rayonu belə adlanırdı - Ə.M.) rayonunda əhali ağır kənd təsərrüfatı işləri ilə məşğul olur. Onların sağlamlığına diqqəti artırmaq lazımdır”.
   Yığıncaqdan sonra nazir məni qəbul edib lazım olan bütün problemlərin həll olunmasına kömək etdi.
   Elə həmin ilin dekabr ayında Kiyev şəhərində dünya cərrahlarının konqresi keçirildi. Mən də Azərbaycan nümayəndə heyətinin tərkibində konqresin işində iştirak edirdim. Kiyevdə eyni zamanda SSRİ kənd təsərrüfatı işçilərinin ümumittifaq tədbiri keçirildi. Səhər saat 9 olardı. Bu vaxt Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi bir neçə hökumət adamı ilə konqres keçirilən binaya daxil oldu. Onların arasında Heydər Əliyev də var idi. O, öz görkəmi ilə hamıdan seçilirdi. Foyedən keçərkən 5 nəfər nümayəndə heyəti ilə Heydər Əliyevə yaxınlaşdıq. Onunla görüşüb söhbət etdik. Onun güclü yaddaşının olduğunu bilirdim. Mənə diqqətlə baxıb: - “Sən də tədbirdə iştirak edirsən?” - deyə soruşdu. “Bəli” - deyə cavab verdim. Uzaq bir rayonda işləyən həkimin beynəlxalq konqresdə iştirak etməsinə çox sevindi. Mən ona məruzə ilə çıxış edəcəyimi bildirdim. O, mənə uğurlar arzuladı. Heydər Əliyev bizimlə görüşüb söhbət edəndən sonra Azərbaycandan olan nümayəndə heyətinə diqqət və qayğı dəyişdi. «Moskva» mehmanxanasında qalırdıq. Bizi təcili «Ukrayna» mehmanxanasında yerləşdirdilər və xüsusi xidmət maşını ayrıldı. Bu, Heydər Əliyevə olan böyük hörmət idi.
   Heydər Əliyev elə bir şəxsiyyət idi ki, daim yenilik axtarırdı. Onun bugünkü iş qrafiki dünənkinə bənzəmirdi. O, öz sadəliyi və insanlara olan məhəbbəti ilə hamıdan fərqlənirdi. Onun elm, incəsənət, ədəbiyyat, sənət adamlarına olan qayğısı əvəzedilməzdir. Hətta xəstəxanada müalicə olunan insanlara baş çəkməsi, onlara qayğı göstərməsi hafizələrdə əbədi qalacaq.
   Bütün bunlar məni Heydər Əliyev şəxsiyyəti haqqında söz deməyə məcbur edir. Azərbaycan xalqı xoşbəxt və bəxtəvər bir xalqdır ki, onun belə əvəzedilməz lideri olmuşdur. Onda olan enerji, işgörmə qabiliyyəti kimdə ola bilərdi? Bu, Allah vergisi idi. Heydər Əliyev heç bir mətnə baxmadan xronoloji ardıcıllıqla, ana dilində gözəl, yaradıcı şəkildə saatlarla danışır, auditoriyanı heyran edirdi. Onun çıxışını oxuyanda belə qənaətə gəlirdin ki, bu, ən mürəkkəb kompyuterdən çıxmışdır. Özüm-özümə belə bir sual verirəm, görəsən, dünyada ikinci belə bir şəxs ola bilərmi? Hər birimiz dünyanın qabaqcıl ölkələrinin başçılarının çıxışlarına diqqətlə qulaq asmışıq. Heydər Əliyev həqiqətən fenomen idi. O, mahir tərcüməyə belə irad tuta bilirdi. Bu qeyri-adi istedaddır. Onun xalqı üçün, bütövlükdə dünya sivilizasiyası üçün gördüyü qlobal əhəmiyyətli işi kim görə bilərdi?
   İnsanlara qiymət vermək, ona hörmət etmək Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən gəlirdi. Şair Söhrab Tahir “Yaxşılıq” şeirində yazır:
   
   Mən rəhbərdən çox yaxşılıq görmüşəm,
   Verdiyindən hamıya pay vermişəm.
   Yaxşılıqdan qızıl saray hörmüşəm,
   Qal baxtımın sarayında, yaxşılıq,
   O tayımda, bu tayımda yaxşılıq.
   
   Yaxşılıq etmək Heydər Əliyevin amalı idi. O, dözümlü idi. Həyatın bütün çətinliklərini görüb, ona dözüb, ancaq əyilməmişdi, sınmamışdı, hər bir çətinliklərdən qalib çıxmışdı. Özü də mərdliklə.
   Dünyanın bütün ölkələrində yaşayan, yaradan elm adamları, ölkə başçıları, siyasi xadimlər Heydər Əliyev haqqında heyrətamiz fikirlər söyləmişlər. Ukrayna Respublikasının sabiq Prezidenti Leonid Kuçma yazırdı: «Bu gün dünya siyasəti Heydər Əliyev kimi siyasətçinin aclığını çəkir”.
   Bu gün onun haqqında saysız-hesabsız kitablar yazılır, nəşr edilir. O, şair-filosof, alim, ensiklopedik biliyə malik şəxsiyyət, gözəl dilçi idi. Azərbaycan dilinin incəliklərini yaxşı bilirdi və onu bütün dünyada təbliğ edirdi. Azərbaycanlıların hansı ölkədə yaşamasından asılı olmayaraq ana dilini unutmamağı tövsiyə edirdi. Bax, budur onun böyüklüyü!
   Heydər Əliyev bütün dünya ölkələrinin tarixini, coğrafiyasını, adət-ənənələrini yaxşı bilirdi. Hamı onun siyasi çıxışlarına diqqətlə qulaq asıb. O, Nizamidən nizamişünas, Füzulidən füzulişünas kimi danışırdı. Hər bir yazıb-yaradanı elə təsvir edirdi ki, elə bil o sahənin mütəxəssisi idi. «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyində bu dastan haqqında o qədər səlis danışdı ki, qorqudşünas alimləri kölgədə qoydu.
   O, müəllimlə danışanda müəllim, həkimlə danışanda həkim, bəstəkarla danışanda bəstəkar, rəssamla danışanda rəssam olurdu.
   Xalq şairi Zəlimxan Yaqub yazır: «Müasir dövrdə siyasət meydanında nə qədər görkəmli şəxsiyyət varsa, onların hamısı Heydər Əliyev haqqında çox qiymətli fikirlər deyiblər. Həmin fikirlər kitablarda, tarixi sənədlərdə əks olunub».
   Həqiqətən belədir. Dünyanın bütün dövlətlərinin başçıları, siyasət adamları, görkəmli şəxsiyyətlər, ziyalılar Heydər Əliyev şəxsiyyəti ilə tanış olmaq arzusunda olmuşlar.
   Mən fikrimi Heydər Əliyevin öz sözləri ilə bitirmək istəyirəm: “Mən həyatda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də xalqıma”.
   
   Əyyub Məmmədov,
   tibb elmləri üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar həkimi, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
   
   Yazı Bakı Dövlət Universitetinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirdiyi “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” adlı müsabiqəyə təqdim olunur.