Azərbaycan
   
   12 aprel 1866 - Teatr və maarif xadimi Əbülqasım Sultanov (12.04.1866-1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsr şairlərinin əsərləri) tərtib edib.
   12 aprel 1889 - Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Mövsüm ağa Seyid İbrahim oğlu; 1889 - 1.10.1965) Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonu) anadan olub. 1920-ci illərdə Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
   12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 - 5.10.1982) anadan olub. Dastan və nağıllarımızın toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
   12 aprel 1912 - Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912-3.12.1996) anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır, ömrünün sonunadək burada çalışıb. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.
   
   13 aprel 1917 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərin quruluşçu operatorudur.
   13 aprel 1929 - Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929-2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   13 aprel 1946 - Rejissor, Xalq artisti Ramiz Həsənoğlu (Mirzəyev) İrəvan şəhərində doğulub. "Ötən ilin son gecəsi", "Qatarda", "Topal Teymur", "Günahsız Abdulla", "Ordan-burdan", "Ac həriflər", “Nigarançılıq” və s. teletamaşalara, "Cavid ömrü", “Sübhün səfiri” filmlərinə quruluş verib.
   13 aprel 1937 - Əməkdar jurnalist, yazıçı-publisist Osman Mirzə Hüseyn oğlu Mirzəyev (1937-20.11.1991) anadan olub. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl" kitablarının müəllifidir.
   
   14 aprel 1870 - Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870-19.3.1925) Tiflisdə anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxana təşkil edib. "Nadanlıq", "Nadir şah", “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri (1920-1922), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri (1922-1925) olub.
   14 aprel 1907 - Xalq artisti Fatma Qədir qızı Qədri (1907-29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
   14 aprel 1952 - Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952-20.11.1991) Qazax rayonunda doğulub.
   
   15 aprel 1892 - Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892-19.2.1983) anadan olub.
   15 aprel 1905 - Memar Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin və s. tikililərin layihələşdirilməsində iştirak edib.
   15 aprel 1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.
   15 aprel 1912 - Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-14.9.1990) anadan olub.
   15 aprel 1928 - Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.
   
   Dünya
   
   12 aprel 1823 - Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Öz adamlarımızdır - anlaşarıq”, “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir.
   12 aprel 1933 - Məşhur ispan opera müğənnisi (soprano) Montserrat Kabalye (Caballe) anadan olub.
   
   13 aprel 1906 - İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. “Qodonun intizarında”, “Oyunun sonu”, “Xoşbəxt günlər” pyeslərinin, “Molloy”, “Malon ölür”, “Adsız” romanlarının müəllifidir. Absurd teatrın yaradıcılarındandır.
   13 aprel 1939 - İrland şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1995) laureatı Şeymas Hini (Seamus Justin Heaney) anadan olub.
   
   14 aprel 1889 - İngilis tarixçisi və sosioloqu Arnold Cozef Toynbi (Arnold Joseph Toynbee, 1889-1975) anadan olub. Sivilizasiyaların tarixindən bəhs edən “Tarixin dərk olunması” adlı 12 cildlik əsərin müəllifidir.
   14 aprel 1925 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” filmlərində çəkilib.
   14 aprel 1930 - Rus şairi Vladimir Mayakovski (19.7.1893, Kutaisi - 1930) intihar edib. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı”. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s.
   
   15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 1452 - 2.5.1519) Florensiyada doğulub. Məşhur rəsm əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.
   15 aprel 1489 - Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489-7.2.1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Selimiye camisi, körpülər və s. tikililərin müəllifidir.
   15 aprel 1933 - Rus yazıçısı Boris Natanoviç Struqatski (1933-2012) anadan olub. Qardaşı Arkadi Struqatski (1925-1991) ilə fantastik əsərlərin müəllifidir: “Allah olmaq çətindir”, “Bazar ertəsi şənbə günü başlayır”, “Axsaq tale” və s.
   15 aprel 1949 - Rus estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova anadan olub. İfa etdiyi mahnılar 100-dən çox plastinka və diskdə 250 milyon tirajla yayılıb.
   15 aprel 1949 - Türk aktyoru Kadir İnanır anadan olub. Filmləri: “Tatar Ramazan”, “İllərin qisası”, “Bir udum sevgi” və s.
   
   Hazırladı: Vüqar Orxan