Xalqımızın şöhrəti ölkələr dolaşan çox görkəmli övladları olsa da, onların bəziləri haqqında o qədər də məlumatlı deyilik. Belə şəxsiyyətlərdən biri vaxtilə Hindistanda Babur imperatorluğunun baş vəziri olmuş Mirzə Qiyas bəydir. Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun araşdırmasında onun maraqlı həyat tarixçəsi haqqında dəyərli məlumatlar var.
   
   ...Fərqanə hökmdarı Ömər Şeyx Mirzə vəfat etdikdən sonra övladları arasında taxt-tac uğrunda müharibə başlayır. Bu mübarizədə məğlub olan Zahirəddin Məhəmməd Babur əmri altında olan bəylərlə birlikdə vətəni tərk edir (1504) və Kabilə köçür. 1519-cu ildə Pəncap bölgəsini ələ keçirir, 1524-cü ildə isə Dehli sultanı ilə döyüşdən qalib çıxır, Lahor əyalətini də nəzarəti altına alır. Dehlidən sonra Aqranı fəth edən Babur buranı özünə paytaxt seçir və beləliklə, Babur imperatorluğunun (Böyük Moğollar imperiyasının) əsasını qoyur.
   Zəhirəddin Məhəmməd Babur şah 1530-cu ildə dünyasını dəyişdikdən sonra oğlu Humay (1530-1556) dövlətin başına keçsə də, hakimiyyətinin ilk illərindəcə qardaşları və yaxın qohumları tərəfindən təqibə məruz qalır. Vəziyyət gərginləşir, müharibə qaçılmaz olur. Məğlub olacağını görən Humay yardım üçün Səfəvi şahı I Təhmasibə müraciət edir. Məhz onun hərbi yardımı sayəsində rəqibləri üzərində qələbə çalır və bu yolla hakimiyyətini möhkəmləndirir. Səfəvi şahının bu yaxşılığını unutmayan Humay göstəriş verir ki, İrandan Hindistana gələn əyan və tacirlərə hörmətlə yanaşılsın. Öləndə də vəsiyyət edir ki, gələcəkdə övladları da, bu yaxşılığı unutmasınlar.
   Vaxt keçir, zaman ötür, Təhmasib şah dünyasını dəyişir. Onun da övladları arasında inciklik yaranır, hakimiyyət uğrunda mübarizə başlayır. Hökumətdə ziddiyyətlər, çəkişmələr hökm sürür, vaxtlı-vaxtında məvaciblərini ala bilməyən məmurlar bir-bir saraydan uzaqlaşırlar. Bu məmurlar arasında Mirzə Qiyas adlı bir bəy də olur. O, tələm-tələsik yır-yığış edir, hazırlığını görüb Hindistana yollanır, gəlib Qəndəhara çıxır. Burada onun dördüncü övladı - qızı dünyaya gəlir. Adını Mehrənnisə bəyim qoyurlar...
   Mirzə Qiyas bəy Səfəvilər xanədanlığından olduğu üçün şəhərdə hörmətlə qarşılanır. O belə bir imkandan yararlanmağa çalışaraq sarayda iş tapmaq üçün yollar arayır. Bu vaxt Hindistanın hökmdarı atasının vəsiyyətini hələ də xatırlayan Əkbər şah idi. Ona Qiyas bəy haqqında məlumat veriləndə etiraz etmir, onu sarayda işə götürür. Tale Qiyas bəyin üzünə gülür, savadlı və bacarıqlı olduğundan vəzifə pilləkənlərində sürətlə irəliləyir, “Etimadəddövlə” ləqəbi qazanaraq sarayın baş vəziri olur. Məhz bundan sonra Azərbaycanın müxtəlif şəhərlərindən Mirzə Qiyas bəy işığına - Aqraya onun xeyli həmvətəni toplaşır.
   O, vəzir olmaqla bərabər, xalq arasında həm də xeyirxah bir insan kimi tanınır. Övladları da böyüyür. Kiçik qızı Mehrənnisə bəyim də həddi-büluğa çatır, gözəlliyi göz qamaşdırır. Vəliəhd Cahangir Mirzə onu görüb aşiq olur. Lakin atası gizlicə buna etiraz edir. Mehrənnisə sarayın hörmətli adamlarından birinə nişanlanır. Cahangir Mirzə bunu çox sonra bilir və ürəyində atasından küsür.
   1605-ci ildə Əkbər şah vəfat edir, Cahangir Mirzə Böyük Moğollar imperiyasının sultanı olur. 1607-ci ildə Mehrənnisə bəyimin əri vəfat edir və 1611-ci ildə sultan onunla ailə qurur. Sultanın iyirminci, amma ən sevimli xanımı olan Mehrənnisə bir müddət sonra “Nurcahan” ləqəbi alır. Sultandan bir oğlu dünyaya gəlir. Adını Şahcahan qoyurlar, həm də vəliəhd seçilir. Mirzə Qiyas bəy özünü dünyanın ən xoşbəxt insanı sayır. Oğlu Asəf xan ölkənin ən hörmətli şəxslərindən birinə çevrilir.
   Əbdülhəsən Asəf xanın ailəsində iki övlad dünyaya gəlir. Biri Şayəstə xan, digəri Ərcümənd banu (Mümtaz Mahal banu). Ailənin xoşbəxtliyi Mümtaz Mahalın dünyaya gəlişi ilə yerə-göyə sığmır. Sultan Şahcahan bu qızla ailə qurur...
   Mirzə Qiyas bəy 1622-ci ildə Aqra şəhərində vəfat edir. Qəbrinin üstündə böyük məqbərə ucaldılır. Sultan Şahcahan saray əyanları ilə hər cümə axşamı Mirzə Qiyas bəy türbəsinə baş çəkir. Sonralar bu ənənə ümumxalq ziyarətinə çevrilir.
   Lakin bir müddət sonra Tac Mahalın - Mirzə Qiyas bəyin həyatdan vaxtsız gedən (1631) nəvəsi Mümtaz Mahal banunun xatirəsinə ucaldılan möhtəşəm məqbərənin şöhrəti xalqın ziyarət məkanını dəyişir...
   
   Savalan Fərəcov