Üç böyük qardaşdan böyüyü - Zülfüqar bəy Hacıbəyli
   
   Ömrünün son anına qədər bəylik salğarını qoruyub, ətrafına alicənablıq ab-havası dalğalandıran Zülfüqar bəy...
   Üzeyir, Ceyhun və Niyazi kimi ustadların ilkin-əzəl ustadı - Zülfüqar qardaş, Zülfüqar ata, Zülfüqar vətəndaş...
   Sözün hər iki mənasında böyük Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli!..
   
   Deməli, korifeylər yönətməni
   
   Onun haqqında düşünərkən, çox fikir-xəyaldan sonra, “Görəsən, o olmasaydı da Üzeyir, Ceyhun, Niyazi artıq bizə tanış zirvələrə çıxa biləcəkdilərmi?” sualı da notlanır.
   Üzeyirlə Ceyhun Bakıya gəlib böyüyənə (sözün hər iki mənasında) qədər Şuşada “Əbdülhüseyn kişinin övladları” kimliyilə bərabər, özlərindən bir-iki bayram böyük “Zülfüqarın qardaşları” kimi də tanınır, ağırlanıb-uğurlanırmışlar. Sonralar dünyanın ən ünlü konsert-tamaşa salonlarında öz incə sənət çubuğu ilə mədəniyyət “hərbə-hədə”ləri edəsi, “imperator-maestro” olası Niyazi balası isə hələ genefondumuzun növbəti korifeylik iddialı hamiləliyində, yaradacağı “dahilər üçbucağı”nın “iki yazaq, bir yadda”sında idi...
   1884-cü il aprelin 17-də Şuşada - təbii konservatoriya-şəhərdə anadan olmuş Zülfüqarın Üzeyir və Ceyhunun sənət və şəxsiyyət görüşlərinin, milli-mənəvi baxışlarının formalaşmasında oynadığı “böyük qardaş” rolu haqda sənədlər, söhbətlər, xatiratlar çoxdur. Xüsusən də onun öz publisistik yazıları, xatirə-qeydləri bəhs edir bu barədə. O sənədlər, söhbətlər, elmi-populyar yazılar belə bir ümumi rəy də doğurur ki, Zülfüqar bəy Hacıbəyli professional musiqimizin banisi Ü.Hacıbəyli, böyük bəstəkar və dirijor M.Maqomayev, əfsanəvi səhnə ustaları H.Sarabski, H.Ərəblinski kimi sənət nəhəngləri, milli mədəniyyət fədailəri sırasında məxsusi yer tutur.
   
   Düşüncələri, əsərləri...
   
   Hələ uşaqkən öz ailəsi və Şuşanın mədəni mühiti tərəfindən ona aşılanmış sənət-sehr duyğuları Zülfüqarda özünü musiqiyə həsr etmək istəyi yaratmışdı. Eşitdiyi el nəğmələri, xalq mahnıları onun özüylə bərabər böyüyür, sənət əsərlərinə çevrilirdi. Bəzən də not yaradıcılığına ara verib, düşüncələrini mətbu yazılarla bəyan edirdi. Məsələn, fərdi zövqlə ictimai-milli zövq arasındakı ziddiyyət Zülfüqar Hacıbəyli qələmində belə şərh olunurdu: “1908-ci ildən bəri - yəni “Leyli və Məcnun” adlı ilk Azərbaycan operasının meydana çıxmasından başlayaraq xalqımız ümumən Yaxın Şərq üçün yeni olan bu sənət «dilinə» də yiyələnir, tamaşalarda fəal iştirak edir. Əlbəttə, bu yeni zövqə qarşı xalqda antipatiya yaratmaq heç də yaxşı, inkişaflı gələcək vəd etmir. Bunları yazmağa məni vadar edən odur ki, ilk Azərbaycan operası səhnəyə qoyularkən Nikolay istibdadı dövründə bəslənmiş, böyümüş, tərbiyələnmiş, milli hissini unutmuş bəzi Azərbaycan ziyalıları bu cür yenilik başlanğıcına təhqiranə nəzər ilə baxmağa bünövrə qoydular...”
   Dərin milli düşüncə sahibi olan Zülfüqar Hacıbəyli həmin dırnaqarası ziyalıların nihilist fikirlərindən çəkinməyərək, bir-birinin ardınca maraqlı operettalar, opera, digər janrlı əsərlər, kompozisiyalar yaradır. Özündən kiçik qardaşı Üzeyir bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi dahiyanə operettaları ilə birgə Azərbaycan tamaşaçısı Zülfüqar bəyin “Evliykən subay”, “Məşədi Xudu”, “Əlli yaşında cavan”, “On bir yaşlı arvad ” və başqa operettalarını da çox maraqla qarşılayır, alqışlayırdı. “Kəndçi qızı”, “Əsgər nəğməsi”, “Çoban qızı” və s. mahnıları dövrün dillər əzbəri idi. Bu əsərlər də Azərbaycan professional bəstəkar yaradıcılığının ilk nümunələri sırasında idi. Bir vaxtlar müasirləri, sonralar musiqişünaslar onun yarımçıq qalmış operalarından (“Üç aşiq və Məlikməmməd”, “Nüşabə”) da maraqlı (və yanıqlı) söhbətlər edirdilər.
   Zülfüqar Hacıbəyli yaradıcılığının əhəmiyyəti həm də qədim Azərbaycan musiqi ənənələrinin yenilənmə, zənginləşmə və inkişafı prosesini sürətləndirməsində idi. Onun fortepiano ilə simfonik orkestr üçün yazdığı “Azərbaycan qadınının rəqsi” (əsl adı: “Kölə qadınların rəqsi”), bəstəkar Zakir Bağırovla birgə işlədiyi “Kantata” uzun illər ictimai zövq meyarı kimi səsləndirilib və dinlənilib.
   Zülfüqar Hacıbəylinin adı ilk Azərbaycan operasından 7 il sonra - 1915-ci ildə yazdığı “Aşıq Qərib”lə mədəniyyət tariximizə gözəl bir opera müəllifi kimi də düşüb. Bütün bunlar - bu təvazökar, məhsuldar, vətənpərvər bəstəkarımızın mədəniyyət aləmindəki xidmətləri, gec və az da olsa, qiymətləndirilib; 1943-cü ildə Əməkdar incəsənət xadimi fəxri adı, 1946-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
   
   Xəstəxanada... sağlam söz
   
   “Bu dünyaya tezikdim, o dünyaya gecikdim...”
   “Mənbə”lərin şifahi formatda olanı da olur. Yəni, yuxarıdakı “sitat”ı heç bir mənbə-məxəzdə axtarmamalı. Nədən ki, Zülfüqar Hacıbəyli bu sözləri 1949-cu ildə (xəstəxanada müalicə olunarkən) 19 yaşlı bir şəfqət bacısına deyib, həmin xanım isə bunu (sonralar baş həkim işləyərkən) 1989-cu ildə telemüsahibəmiz zamanı mənə danışıb.
   Z.Hacıbəyli xəstəxanada olduğu günlərdə tez-tez ona baş çəkən (xidməti və hüsn-rəğbəti mənada) o şəfqət bacısı məşhur bəstəkarın maraqlı söhbətlərinə qulaq asar, əsərlərini, mahnılarını çox sevdiyini bildirər, hərdən də Üzeyir bəyin o vaxtlar dillər əzbəri, müharibədən çıxmış könüllərin həzinlik-hərarət məlhəmi olan “Şəfqət bacısı” mahnısını zümzümə edərmiş. Günlərin bir günü də o şəfqət bacısı Üzeyir bəyin daha məşhur, daha populyar olmasıyla ilgili, Zülfüqar bəyə belə bir sual verir: “Ay Zülfüqar əmi, rəhmətlik Üzeyir bəy Sizdən neçə yaş böyük idi ki?” Mətləbi anlayan Zülfüqar Hacıbəyli hələ ili çıxmamış, məzar torpağı bərkiməmiş qardaşının hüznünü yaşasa da, bu gənc qızın xatirinə “incik” bir rola da girib: “Üzeyirin nə həddi vardı, yaşca da məndən böyük olaydı? O məndən düz 17 ay uşaq idi... - Bunu deyib, kədərli bir görkəm alan bəstəkar əlavə edir: - Onunla müqayisədə mən bu dünyaya tezikmişdim, o dünyaya isə... gecikdim!”
   
   Ovqat şəfası...
   
   Bir gün o şəfqət bacısı Üzeyir bəyin kəşməkəşli tale yolu haqda atasının söylədiklərini də Zülfüqar bəyə danışır. “Zəmanə qulaqları” xofundan xısın-xısın danışır. Söyləyir ki: “Zülfüqar əmi, xəbəriniz varmı ki, bir neçə dəfə repressiya qurbanlığından qurtulan Üzeyir bəyi axırıncı dəfə də Məmməd Səid Ordubadi xilas edib?”. Özünü heç nədən xəbərsiz kimi göstərən Zülfüqar bəy: “Necə xilas edib?!” - deyə soruşanda şəfqət bacısı əsl vətəndaş-soydaş fəxarətilə deyir: “Heç nə, Ordubadi yoldaş Bağırova deyib ki, Hacıbəyovu aradan götürsəniz, onda gərək bütün teatrların qapılarından qıfıl asaq. Axı, bütün teatrlarda Hacıbəyovların əsərləri oynanılır!..”
   Bu Hacıbəyovlardan biri də Zülfüqar bəy idi...
   
   Tahir Əhmədalılar