Nəriman Nərimanov - çoxtövrlü dövrdə, indi və gələcəkdə...
   
   1968-ci ilin avqustu. Ucqar bir qəsəbənin (Horadiz) dəmir yol vağzalı. Tikilinin baş divarında - ətrafın tör-töküntülü səliqə-sahmanına nisbətən çox parlaq görünən siyasi ansambl-portretlər və alaqapı üstündəki tənha portret. Və beş-on dəqiqədən sonra qatara minib sərnişin olasılar arasındakı abituriyentlərin cürbəcür (cür-cur, acaq-əcək, yacaq-yəcək) suallarından biri: “Niyə o portretlər “yağ”, bu isə zığ içində?”
   Onların nala-mıxa döyən müxtəlif fikirlərindən sonra söhbətə qoşulan əliçəlikli bir qocanın bir az müəmmalı, çətin anlaşılan cavabı: “Çünki onlar bir-birini əvəz edən növbəti gəldi-gedər təzələrdir, bu kişi isə öz əsərləri, “Bahadır-Sona”sı ilə əbədi qalası “köhnə” təzə”...
   
   Bəli, Nəriman Nəcəf oğlu Nərimanov. Böyük tarixi və ...coğrafi Şəxsiyyət. Tam aydın sənətkar və natamam “qaranlıq” siyasətçi. Təpədən dırnağa nasional və həm də (!) meridianlardan qurşağa internasional. XI Qızıl (?! Bəlkə brilyant?!) Ordu Bakıya soxularkən “Gələn işğalçı ordudur!” deyə hayqıran cümhurçuları “Yox, gələn xilaskar ordudur...” deyə sakitləşdirib, milli-siyasi saqqızımızı oğurlayan (və sonralar V.İ.Leninə “Bakı fəhləsi sovet Rusiyasına bu qədər ucuz qiymətə satdığı neftdən öz çıraqları üçün ala bilmir” kimi yanğılar yaza-yaza) için-için alışıb-yanan. Erməniliyin tarixi xislətini, öz “inqilab çiyindaşı” olan Stepan Şaumyanın o çağlar daha şiddətlə çağlayan rəzalətlərini bütün çılpaqlığı ilə görüb-bilsə də, internasionalizm naminə, aylarla otağına qapılaraq, lətif adlarımızdan ən zərifini onların “axci”lərindən birinə ad edib “Bahadır və Sona”nı qələmə alan...
   
   Bu böyük Kimsə daha kim?..
   
   Öncə deyək ki, yuxarıdakı kimlik, nəlik-nəçilikləri onun çox dramatik keçən həyatını - bütün ömrünü izləyib (və zəhərləyib!); doğum və ölüm ünvanlarından tutmuş, import-inqilabi anlam-qavramlarına, siyasi inanış-aldanışlarına qədər.
   Möhnəti-xiffəti ağrılarla əlavə edək ki, Kərbəlayi Nəcəf adlı həqiqi mömin bir ailədə halal-ümmət tərbiyə almış, 20 yaşında son dərəcə humanitar-elitar bir təhsil ocağını - Qori Müəllimlər Seminariyasını, 28-ində Odessa Universitetinin tibb fakültəsini bitirmiş geniş və milli dünyagörüşlü Nəriman elə gənc yaşlarından xalqın bir qayğıkeş böyük qardaşı, sonralar cəfakeş atası timsalına çevrilsə də, nədənsə (əslində, hamıya özü kimi inandığından), bu missiyanı sovet Rusiyası adlı “böyük qardaş”dan, Lenin-Stalin “ata”lardan gözləməyə başladı. Onun bu yanlış inancı özü üçün qədərsiz zillət və məşəqqətlər, Azərbaycan ictimai fikri üçün ikili standart, müxtəlif rəy və qənaətlər yaratdı.
   Belə qənaətlərdən birini “Nərimanov Zamanı və Zaman Nərimanovu” kimi də formulələşdirmək və aşağıdakı aspektdə davam etmək olar:
   
   Zaman və zamançılar
   
   Nə qədər arzulansa, istənilsə, çalışılsa da, yazılara olduğu kimi gəlməyən (və heç vaxt gəlməyəsi) Zaman və nə qədər arzulasalar, istəsələr, çalışsalar da, onu “münasib-müvafiq arşınlar”a tam uyğunlaşdıra bilməmiş (və heç bir “gələcək”lərdə uyğunlaşdıra bilməyəsi) zamançılar...
   Belə bir zaman da gəlir ki, millətlər daha sürət və kütləviliklə oyanışır, mədəniyyətlər sərhədsizləşməyə, “ictimaiyyətlər pərvəriş-dirçəlişə - ticari meydanlardakı mənzərələrdən daha faidəli, daha qidalı, bəşəri səs-sədalı alış-verişə” (Ə.Qəmküsar) başlayır və bu milli təlatümlər, oyanışlar ayrı-ayrı şəxsiyyətlərin adları ilə hallandırılır. Hər ölkədə (siyasi müdriklərdən birinin formulası ilə desək) “...kütlələri şifrələşdirən 6 sıfırın əvvəlinə keçən ayrı-ayrı 1(lər) milyon(lar) yaradır” və beləliklə də millətlərin ayrıca imzaları yaranır. Milli duyğu-“antena”ları “Yox millətimin xətti bu imzalar içində” (M.Hadi) kimi ictimai mesaj-sifarişlər tutan Azərbaycan oğullarından da bəziləri ictimai tutumlu “1-lər”ə çevrilir, kütlələri öz ətraflarına toplayıb, xəlqi maarif-mədəniyyət, ədəbiyyat, ictimai-siyasi ovqat, xoşbəxt həyat, nəticə etibarilə özgür millət, müstəqil hökumət yaratmaq istəyirdilər. Onlardan bəzisi nəinki Azərbaycan, həm də ümumtürk-müsəlman arealına banilik bəxş edən opera, bütün zövqlərin fəthinə nail olan operettalar yazır, bəzisinin “Molla Nəsrəddin” ərzli qələm-kağız sədası bütün Yaxın Şərqdən gəlir, “siyasilər içrə seçilmiş əşxaslar” qismi isə həmin fərqli fərdlər cəmində ilk Demokratik Cümhuriyyət qurmağa çalışırdılar...
   Onlardan - siyasi ayıqlıq kimi çox vacib bir elementdən kəsiri olmuş ən universalı -
   
   “Qafqaz Lenini”
   
   Əxlaq-əqidədə, əbədi imanda bizim, ötəri inamda başqalarının olmuş Nəriman Nərimanov!
   O bütün ürəyi, qanı, can-ciyərilə bizim idi. Özü də “balaca” mənalı, “çəpər” ərazili bizim yox, Turan və Quran dünyasıyca bizim! Azərbaycan hökumətinin ən səlahiyyətli bir rəhbər vəzifəsində ikən (yəni Türkmənistanda tüğyan edən vəba xəstəliyinin qarşısını almaq üçün istənilən sayda və qədərdə tibb heyəti və ləvazimatı göndərmək imkanı varkən) çantasını əlinə alıb, potensial yoluxma təhlükəsi olan qardaşstana məhz özü gedən bizim!
   O bütün cəsarəti, xarakteri, milli sevgisiylə bizimki idi. Xatırladılası çox işlərindən, cəsarətli akt-addımlarından biri: Üzeyir bəy Hacıbəylini bir kərə daşnak-bolşeviklərin “pantürkist”lik, bir dəfə də cılxa sovet bolşevizminin “anti-sovet” motivli ölüm siyahılarındakı adı üstündən qırmızı karandaşla xətt çəkib, “olmaz!” dərkənarı qoyub.
   N.Nərimanov, belə demək mümkünsə, bu “təcrübə”ləri hələ çarizm dövründə həyata keçirməyə başlamışdı. Harada ki ictimai mənafe-məzmunlu bir problem, ümummilli ağrılı səs-səda qalxardı, Nərimanovun özü və ya nümayəndəsi dərhal orada olardı. Bu səs-sədalardan biri də məktəblərdən gəlir. Belə bir mövzuda ki, siniflərdə ana dilində danışmaq qadağan edildiyindən, türk-müsəlman şagirdlər və müəllimlər çox çətinliklərlə üzləşirlər. Milli vicdanlı müəllimlərdən biri isə “uzağı Sibir, yaxını qəbir!” perspektivilə canını dişinə tutub, “Kaspi” qəzetinə “açıq məktub” yazır. O məktubda belə bir cümlə olur: “Öz dilimizdə bir kəlmə belə danışmaq yasaqdırsa, mən “sobaka laet” tərkibindəki sonuncu ifadəni fağır müsliman balalarına necə izah edim? Hürərək anladım?!” Onsuz da bu barədə çoxdan düşünüb qayğılanan Nərimanov Dumadakı yığıncaqların birində məsələnin çox ciddi qoyulmasını tələb edir. Və elə o yığıncaqdakı “tələb” sözünün Tiflisdə oturan Qafqaz canişininə yazılan məktubda da qeyd olunması üstündə ciddi mübahisə-müzakirələr gedir. Zeynalabdin Tağıyev də daxil, hamı “xahiş edirik” yazılmasını məsləhət görür, Nərimanov isə “Mən öz dilimdə danışmaq üçün kimdənsə xahiş etməliyəm?!” - deyə “tələb edirik” yazılmasında israr edir.
   Amma... bütün ürəyi, cəsarəti, qərar və qənaətlərilə bu dönməzlik fenomeni bolşevizmin ilkin nəzəri “giriş”indəki allı-güllü internasionalizmə, sonralar onun praktik girişindəki qırmızı nümayiş-gərdişlərinə aldanaraq, düşüncələrində beyin “solçu”luğuna meyilləndi. Moskva idarəçiliyinə dəvət edilməsini özünün bir “milli əngəl” olaraq Azərbaycandan uzaqlaşdırılma cəhdi kimi yox, sovet Rusiyasının etnik bərabərlik, “böyük qardaş”lıq jesti kimi qiymətləndirdi. Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenumunda Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə bağlı səsvermə zamanı bu siyasi “dabbaq” qurdlarının gönlərinə bələd oldu və nəhayət, A.P.Çexovun “Qlaflı adam”ındakı (xəcalətdən ölən) məşhur “üzrxah” məmurun tam əksinə olaraq, milli genindəki “düzünəqulu”luğu, xəlqi qüruru, fərdi yenilməzliyi, dönməz xarakteri ucbatından öldürüldü.
   Beləliklə, Nərimanov Zamanı Zaman Nərimanovuna qalib gəldi!
   Onun canlı siyasi varlığı belə bitdi.
   Bu çox böyük siyasi-ictimai xadimimizin, “aldanmış kəvakib” timsallı fədaimizin polit-həyat “xəmir”i hələ çox su (əlbəttə, göz yaşları tərkibli) aparasıdır deyə, keçək -
   
   Ədəbi Nəriman Nərimanovluğa
   
   Qəribədir ki, həyatında (istər-istəməz) baş verən ikililik onun ədəbi yaradıcılığında da az təzahür etməyib. Qüdrətli, məşhur (və məlum) bir şahımızdan bəhs edən “Nadir şah” əsəri oxucuda bir çox fikir-mühakimələrlə yanaşı, bir müəllif və obraz paraleli, oxşarlıq nüansı da oyadır. Nadir şah Əfşara məxsus “həyat və hakimiyyət” tandeminə ikili baxış - başqa bir aspektdə N.Nərimanovda da vardı. O, onu oxutdurub dünyəvi təhsil vermiş Zeynalabdin Tağıyevi, deməli, Tağıyevliyi - milli burjuaziyanı rədd, sonradan “çırağına tökmək üçün” bir litr neft tapmayan proletariatı - deməli, kasıbçılığı müdafiə edirdi.
   Budur, bu bəxti bədimizin siyasi ələmi imkan vermir ki, ədəbi aləminə keçək...
   ...“Bahadır və Sona”, “Qonaqlıq”, “Pir”, “Bahadır və oğlu”, “Şamdan bəy”...
   Bu adlardakı assosiativ duruluq, ifadələrin oyatdığı xəlqi duyğusallıq müəllifin milli-mənəvi düşüncə obrazını da yaratmış olur. O, sülhün, qardaşlığın, millətlər birliyinin tam tərəfdarı, sidq-ürəkdən aşiqi idi. “Bahadır və Sona” romanı da bu istək və arzuların nəticəsi deyilmi? Lakin sonralar, adını “Sona” qoyduğu həmin bədii “axçi”nin “dokumentalnı” qardaşlarının daha nələr etdiklərini görüb çox düşünür və siyasi bəsirət gözü tam açılanda “milli ara”dan götürülüb aparıldığı o qərib, qalmaqallı paytaxtda məzlum Bahadırların əmin-aman sabahları üçün Azərbaycanın oçağkı xalqının bildiyi, bilmədiyi və bəlkə də heç zaman bilməyəcəyi fədakarlıqlar edir, əsasən baş yaramazların, sirr-siyasət dəllallarının mərkəzləşdiyi Komitədə, əxlaq-əqidə və etno-mental tənhalıqda, xüsusən də son dərəcə pak, təmiz insanlığına rəğmən “hərif” kimi qiymətləndirildiyi ironik baxışlar altında ciddi işlər görə-görə, doğma xalqının siyasi olumuna çalışa-çalışa öz ölümünə yaxınlaşırdı.
   
   Belə...
   
   Onun ədəbiliyilə bağlı yarımbaşlıqda da siyasilik... Amma deyim ki, bu da səbəbsiz deyil. Həm ona görə ki, N.Nərimanov zaman-zaman tədris ədəbiyyatımızın əsas subyektlərindən olub və vaxtaşırı nəşr edilmiş əsərləri, külliyyatı kitabxanalarımızda bərqərardır. Bir də ona görə ki, bu xatırlatmaların özü də onun vaxtdan-imkandan nakam ədəbi yaradıcılığına bir işarədir. Onun - uzun illər oxuculardan gizli saxlanan bəzi məktubları və müasirlərinin xısıltı-pıçıltı ilə söylədikləri kontr-“kompromat”ları belə bir mətləb hasil edir ki, bu azman ədib yarı özündən-yarı özgədən azdırıldığı o bic aləmin iç üzü haqda bitib-tükənməyəsi siyasi-publisistik, ədəbi-bədii əsərlər yazmaq əzmi ilə yaşayırmış...
   Əlbəttə, xalqımızın siyasi beyinlərində “gah-gah” notları ilə dəyişən, qalxıb-düşən Nərimanov sənət, ədəbiyyat aləmi insanlarının qəlbində əbədi ədib kimi yaşayacaq. Bunu onun heykəl və abidələri, muzey və adının verildiyi rayon, prospekt, küçə, müəssisə və digər obyektlər də təsdiq edir.
   1870-ci il aprelin 14-də Tiflisdə doğulan bu milli-mübahisəli dahi 1925-ci il martın 19-da Moskvada internasional-mübahisəli persona kimi öl(dürül)dü. Çar Rusiyası dövründə Həştərxana, sovet Rusiyası vaxtında isə o dünyaya sürgün edildi. Çətin vaxtlarda açıq şəkildə “Hümmət” təşkilatının mərkəzi komitəsinin sədri, “Hümmət” qəzetinin baş redaktoru, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri oldu, “dünyanın (bir az) düz vaxtında” isə müəmmalı şəkildə öldü...
   Ömür, yaşam “məcəllə”si baxımından, qəza-qədər sarıdan “öldü” yazmağa “məhkum” olsaq da, belə deməkdə azadıq ki; daha bundan artıq, bundan gözəl, bundan əbədi nə yaşamaq ki?!.
   Yazımızı 45 il öncəyə ekskursla başladıq, 41 il əvvəli xatırlatmaqla bitirək. Nəriman Nərimanovun paytaxtımızın mərkəz-məkanlarının birində ucalan abidəsindən danışıram. Ömrünü yalnız həqiqətə sərf etdiyindən “ikili standart”lara uğrayan bu böyük Şəxsiyyətin abidəsi üçün ümummilli lider Heydər Əliyevin böyük təşəbbüs və çabalarından bəhs etmək istəyirəm. Amma bu, böyük bir yazıya bütöv bir mövzudur...
   
   Tahir Abbaslı