Azərbaycan
   
   16 aprel 1906 - Bakıda "Dəbistan” maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq və s. tanınmış ziyalılar iştirak ediblər.
   16 aprel 1916 - Məşhur bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (1916 - 1.8.1961) anadan olub. Dünyaca məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.
   16 aprel 1934 - Bəstəkar Ramiz Mirişli Naxçıvanda doğulub. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq” və s.), simfonik əsərlər, yüzlərlə mahnı yazıb. 40-dan çox teatr tamaşasına, “Sahilsiz gecə”, “Qəzəlxan” və s. filmlərə musiqi bəstələyib.
   
   17 aprel 1884 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 - 30.9.1950) Şuşada anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operasının, "Əlli yaşında cavan" musiqili komediyasının, digər əsərlərin müəllifidir.
   17 aprel 1899 - Məşhur türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Bakı Universitetində təhsilini yarımçıq qoyaraq Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, Türkiyədə azərbaycan diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.
   17 aprel 1928 - Milli vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928-22.1. 2008) Sabirabad rayonunda doğulub. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
   17 aprel 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)” təsdiq olunub.
   
   18 aprel “Beynəlxalq tarixi yerlər və abidələr günü”dür (The International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib. 
    18 aprel 1873 - Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1873 - 6.9.1945) Şuşada anadan olub. Böyük müğənni Rəşid Behbudovun atasıdır. XX əsrin əvvəllərində Tiflisə köçüb, musiqi məclislərində iştirak edib. Bakıda, Gəncədə Üzeyir Hacıbəylinin operalarında, Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasında çıxış edib. 30-cu illərdə bir müddət İrəvanda, sonra Qazaxda (həyat yoldaşı Firuzə Vəkilovanın yurdunda) yaşayıb, orada vəfat edib.
   18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897-8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
   18 aprel 1991 - Tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934, Bakı - 1991) vəfat edib. “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında, Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Məsləkim-silahım”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.
   18 aprel 2001 - Prezident Heydər Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilib, Gənclər və İdman Nazirliyinin əsasında Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə turizm sahəsinin idarəçiliyi Mədəniyyət və Turizm Nazirliyinə verilib.
   
   Dünya
   
   16 aprel 1844 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.
   16 aprel 1889 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 1889 - 25.12.1977) Londonda doğulub. 1910-1940-cı illərdə Amerikada yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb. Filmləri: “İt həyatı”, “Uşaq”, "Qızıl hərisliyi", "Yeni zamanlar", “Böyük diktator", “Sirk” və s. 1972-ci ildə fəxri “Oskar”a layiq görülüb.
   16 aprel 1924 - Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini, 1924-1994) anadan olub. 500-dək filmə musiqi yazıb, 4 dəfə “Oskar”, 20 dəfə “Qremmi” mükafatına layiq görülüb.
   
   17 aprel 1894 - Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Sovet dövlətinin qurucusu Vladimir Leninin obrazının filmlərdə ilk yaradıcısı olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.
   17 aprel 1897 - Norveç bəstəkarı Harald Severud (1897-1992), anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
   17 aprel 1918 - Amerika aktyoru, “Oskar” mükafatları laueratı Uilyam (William) Holden (1918-1981) anadan olub. Filmləri: “Sabrina”, “Konslager-17” və s.
   17 aprel 1923 - İngilis rejissoru, “Oskar” laureatı Lindsey Anderson (Lindsay Gordon Anderson, 1923-1994) anadan olub. Filmləri: “Cümə axşamının uşaqları”, “Bu idman dünyası”, “Ey bəxtəvər” və s.
   
   18 aprel 1819 - Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. ”Yüngül kavaleriya”, “Gözəl Qalateya”, “Bokkaçço” operalarının müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan