Mədəniyyət tariximizdə bəstəkar-rəssam, həkim-müğənni və şair-hökmdar kimi tanınan tarixi şəxsiyyətlər çox olub. Belə görkəmli simalardan biri də məşhur dövlət xadimi və şair Qazi Bürhanəddindir.
   
   Qazi Əhməd Bürhanəddin Şəmsəddin Məhəmməd oğlu 1344-cü ildə Türkiyənin Kayseri şəhərində dünyaya gəlib. Qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub olub. Ehtimal olunur ki, babaları Anadoluya təxminən X-XI əsrlərdə Xarəzmdən gəlib. Yüksək savad və əsil-nəcabəti ilə tanınan bir ailədə böyüyüb.
   Bürhanəddin çox erkən yaşlarından anasını itirir və onun tərbiyəsi ilə atası Məhəmməd məşğul olur. 1356-cı ildə o, atası ilə birlikdə Dəməşqə gedir. Ancaq bir müddətdən sonra yenidən Kayseriyə qayıdırlar. Atası sarayda qazı kimi işə düzəlir. Bürhanəddin də öz dövrünə görə yaxşı təhsil alır, əvvəlcə Misirdə, sonra Dəməşqdə ilahiyyat, tibb, nücum, fəlsəfə, riyaziyyat və digər elmləri mükəmməl öyrənir, məşhur alim Qütbəddin Razinin tələbəsi olur. On doqquz yaşında Məkkəyə, atası öləndən sonra Hələbə gedir. Nəhayət, 1365-ci ildə Kayseriyə dönür. Ərətna vilayətinin hökmdarı Məhəmmədin qızı ilə ailə qurur. Bu hadisədən bir müddət sonra atasının yerinə qazı təyin edilir. Bu vəzifədə on ildən artıq çalışır.
   Qazi Bürhanəddin öz yüksək savadı, mədəniyyəti və ədaləti ilə xalqın hörmətini qazanır. Hökmdar Məhəmməd öldükdən sonra taxt-taca oğlu Əli sahib durur. Əli azyaşlı olduğu üçün dövlətin bütün işlərini Qazi Bürhanəddin idarə edir. 1378-ci ildə vəzir təyin olunur. İki ildən sonra Əli vəfat edir. Bürhanəddin onun azyaşlı uşağına atabəylik edir. Beləliklə, dövlətə bütün rəhbərliyi həyata keçirməyə başlayır.
   1381-ci ildə Qazi Bürhanəddin öz adı ilə anılan bir dövlət yaradır və Sultan elan edilir. Bundan sonra onun bütün həyatı çoxsaylı yürüş və döyüşlərdə keçir. Öz aralarında daimi çəkişmələr aparan qaramanlı, osmanlı, türkmən tayfaları arasındakı düşmənçiliyi yox etmək və ölkədə qanun-qaydanı möhkəmləndirmək məqsədilə çox çalışır. Xarici siyasətdə uzaqgörənlik və müdriklik nümayiş etdirir. Osmanlı sultanı I Bəyazid, Qızıl Orda xanı Toxtamış, Əmir Teymur kimi təhlükəli rəqiblərin və onlarla xırda əmirin əhatəsində qalan Bürhanəddin düz 17 il öz ölkəsində sülhü və əmin-amanlığı qoruya bilir. Siyasi vəziyyət tələb edəndə Bəyazidlə, yaxud Teymurla açıq mübarizəyə girir. Zərurət yarandıqda isə rəqibi Toxtamış xanla ittifaq bağlayır. Beləliklə, incə siyasət ilə ölkəni ağır, dağıdıcı və üzücü müharibələrdən qoruyur. Bunun üçün yeri-vaxtı gəldikdə qonşu əmirlərə qarşı uğurlu müharibələr də aparır. 1392-ci ildə Çorum yaxınlığındakı Qırxdilim adlı yerdə Osmanlı ordusunu məğlub edir. Döyüşdə İldırım Bəyazidin oğlu Ərtoğrul həlak olur.
   Ölkə iqtisadi və hərbi cəhətdən möhkəmlənir. Sultan Bürhanəddin ticarətin, maarif və mədəniyyətin inkişafına, quruculuq işlərinə xüsusi diqqət yetirir, yeni mədrəsələr, karvansaralar tikdirir və körpülər saldırır. Siyasi hakimiyyəti dövründə ədəbi yaradıcılığa da vaxt ayırıb. Din və təsəvvüflə bağlı şeirlər yazıb. Türkçə bir divanı, ərəbcə iki əsəri günümüzə gəlib çıxıb. Qazi Bürhanəddinin fəlsəfi konsepsiyası “Tərci üt-tövzih” (“İzahların təkrarı”) və “İksir-üs səadət fi əsrar-ül ibadət” (“Səadət iksiri ibadət əsrarında”) adlı ərəbcə yazdığı risalələrdə əksini tapıb. Bu risalələrdə onun sufi və hürufi fəlsəfəsindən geniş bəhrələndiyi aydın görünür.
   O, şeirlərini üç dildə - Azərbaycan (türk), fars və ərəb dillərində yazıb. Azərbaycan dilində “Divan”ı bir nüsxədə günümüzə gəlib çıxıb. Bu nüsxə hələ müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd tərəfindən yazılıb. Hazırda Britaniya Muzeyində saxlanılır. Onu Londona ingilis səfirliyinin işçisi Tomas 1890-cı ildə İstanbuldan gətirib. “Divan”ı professor Əliyar Səfərli tərəfindən 1988-ci ildə kitab şəklində çap olunub.
   Bu görkəmli şairdən bəhs edən akademik A.Krımski yazır: “Bürhanəddinin “Divan"ı qeyri-bərabər həcmli iki hissədən ibarətdir. İlk və böyük bölüm qəzəllərdir. İkinci və nisbətən kiçik hissədə hər şeydən əvvəl iyirmiyə qədər rübaisini qeyd etməliyik. Bunlar türkcə yazılmış ilk “rübaiyyat”dır. Həmin hissədə bunlardan başqa mistik-erotik məzmunlu qısa tuyuqlar da əsas yer tutur”.
   Şairin sevgi lirikası isə öz bənzərsizliyi ilə bir çox türkdilli şairlərə örnək olub. Belə ki, onun şeirləri, xüsusilə folklora yaxınlığı və fars-ərəb mənşəli sözlərin nisbətən az işlədilməsi, həmçinin gözəl bənzətmə və istiarələrlə seçilib.
   
   Əcaba, dərdümün dəvası qanı?
   Əcaba, rəncümün şəfası qanı!
   Ayağı tozuna yüz ururam
   Ki, göz ağrısı tutiyası qanı!
   
   Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının mühüm mərhələlərindən birini təşkil edib. O, Azərbaycan ədəbiyyatında tuyuq şeir janrında yazan ilk şair olub. Görkəmli sənətkarın poeziyası Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və bu kimi bir çox şairlərin yaradıcılığına ciddi təsir göstərib. Məhz buna görə də onun poeziyası bir çox türkdilli ölkələrdə tanınıb, adı orta əsr təzkirəçi və tarixçiləri tərəfindən tez-tez xatırlanıb.
   Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu hökmdarı Qara Yoluq Osman bəylə döyüşdə həlak olub, Sivas şəhərində dəfn edilib. Ölkədə hakimiyyət oğlu Elməddin Əli Çələbiyə keçir. Ancaq gənc hökmdar hakimiyyəti əldə saxlaya bilmir. Qazi Bürhanəddin Əhməd bəyliyi 1398-ci ildə I Bəyazid tərəfindən dağıdılıb, ölkənin torpaqları Osmanlı dövlətinin tərkibinə qatılıb.
   
   Savalan Fərəcov