Əli Zeynalov - 100 
   
   Aprelin 16-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Əli Zeynalovun 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
   
   Gecənin aparıcısı Xalq artisti Nurəddin Mehdixanlı çıxışında Azərbaycan teatrının keçdiyi yola nəzər saldı, bu il 140 yaşı tamam olan peşəkar teatrımızda böyük sənətkarların əvəzsiz xidmətləri olduğunu qeyd etdi: “Azərbaycan teatrı 100 il bundan qabaq vardı, bu gün də var, min il bundan sonra yenə olacaq. Çünki bu teatrın təməlində, kökündə millətə xidmət dayanır. Bu teatrın əsası bizim böyük sənətkarlar, böyük ziyalılar tərəfindən qoyulub. Bu böyük sənətkarlardan biri də Əli Zeynalov idi”.
   Qeyd olundu ki, Əli Zeynalovun sənəti Azərbaycan teatrının çox önəmli, çox dəyərli səhifələrindən birini təşkil edir. O, görkəmli teatr, kino aktyoru olmaqla yanaşı, əvəzsiz bədii qiraət ustası idi. Sənətkar Akademik Milli Dram Teatrında çalışdığı 30 il ərzində bir-birindən maraqlı rollar oynayıb, “Şeyx Sənan”da Şeyx Sənan, “Səyavuş”da Keykavus, “Od gəlini”ndə Elxan, “Aydın”da Dövlət bəy, “Eşq və intiqam”da Çingiz, “Vaqif”də Qacar, “Antoni və Kleopatra”da Anton, “Fərhad və Şirin”də Fərhad, “Sən həmişə mənimləsən” tamaşasında Həsənzadə rollarını böyük ustalıqla yaradıb.
   “Əli müəllimin yubileyi ilə bağlı tamaşalardan parçalar axtararkən Amaliya xanımın və Əli müəllimin iştirak etdiyi “Sən həmişə mənimləsən” tamaşasından başqa onun teatr fəaliyyəti ilə bağlı lentə alınmış tamaşa tapa bilmədik. Bu, acı bir həqiqətdir. Nə yaxşı ki, Əli müəllim filmlərə çəkilib, Əli Zeynalovun necə aktyor olduğunu bilmək üçün biz ancaq o kinolara baxmalı olacağıq”, - deyən Nurəddin Mehdixanlı uzun illər səhnədə Əli Zeynalovla tərəf-müqabil olan Xalq artisti, professor, səhnəmizin əvəzsiz Nargiləsi Amaliya Pənahovanı bu sözlərlə səhnəyə dəvət etdi: “Sən həmişə mənimləsən” tamaşasından başqa bütün yaradıcılıqları boyu heç nə oynamasaydılar belə, Əli Zeynalov və Amaliya Pənahova Azərbaycan milli teatr tarixində məhz bu tamaşa ilə qalacaqdılar. Bu, Azərbaycan teatrında yeni bir mərhələ idi”.
   Xalq artisti Amaliya Pənahova öz yaradıcılığı, qüdrəti, istedadı, alicənablığı ilə adını qızıl hərflərlə Azərbaycan teatr tarixinə yazan Əli Zeynalovla bağlı xatirələrini gecənin iştirakçıları ilə bölüşdü: “18 yaşım vardı, çox qüdrətli rejissorumuz Tofiq Kazımov məni - ikinci kurs tələbəsini Akademik Dram Teatrının səhnəsinə dəvət etdi, səhnəyə ilk tərəf-müqabilimlə - Əli müəllimlə çıxdım. Əli müəllim o vaxt Xalq artisti idi, tamaşaçıların sevimlisi idi. O, öz sənəti ilə artıq Azərbaycan teatr tarixinə möhür vurmuşdu. Amma onunla ilk ünsiyyətdə mən bu qüdrətli sənətkarın böyük insanlığı, alicənablığı, təvazökarlığı ilə rastlaşdım”.
   Xalq artisti İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasından sonra dramaturqun “Mənim günahım” əsərində, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”, U.Şekspirin “Hamlet”ində və televiziya tamaşalarında Əli Zeynalovla tərəf-müqabil olduğunu və bu böyük sənətkardan sənətin incəliklərini öyrəndiyini bildirdi.
   Xatirə gecəsində teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarlı Əli Zeynalovun sənət yolundan söz açdı: “Mən çıxışıma bu gün 100 illik yubileyinə yığışdığımız böyük sənətkarımızın öz qələmi ilə yazdığı “İki ömrüm olsaydı...” kitabının son səhifəsindəki sözlərlə başlamaq istəyirəm. Əli müəllim yazır: “Bəzən düşünürəm, görəsən, mən həyatda ayrı bir yol tuta bilərdimmi? Görəsən, könlümü başqa bir sənətə verə bilərdimmi? Sevdiyim sənətin yollarında çəkdiyim əzab-əziyyətlər, müvəffəqiyyətsizliklər məni bu sənətdən uzaqlaşdıra bilərdimi? Əlbəttə yox. Çünki hər bir müvəffəqiyyətli tamaşa və bu tamaşada ifa etdiyim rol üçün qazandığım sevinc qəlbimi qürur hissi ilə doldurur. Düşünürəm, əgər mənim iki ömrüm olsaydı, onu yenə də sevdiyim sənətə qurban verərdim”.
   Vidadi Qafarlı sənətkarın həyatı və çoxşaxəli yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verdi.
   Kinoşünas, professor Aydın Dadaşov aktyorun kino fəaliyyətindən danışdı. Qeyd olundu ki, Əli Zeynalov teatr aktyoru olmaqla yanaşı, filmlərdə yaratdığı bənzərsiz obrazlarla da yadda qalıb. Böyük sənətkar “Kölgələr sürünür”də İmamzadə, “Bir qalanın sirri”ndə Simnar xan, “Səhər”də Abuzər bəy, “Xoşbəxtlik qayğıları”nda Zəkiyyənin atası, “Üzeyir ömrü”ndə Həsən bəy Zərdabi və başqa parlaq rollar yaradıb.
   Xalq artisti Rafiq Əzimov Əli Zeynalovla bağlı unudulmaz xatirələrini danışdı.
   Azərbaycan dublyaj sənətinin inkişafında Əli Zeynalovun xidmətləri xüsusi ilə qeyd edildi. Aktyor 25 bədii, 5 sənədli filmin səsləndirilməsində iştirak edib. Azərbaycanda və keçmiş ümumittifaq məkanında böyük şöhrət qazanan Xalq artisti Nodar Şaşıqoğlunun ekran obrazlarının çoxunu Əli Zeynalov uğurla səsləndirmişdi. Mehdi (“Uzaq sahillərdə”), Zakir (“Telefonçu qız”), Fərman (“Əsl dost”) və başqa obrazlar milli kinomuzun uğurlu ekran personajlarıdır. Bundan başqa, “Qanun naminə” filmində Vahidov, “Görüş”də Kamil, “Bizim küçə”də Fuad, “Romeo mənim qonşumdur”da Arif və başqa obrazların sevilməsində Əli Zeynalovun səsi xüsusi rol oynayıb.
   Uzun illər Dövlət İncəsənət İnstitutunda “səhnə danışığı” fənnindən dərs deyən sənətkar əvəzolunmaz pedaqoq kimi də yad edildi.
   Yubiley gecəsində Əli Zeynalovun çəkildiyi filmlərdən fraqmentlər göstərildi, lent yazıları səsləndirildi, tanınmış musiqiçilərin ifasında gözəl musiqilər gecəyə xüsusi rəng qatdı.
   Milli teatr tariximizdə xarakterlər ustası və düşündürən aktyor kimi qalan böyük sənətkar, böyük insan və şəxsiyyət 100 ildən də sonra gül-çiçəklə yad ediləcək, xatırlanacaq, anılacaq və alqışlanacaq.
   
   Təranə Vahid