Azərbaycan
   
   19 aprel 1905 - Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda doğulub. Bakının arxitekturasına yaraşıq verən Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin müəllifidir.
   19 aprel 1907 - Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 - 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.
   19 aprel 1920 - Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920-5.12.1996) Zaqatalada anadan olub. «Onun taleyi», «Nəğməli könül», «Məhəbbət olmayanda», «Çətin yollar boyunca», uşaqlar üçün “Lalənin kitabı», «Atlas yarpaqlar» və s. kitabların müəllifidir. “Həsrət”, “Həyat özü bir nəğmədir” və s. pyesləri tamaşaya qoyulub.
   19 aprel 1949 - Bəstəkar Qalib Həsən oğlu Məmmədov anadan olub. “Sirlər xəzinəsi” baleti, simfonik və kamera musiqisi əsərlərinin müəllifidir. “Haray” filminə musiqi yazıb.
   
   20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir” (Şahmar bəy), “Qanun naminə” (Qaloş) və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərin rejissorudur.
   20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub. Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib.
   20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907-6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında", "Natəvan" poemaları, “Xaqani" mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
   20 aprel 1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916-10.3.2004) anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") kimi rolları ilə yadda qalıb. "Ögey ana" (Fatmanisə), "Böyük dayaq" (Telli), “Qanun naminə (Şəhla xanım), "Qaynana" (Cənnət xala), “Yuxu” (Məsmə) və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.
   20 aprel 1920 - Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920-7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən "Ulduzların qucağında", "Bir yay səhəri", "Məni günəşə at!", "Meşə həkimi" poemaları, "Gözəllər gözəli", "Aycan", "Dovşanın ad günü", "Durnalar lələk salır" və s. dram əsərlərinin müəllifidir.
   20 aprel 1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub.
   20 aprel 1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Doktor N” və s. romanların müəllifidir. Moskvada yaşayır, Moskva Dövlət Universitetinin filologiya fakültəsində dərs deyir.
   20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (31.3.1861, Şuşa -1944) vəfat edib.
   20 aprel 1959 - Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında ("Sarıköynəklə Valehin nağılı", "Göz həkimi" və s.), filmlərdə (“İtkin gəlin“, “Otel otağı”) maraqlı rollar oynayıb.

   21 aprel 1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, Moskonsertin solisti olub.
   
   22 aprel 1905 - «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri tanınmış vəkil və publisist, sonradan Xalq Cümhuriyyəti parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov, redaktorları yazıçı-jurnalist Əhməd bəy Ağaoğlu və böyük mütəfəkkir Əli bəy Hüseynzadə idi.
   22 aprel 1911 - Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Ermənistanın Sisyan rayonu) Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, 1935-ci ildən “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olan rəssam mənzərə ustası kimi (“Zəngəzur dağları”, “Kəpəz”, “Göygöl” və s.) tanınıb.
   22 aprel 1912 - Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912-10.5.1994) anadan olub.
   22 aprel 1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluc (1942 - 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Teatrda, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maraqlı obrazlar yaradıb.
   22 aprel 1983 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909, Bakı - 1983) vəfat edib. “Sevil” (1929), "Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.

   Dünya
   
   19 aprel 1900 - İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes, 1900-1976) anadan olub. Avropada ilk radiopyeslərin yaradıcısı sayılır. “Yamayka üzərində tufan”, “Təhlükədə” və s. romanların müəllifidir.
   
   20 aprel 1949 - Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olub. İki dəfə “Oskar” mükafatına (“Tutsi”, “Mavi səma”) layiq görülüb. Digər filmləri: “Kinq-Konq”, “Şirin arzular”, “Poçtalyon iki dəfə zəng çalır”.
   
   21 aprel 1816 - İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.
   
   21 aprel 1910 - Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens, 30.11.1835 - 1911) vəfat edib. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
   
   22 aprel 1707 - İngilis yazıçısı Henri Fildinq (Henry Fielding, 1707-1754) anadan olub. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.
   22 aprel 1724 - Görkəmli alman filosofu İmmanuel Kant (1724-12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
   22 aprel 1899 - Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
   22 aprel 1937 - Amerika aktyoru, rejissor Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar”a layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s.
   
   Hazırladı: Vüqar Orxana