Azərbaycan
   
   23 aprel 1932 - Sovet İttifaqının ali rəhbər təşkilatı olan Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında qərar qəbul edib. Bu qərardan sonra Azərbaycanda da Yazıçılar Cəmiyyəti (1927-ci ildə təsis edilmişdi) yenidən təşkilatlandı və Azərbaycan Yazıçılar İttifaqı (13 iyun 1934) yaradıldı.
   23 aprel 1938 - Xalq artisti, kinorejissor, operator Vaqif Qulam oğlu Behbudov anadan olub. Azərbaycan Televiziyasında bir çox cizgi filmlərini (“Göyçək Fatma”, “Qız qalası”, “Qara leylək” və s.) çəkib, sənədli filmlərə quruluş verib.
   23 aprel 1953 - Memarlıq doktoru, professor Gülçöhrə Hüseyn qızı Məmmədova Qərbi Azərbaycanın (indiki Ermənistan) Vedi rayonunda anadan olub. Qafqaz Albaniyasının memarlığı və Azərbaycanda xristian dini memarlığı ilə bağlı tədqiqatların müəllifidir. Memarlıq və İnşaat Universitetinin rektorudur.
   23 aprel 1953 - Xalq artisti, dirijor, professor Cavanşir Xəlil oğlu Cəfərov Bakıda anadan olub.
   23 aprel 1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Gənclər Teatrında işləyib, "İtkin gəlin" teleserialında Əfsanə obrazı ilə tanınıb, “Qırmızı qar”, “Yad qızı” və s. teletamaşalarda oynayıb. 1993-cü ildən Milli Dram Teatrında çalışır.
   
   24 aprel 1866 - Mədəniyyət və maarif xadimi, yazıçı-publisist Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1937) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklərin yazılmasında, milli teatrın inkişafında mühüm xidmətləri olub. Tanınmış teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
   24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. "Şərqi-Rus" (1903), "Molla Nəsrəddin" (1906) nəşrlərinin yaradıcılarından olub. Sovet dövründə Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb. Stalin repressiyasının qurbanı olub.
   24 aprel 1902 - Görkəmli aktyor, Azərbaycan və SSRİ-nin Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Uzun illər Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərif), "İyirmialtılar” (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   24 aprel 1945 - Aktyor, kinorejissor Elxan Məmməd oğlu Qasımov Naxçıvan şəhərində anadan olub. «Əhməd haradadır?» (Şofer Əhməd), «Axırıncı aşırım» (Vəli), habelə “Ürək, ürək...”, “İstintaq”, “Otel otağı” və s. filmlərdə çəkilib. «Qocalar, qocalar», “Köhnə bərə”, “Biz qayıdacağıq” bədii filmlərinə, bir neçə sənədli filmə, “Mozalan” kinojurnalının süjetlərinə quruluş verib.
   24 aprel 2011 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 - 2011) vəfat edib. Bakıda doğulub, 1938-ci ildə ailəliklə Ərdəbil şəhərinə köçüb, Cənubi Azərbaycanda milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb. 40-a yaxın kitabın müəllifidir: “Yarpaqlar töküləndə”, “Dünənim, bu günüm, sabahım”, “Sinəm Savalan dağıdır” və s.
   
   25 aprel 1905 - Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
   25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.
   25 aprel 1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyev (1914-25.11. 1994) Şəkidə doğulub. Şəki teatrında, 1935-ci ildən Gəncə Dram Teatrında çalışıb, tamaşalara quruluş verib, "Yadigar" pyesinin müəllifidir. “Dəli Kür”, “Gözlə məni” və s. filmlərdə çəkilib.
   25 aprel 1925 - Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 -1994) Lerik rayonunun Kürdəsər kəndində anadan olub. "Torpağın ətri", "Qayaların səsi", "Dağlar oğlu" və s. romanların müəllifidir.
   25 aprel 1957 - Tanınmış aktrisa, Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum" (Şəfiqə), "Anlamaq istəyirəm" (Çinarə), "Yol əhvalatı" (Zümrüd), "Qorxma, mən səninləyəm" (Telli), "Nizami" (Afaq), "Doğma sahillər" (Zivər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Filmlərin dublyaj və səsləndirilməsində fəal iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
   25 aprel 1997 - Azərbaycanın Avropa Mədəniyyət Konvensiyasına (1954-cü il 19 dekabr tarixli) qoşulması haqqında qanun (1997-ci il aprelin 22-də Milli Məclisdə qəbul olunub) mətbuatda dərc olunaraq qüvvəyə minib.
   
   Dünya
   
   23 aprel “Dünya kitab və müəllif hüquqları günü”dür (World Book and Copyright Day). Bu barədə qərar 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında (25 oktyabr - 16 noyabr) qəbul olunub. Əlamətdar tarix iki görkəmli yazıçı - Vilyam Şekspir və Migel de Servantesin xatirəsinə (hər ikisi 1616-cı il aprelin 23-də vəfat ediblər) ehtiram olaraq təsis edilib.
    23 aprel 1616 - Dünya şöhrətli ingilis yazıçısı Vilyam Şekspir (William Shakespeare, 26.4. 1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
   23 aprel 1616 - İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
   23 aprel 1891 - Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
   23 aprel 1902 - İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldor Kiljan Laxness; 1902-1998) anadan olub. Əsərləri: “İsland zınqrovu”, “Qaytarılmış cənnət”, “Atom stansiyası”.
   23 aprel 1918 - Rus aktyoru, SSRİ Xalq artisti Georgi Mixayloviç Vitsin (1918-2001) anadan olub. L.Qaydayın məşhur komediyalarında (“Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları” və s.) rolları ilə şöhrət qazanıb.
   23 aprel 1918 - Fransız yazıçısı Moris Dryuon (Maurice Samuel Roger Charles Druon, 1918-2009) anadan olub. “Lənətlənmiş krallar” tarixi romanlar silsiləsinin müəllifidir.
   
   24 aprel 1815 - İngilis yazıçısı Entoni Trollop (Anthony Trollope, 1815-1882) anadan olub. Əsərləri: “Barsetşir xronikaları” (6 roman), “Vandeya”, “Riçmond qəsri” və s.
   24 aprel 1845 - İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Alman dilində yazıb. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”, “Leytenant Konrad”.
   24 aprel 1905 - Amerika yazıçısı və şairi Robert Penn Uorren (Robert Penn Warren; 1905-1989) anadan olub. “Kralın bütün dəstəsi” romanı (Pulitser mükafatı, 1947) ilə şöhrət qazanıb. Roman 4 dəfə (o cümlədən SSRİ-də, 1971) ekranlaşdırılıb.
   24 aprel 1942 - Amerika müğənnisi və aktrisası Barbra Streyzand (Barbra Joan Streisand) anadan olub. Filmləri: “Hello, Dolli”, “Gülməli qız” (“Oskar” - ən yaxşı aktrisa, 1968), “Ulduzun doğuluşu” (“Oskar” - ən orijinal mahnı, 1974), “Hər şey Pitin xətrinə”, “İki qəlbin görüşü” və s.
   
   25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 80-dən çox əsərin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.
   25 aprel 1928 - SSRİ Xalq artisti, tanınmış rus aktyoru Yuri Vasilyeviç Yakovlev anadan olub. Filmləri: “İdiot” (knyaz Mışkin), “Qusar balladası” (poruçik Rjevski), “Xoş təsadüf və ya həmişə təmizlikdə” (İppolit), “İvan Vasilyeviç peşəsini dəyişir” (İvan Qroznı) və s.
   25 aprel 1940 - İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası” (Maykl Korleone), “Qadın ətri” (Frenk Sleyd - “Oskar” mükafatı), “Çapıqlı üz” (Toni Montan) və s.
   25 aprel 1941 - Fransız kinorejissoru və ssenaristi Bertran Tavernye (Bertrand Tavernier) anadan olub. Filmləri: “Missisipi blyuz”, “Gecəyarısı caz”, “Sen-Poldan olan saatsaz”, “Həyat və başqa heç nə”.

   Hazırladı: Vüqar Orxan