Xalqımızın milli mədəniyyətinin, ictimai və ədəbi-bədii fikrinin tanınmış nümayəndələrindən söz düşəndə xatırlananlardan biri də şair, görkəmli ədəbiyyatşünas alim və böyük jurnalist Mikayıl Rəfili olur.
Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində dünyaya göz açıb. İbtidai təhsilini kənddə, orta təhsilini Gəncədə alır, şəhərin ictimai işlərində fəallıq göstərir. Həmin vaxtlarda “Mücadileyi-həyat” hekayəsini, “Elmə doğru” şeirini və “Qərb mədəniyyəti” məqaləsini “Əfkari-mütəəllimin” jurnalında dərc etdirir.
Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim, sonra məktəb müdiri işləyir. Daha sonra Bakıda Politexnik İnstitutuna daxil olur, Azərbaycan Dövlət Universiteti Şərq dilləri fakültəsinin məşğələlərində əvvəlcə dinləyici və müdavim kimi iştirak edir, “Maarif və mədəniyyət” jurnalı redaksiyasında çalışır. 1927-ci ildən Moskva Dövlət Universitetində təhsilini davam etdirir. 1929-cu ildə Moskvada keçirilən I ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilir, SSRİ Yazıçılar İttifaqının üzvü olur.
Qısa ömründə çox böyük yaradıcılıq uğurlarına imza atan Mikayıl Rəfili həyatında məşəqqətlərlə də üzləşir, təzyiq və təqiblərə məruz qalır. Bununla belə, böyük yaradıcılıq uğurları qazana bilir...
53 illik ömründə öz təmkini, düşüncəsi, ədəbi axtarışları ilə seçilən Mikayıl Rəfili Azərbaycan poeziyasında da özünəməxsus iz qoyur, özü haqqında “Qızaran üfüqlərin mən ilk şairiyəm”, “Bu gün sevməsələr də, yarın sevərlər məni...”, - deyə yazır. Onu yelkən kimi uçuran fikirlər, üzləşdiyi ağır məqamlar pərişan əhvalı şeirlərində də çox aydın sezilir: “Bir müsavat əsgəri deyə-deyə yordular məni...” - deyərək gileylənir.
Xalq yazıçısı Anar vaxtilə Mikayıl Rəfili haqqında “Xoşbəxt adam” adlı bir məqaləsində yazır: “Rəfili üslub ustası və parlaq təhkiyə sahibi idi. Onun elmi yazılarında da poetik qələm, şairlik təbi duyulur...”
...1937-ci il aprelin 19-da Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin iclası çağırılır. Gündəliyə “Azərbaycan Yazıçılar İttifaqının üzvü Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri barədə” məsələ salınır.
Bolşevik cildində görünən daşnak Levon Arustamov adlı birisi məlumat verir ki, Mikayıl Rəfili Leninqraddan qayıtdıqdan sonra... xuliqanlıqla məşğuldur. Guya o, Tatyana Medvedeva adlı birisinin mənzilini əlindən almaq üçün ona hücum çəkib. Sonra məlum olur ki, həmin birotaqlı mənzil Mikayıl Rəfiliyə qanunla verilib. Medvedevlər ailəsinə isə başqa yerdə çoxotaqlı mənzil ayrılıb. Rəfili bu sübutları ortaya qoyaraq şahidləri susdurur. Arustamov dözməyərək deyir: “Order sənə xalq düşməni Ruhulla Axundovun məktubu əsasında verilib. O haradadırsa, sənin də yerin oradadır”...
Nəticədə Mikayıl Rəfili Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən, Nizami adına Ədəbiyyat İnstitutundan və dərs dediyi Pedaqoji İnstitutdan xaric edilir. Araşdırmalarda göstərilir ki, həmin iclasdan sonra “Kirpi” jurnalının növbəti nömrəsində Mikayıl Rəfili haqqında karikatura dərc edilir. O, qoltuğunda böyük və qırmızı bir xoruzla iri addımlarla yeriyirdi. Kənarda dayanmış bir neçə nəfər “xoruzunu qoltuğuna verdilər” - deyir. Bütün bunlar azmış kimi, yenə də Mikayıl Rəfilidən əl çəkmirlər. “Ədəbiyyat qəzeti”ndə onun haqqında qurama, saxta ittihamlarla dolu yazılar dərc edilir. Onu gah “mülkədar oğlu”, gah da “sovet yazıçıları sırasına soxulan bir adam”, “ictimai mənsubiyyətcə yabançı”, “əksinqilabi bir təşkilatın üzvü” kimi qələmə verirlər. Ölkədə baş alıb gedən repressiyaların qızğın çağında Mikayıl həmin böhtanlardan xilas olsa da, qardaşı Rəfi həbs olunur...
1937-ci ilin payızında o, məcbur qalıb respublikanın rəhbəri Mircəfər Bağırova məktub göndərir, üzləşdiyi haqsızlıqdan, daxili imkanlarından, yaradıcılığından və görə biləcəyi işlərdən söz açır: “Qabiliyyətim daxilində ölkəmin xeyrinə yorulmadan fədakarlıqla işləmək, yazmaq və yaratmaq istəyirəm. Fəqət məni bu daimi, faydalı işdən neçə aydır ki, məhrum etmişlər. Xahişim budur ki, mənim biliyimdən və qabiliyyətimdən istifadə edəsiniz. Mən susa bilmirəm, əminəm ki, elm üçün faydalı ola bilərəm”.
Məktubla tanış olan M.Bağırov onu baxılmaq üçün Azərbaycan Yazıçılar İttifaqına göndərir. Oradan alınan cavab isə yenə də mənfi olur. Köhnə bayatılar çağırılır, əlavə olaraq da bildirilir: “O, məşhur mülkədar, 1921-ci ildə müsavatçıların Gəncə üsyanının başçılarından biri olan Hacı Həsən Rəfiyevin oğludur”. 1937-ci ilin dekabrında o, Mərkəzi Komitənin rəhbərinə ikinci məktub yazır. Bağırov “mülkədar oğlu” tənəsi ilə üzləşən Mikayıl Rəfilini müdafiə edir və o, 1938-ci ilin yayında işinə bərpa olunur.
Ədəbiyyatşünas alim 1938-1947-ci illərdə respublikada Nizami Gəncəvi ilə bağlı tədbirlərin həyata keçirilməsinin baş icraçısı təyin olunur. Nizami Gəncəvi, Füzuli, Xaqani, Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Abbasqulu ağa Bakıxanov və başqaları haqqında mükəmməl tədqiqatlar aparır. Ancaq qara qüvvələr ondan əl çəkmirlər. Necə olursa-olsun, bu görkəmli şəxsiyyəti yox etmək üçün hər cür üsula əl atılır...
Əslində o, bütün varlığı ilə xalqına bağlı şəxsiyyət idi. Lakin nə qədər özünü mübariz, nikbin aparsa da, təzyiqlərə mənən tablaşa bilmir. 1958-ci ildə dünyasını dəyişir.
Savalan Fərəcov