Xalqımızın tərəqqi və səadəti üçün yaşayan bir çox görkəmli şəxsiyyətlər vardır ki, onları hər gün xatırlamaq bizim borcumuzdur. Belə şəxsiyyətlərdən biri Məmməd Səid Ordubadidir.
   
   Uzun və məzmunlu bir ömür sürmüş, həyatın bütün məşəqqət və iztirablarını, sevinc və fərəhlərini görmüş bir sənətkar, bir insan kimi öz xalqının dərin hörmətini qazanmış böyük ədibimizin vəfatından 63 il keçir. O, 78 il yaşamışdır. Yarım əsrdən artıq bir ədəbi fəaliyyət sərvətinə malik olan bu qocaman ədib öz qəlbi, duyğuları, həyata olan tükənməz həvəs və ehtirası ilə 78 yaşında da gənc idi. Çünki öz taleyini xalqın taleyinə bağlayan, xalqın səadəti uğrunda düşünən, çalışan insanlar qocalmır.
   Ordubadinin yaradıcılığından, onun həyatından danışmaq - yarım əsrdən artıq mürəkkəb bir dövrün mübarizələrlə dolu səhifələrini vərəqləmək deməkdir. O, xalqın tarixini dərindən bilən yazıçılarımızdan idi. Çap olunmamış məqalələrinin birində tarixi mövzularda roman və dram yazmasını belə izah edir: “Azərbaycan xalqının tarixi irsini üzə çıxarmaq lazımdır. Çünki yeni nəslə özünün kim olduğunu göstərməklə onun vətənpərvərlik duyğularını inkişaf etdirmək mümkün olacaqdır”.
   Yazıçı tariximizi təhrif edənlərə, milli qəhrəmanlarımızı xalqdan gizlədənlərə qarşı amansız idi : “Bizə öz keçmişimizi unutduran, qəhrəmanları öz xalqından gizlədən, bəzən xalqın namuslu oğullarını bir quldur və bir qaçaq kimi göstərən, bir xalqın qəhrəmanlıq tarixini şübhələr altında qoymaq üçün qəhrəmanların qəbir daşlarını belə sındıran xain əllər, gündə birinin vicdanına satılan qələmlər və birtərəfli yazılan tənqidlər, baxın, Azərbaycan xalqına qarşı nə kimi haqsızlığı rəva görmüşdür”.
   Ordubadini bir yazıçı kimi xalqın qəhrəmanlıq tarixini yaratmaq düşündürürdü. Ədib tarixi romanlarda, o cümlədən “Dumanlı Təbriz” əsərində məqsədinə müəyyən dərəcədə nail olmuş, gənc nəslə sözünü deyə bilmişdir. 1905-1911-ci illərdə İranda baş verən inqilabi hərəkatda Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərdi. Xalq qəhrəmanı Səttarxan və onun silahdaşları irtica qüvvələrinə, Qacar mütləqiyyətinə, rus çarizminə qarşı yenilməz bir qüvvə ilə vuruşurdu.
   Dramaturq Təbriz inqilabında şəxsən iştirak etdiyindən milli-azadlıq hərəkatının spesifikasını, Cənubi Azərbaycanın etiraz, üsyan, inqilablarla dolu olan möhtəşəm bir dövrünü yaxşı bilirdi. Bu əsəri yazmaqla Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının təməlini qoymuşdur.
   Ədibin son tarixi romanı “Qılınc və qələm”dir. Romanda XII əsr Azərbaycanı bütün güclü və zəif cəhətləri ilə, dövrün siyasi şəraiti, əxlaq və məişət normaları, adət ən-ənənələri əlvan boyalarla verilmişdir. XII əsr Azərbaycan xalqının tarixində mürəkkəb və eyni zamanda çox maraqlı və əhəmiyyətli hadisələrlə zəngin dövrlərdən biridir. Bu milli mədəniyyətimizin tarixində elə bir inkişaf mərhələsidir ki, Xaqani, Məhsəti, Nizami kimi simaları yetişdirib. Bu dövr haqlı olaraq intibah dövrü adlanır. Ümumiyyətlə, “Qılınc və qələm” əsəri ədəbiyyatımızda qədim dövrə həsr edilmiş ilk tarixi romandır.
   Bədii yaradıcılıq prosesində dərin düşüncələrə dalan, filosofa çevrilən sənətkar həm də xəyala, fantaziyaya qapılmağı bacarmalıdır. Xəyal və fantaziyanın köməyi ilə adı, hətta bəzən quru cansıxıcı görünən faktlar, hadisələr bədii materiala çevrilir. Bu xüsusiyyət bədii fikrin fövqünə qalxan böyük romançının zəngin irsi timsalında daha qabarıq aşkarlanır.
   Tədqiqatçıların hesablamalarına görə, ədib irili-xırdalı altı mindən çox əsər yazmışdır. Müxtəlif janrda və mövzuda əsərləri: lirik, yumoristik, satirik şeirləri, poemaları, hekayə və oçerkləri, povest və romanları, dramları, musiqili komediya və opera üçün yazdığı librettoları, Aleksandr Puşkindən, Demyan Bendnıdan etdiyi tərcümələri, siyasi, ictimai və ədəbi məqalələri ilə Ordubadi ədəbiyyatımızın xəzinəsini zənginləşdirmiş, xalqımız üçün qiymətli irs qoyub getmişdir. Bu zəngin və misilsiz bədii irsin içərisində Ordubadinin tarixi romanları daha çox fərqlənir. Onlar xalqımızın qədim zamanlardan başlamış müasir dövrədək azadlıq uğrunda apardığı mübarizənin bədii salnaməsidir.
   Azərbaycan xalqının qabaqcıl milli ənənələrini, onun işıqlı gələcək haqqındakı arzularını dərin məhəbbət və hissiyyatla əks etdirmək - budur yazıçının tarixi romanlarının əsas məzmunu və qayəsi. Əgər bu gün də “Dumanlı Təbriz”, “Qılınc və qələm, “Döyüşən səhər”, “Gizli Bakı”, “Dünya dəyişir” romanları həvəslə oxunursa, deməli, Ordubadi öz yüksək fikirləri və nəcib duyğuları ilə sabahın oxucularının qəlbinə yol tapa bilmişdir. Bu romanlar milyonlarca oxucunun sevimli kitablarına çevrilmişdir və ədəbiyyatımızın xəzinəsinə böyük hədiyyədir. Xalqımızın sevimli yazıçısı Məmməd Səid Ordubadinin əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq.
   
   Lalə Abas-zadə,
   M.S.Ordubadinin xatirə muzeyinin direktoru