Mayın 1-i tarixi romanlar müəllifi, görkəmli ədib, dramaturq, publisist Məmməd Səid Ordubadinin vəfatının 63-cü ildönümü idi. Bu münasibətlə yazıçının Fəxri xiyabandakı məzarı önündə anım mərasimi keçirildi.
   
   Tədbirdə Məmməd Səid Ordubadinin xatirə muzeyinin əməkdaşları, elm, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edirdi.
   Muzeyin direktoru Lalə Abaszadə yazıçının həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söhbət açdı. Qeyd olundu ki, tarixi romanlar müəllifi kimi şöhrət qazanmış Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, ”Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil edilib. Yazıçı ədəbiyyatımızda tarixi roman janrının əsasını qoyub.
   Böyük sənətkar Bülbülün həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Adelaida Məmmədova da görkəmli dramaturqla bağlı xatirələrini bölüşdü, uzun illər qonşu və ailəvi dost, sirdaş olmuş Bülbüllə Ordubadinin münasibətlərindən danışdı.
   Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və digər çıxış edənlər Ordubadini təkcə görkəmli yazıçı kimi deyil, həm də böyük insan, ictimai xadim olduğunu vurğuladılar.