Sənət fədailərimiz
   
   
   Ötən yüzilliyin əvvəllərində milli teatr sənətimizdə bir canlanma vardı. Teatr truppaları formalaşır, sənət fədailərimiz milli əsərlərin səhnələşdirilməsinə, geniş kütlənin teatra marağının artırılmasına səy göstərir, teatr tariximizin əlamətdar səhifələrini yazırdılar. Belə bir dövrdə yaradıcı heyət arasında diqqətçəkən istedadlı aktyorlardan biri də Xalq artisti İsmayıl Talıblı olub.
   
   İsmayıl Məmmədəli oğlu Talıblı Bakıda sadə qulluqçu ailəsində dünyaya gəlib. Bəzi sənət dostları kimi yalnız ibtidai təhsillə kifayətlənsə də, böyüyüb boya-başa çatdığı şəhər mühiti onu teatr dünyasının parlaq simaları ilə yaxınlaşdırıb, gələcək sənət seçiminə stimul verib. O, özfəaliyyət teatrları ilə sıx əlaqə saxlayır, bir çox tamaşalarda yaddaqalan obrazlar yaradır və çox keçmir yaradıcı qrupun ən enerjili aktyorlarından biri kimi diqqət çəkir. 1919-cu ildə bugünkü Akademik Milli Dram Teatrı yarananda, Talıblı teatra qəbul edilən ilk sənətçilərdən olur. Bu sənət ocağında 1924-cü ilin sonuna qədər istedadlı aktyor kimi müxtəlif səpkili rollar ifa edir, dramatik, satirik, komik obrazlar yaradır. Beş il bu teatrda çalışdıqdan sonra o, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrına (sonralar Bakı Türk İşçi və Kəndli Teatrı adlandırılır) göndərilir.
   Geniş yaradıcılıq imkanları olan İsmayıl Talıblı çox keçmir bu teatrın da yaradıcı kollektivinin sevimlisinə çevrilir, maraqlı rollar yaradan sənətçi kimi tanınır. Dövrünün nüfuzlu teatr xadimləri Cəfər Cabbarlı, Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə sıx dostluq əlaqələri qurur və böyük yaradıcılıq uğurlarına imza atır...
   Onun bu sənət ocağında böyük ustalıqla yaratdığı rollar sırasına Luis Sinkierin “Yüz faiz” əsərində Mak Qurmik, Aleksey Tolstoyun romanı əsasında səhnələşdirilən “Romanovların son günləri”ində Dmitri Pavloviç və General Alekseyev, Vasili Şkvarkinin “Casus” əsərində Stradvorski, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”ında Mirzə Məhəmmədəli, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərində Hatəmxan ağa, Viktor Hüqonun “Notrdam kilsəsi”ndə Kvazimodo, Cəfər Cabbarlının “Sevil”ində Atakişi obrazlarını xüsusi qeyd etmək olar.
   Onu da deyək ki, ötən əsrin 30-cu illəri, bir çox elm-sənət sahələrində olduğu kimi, teatrda da təlatümlər, yeniliklərlə zəngin idi. 1932-ci ilin dekabrında Bakı Türk İşçi Teatrının Gəncə şəhərinə köçürülməsi ilə bağlı qərar verilir, 4 yanvar 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gəncəyə “sürgün” olunur. Sonralar belə güman edilib ki, bu, dövlət idarələrində önəmli vəzifələr tutan qarışıq millətlərin bir fitnəkarlığı idi. Çünki o dövrdə Gəncədə yerli gənclərin və maarifçi ziyalıların təmsil olunduğu güclü bir teatr truppası fəaliyyət göstərirdi...
   Bu məcburi təyinatdan bir müddət sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, tanınmış aktyorları Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları Bakıya qayıdırlar. İsmayıl Talıblı isə Gəncədə qalmağa üstünlük verir, bu şəhərin teatr səhnəsində də yeni tərəf-müqabillər tapır, bir-birindən gözəl və yetkin obrazlar yaratmağa nail olur. Onun səhnə həyatı verdiyi Hacı Səməd ağa (“Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Corc Danden (“Corc Danden”, Jan Batist Molyer), Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə), Yaqo (“Otello”, Vilyam Şekspir), Səttarxan (“Dumanlı Təbriz”, Məmməd Səid Ordubadi) kimi onlarla maraqlı obrazlar var. İsmayıl Talıblının milli teatrda göstərdiyi xidmətlər əvəzsiz də qalmır, 1938-ci ildə Əməkdar artist, 1940-cı ildə isə Xalq artisti fəxri adları ilə təltif olunur.
   Görkəmli sənətkar ömrünün sonunadək Gəncədə yaşayır, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq sənətindən ayrılmır. 1942-1943-cü illərdə teatrın direktoru da olur. Gerçək bir teatr vurğunu olan İsmayıl Talıblı son rolunu da bu səhnədə oynayır. Tofiq Kazımovun tamaşaya hazırladığı A.Zeynallının “Nəriman ata” pyesində Cahangir bəy rolunda son dəfə səhnəyə çıxır...
   O, teatrla bərabər, kinoda da bir sıra maraqlı obrazlar yaradıb. Aktyorun “Onu bağışlamaq olarmı?” filmində oynadığı Mirzə Veysəl rolu xüsusilə yaddaqalandır. Sənətkar eyni zamanda “Gəncə alimlər evi”ndə dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi də fəaliyyət göstərib. Bir çox gənc teatr həvəskarının sənətçi kimi yetişməsinə dəstək verib, onları professional səhnəyə hazırlayıb.
   Milli teatr tariximizdə məxsusi yeri olan İsmayıl Talıblı 1967-ci il iyulun 23-də Gəncə şəhərində dünyasını dəyişib, qədim Səvzəkar qəbiristanlığında dəfn edilib.
   
   Savalan Fərəcov