Azərbaycan
   
   3 may 1857 - Yazıçı-publisist, tərcüməçi, aktyor və teatrşünas Əsgər ağa Gorani (Əsgər Haqverdi bəy oğlu Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatr tarixinin əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir.
   3 may 1938 - Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 - 23.4.2008) Bakıda doğulub. 1965-ci ildən Akademik Dram Teatrında çalışıb. «Atayevlər ailəsi» (İldırım Atayev), «Alov» (Cəlal Qaşqay) televiziya tamaşalarında, “İtkin gəlin” teleserialında (Nəcməddin), “İstintaq davam edir” (Çingizov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif) və s. filmlərdə çəkilib.
   3 may 1957 - Bəstəkar Cəmil Fikrət oğlu Əmirov anadan olub. Müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyalarının müəllifidir. Bir sıra sənədli və qısametrajlı filmlərə musiqi yazıb.
   
   4 may 1920 - Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
   
   5 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin açdığı ilk rus-müsəlman qızlar məktəbinin direktoru olub.
   5 may 1866 - Yazıçı-publisist, dramaturq, teatr xadimi Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda doğulub. M.Şahtaxtlı, M.T.Sidqi, C.Məmmədquluzadə və digər ziyalılarla Naxçıvanda "Müsəlman incəsənəti və dram cəmiyyəti"ni yaradıb. 1883-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını ("Müsyö Jordan və dərviş Məstəli şah") səhnəyə qoyub.
   5 may 1888 - Aşıq Mirzə (Mirzə Əhməd oğlu Bayramov; 1888-1960) Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub.
   5 may 1892 - İstiqlal şairi, dilçi alim, tərcüməçi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. "Türk dilinin morfologiyası və sintaksisi" kitabını yazıb, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. Antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.
   5 may 1905 - Görkəmli ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 1905-18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
   5 may 1909 - Yazıçı-jurnalist Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov, 1909-10.12.1974) Naxçıvan MR-in Ordubad şəhərində doğulub. Kitabları: “Həyatımızdan səhifələr”, “Dostlar və tanışlar” və s.
   5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9. 1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
   5 may 1912 - Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912-17.4.1983) Ordubad rayonunun Dəstə kəndində anadan olub. Kitabları: “Babamın ürəyi”, “Mən yadına düşəndə” və s. T.Drayzerin, R.Taqorun əsərlərini dilimizə (ruscadan) çevirib.
   5 may 1922 - Xalq artisti Ələddin Aslan oğlu Abbasov Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. "Dəli Kür" (Cahandar ağa), “Torpaq. Dəniz. Od. Səma” (Əli), "Mən ki gözəl deyildim" (İmran), "Qatır Məmməd" (Məşədi Göyüş), “Nizami” (Xaqani), “Qətl günü” (Zülfüqar), "Özgə vaxt" (Ata) və s. filmlərə çəkilib.
   5 may 1930 - Tanınmış xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930-5.7.2002) Ağcabədi rayonunda doğulub.
   5 may 1938 - Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvaz Məhəmməd oğlu Ayvazov) Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olub. «Mozalan» satirik kinojurnalının baş redaktoru, «Azərbaycanfilm» kinostudiyasının direktoru işləyib. Kitabları: “İllər... pillələr”, “Dünyanın tərkində” və s.
   5 may 1940 - Şair, ədəbiyyatşünas Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev; 1940- 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Kitabları: "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Meşə nəğməsi", "Alın yazımız" və s.
   
   6 may 1947 - Filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya dair tədqiqatların müəllifidir. Ali Sovetin (1991-1995) deputatı, təhsil naziri (1992-1993) olub.
   
   Dünya
   
   3 may dünyada “Beynəlxalq söz və mətbuat azadlığı günü” (World Press Freedom Day) kimi qeyd olunur. 1991-ci il mayın 3-də dünya jurnalistlərinin Namibiyanın paytaxtı Vindhukda keçirilən seminarında qəbul olunan “Vindhuk Bəyannaməsi” ilə əsası qoyulub. 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən rəsmi gün kimi təsis edilib.
   3 may 1469 - İtalyan filosofu, yazıçı, tarixçi Nikkolo Makiavelli (Niccolo Machiavelli; 1469-22.6.1527) Florensiyada doğulub. Siyasət və əxlaq mövzusunda “Hökmdar” əsərini, “Florensiya tarixi”ni yazıb.
   3 may 1910 - Rus şairəsi, yazıçı Olqa Fyodorovna Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
   
   4 may 1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna) «Hərb və sülh» (Nataşa Rostova) və s.
   
   5 may 1813 - Danimarka mütəfəkkiri, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.
   5 may 1818 - Alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marks (Marx; 1818 - 14.3.1883, London) Trier qəsəbəsində doğulub. Əsərləri: “Alman ideologiyası”, “Kapital", “Anti-Dürinq" (Fridrix Engelslə birgə) və s.
   5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Girdab", "Polonetskilər ailəsi" və s.
   
   6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856-1939) anadan olub. Əsərləri: “Yuxuların yozulması”, “Totem və tabu”, “Bir illüziyanın gələcəyi”.
   6 may 1868 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1868-1925) anadan olub. Əsərləri: “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s.
   6 may 1904 - İsveç yazıçısı və şairi, Nobel mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
    6 may 1922 -SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş anadan olub. «Qafqaz əsiri» (Saaxov), “İvan Vasilyeviç peşəsini dəyişir” (Şpak) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   Hazırladı: Vüqar Orxan