Açılmamış səhifələr
   
   Qeysər Kaşıyeva professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadındır. Bu il anadan olmasının 120 ili tamam olur. Xeyli müddətdir ki, onun barəsində yazmaq üçün müxtəlif arxiv materiallarını və məxəzləri araşdırırdım. Amma qəti bir nəticəyə gəlmək müşkülə dönmüşdü. Müxtəlif rəylər, bir-biri ilə uzlaşmayan faktlar çaşqınlıq yaradırdı. İstər internet saytlarında, istərsə də ötən əsrdə işıq üzü görmüş qəzet və jurnalların səhifələrində bu xanımla bağlı fərqli fikirlərə rast gəlinirdi.
   
   İşin bir çətinliyi də onun ailəsi ilə bağlı təzadlı fikirlər idi. Belə ki, bir yerdə onun ailə qurandan sonra daşıdığı soyad Seyidbəyli, digər bir mənbədə isə Kəsəmənli göstərilirdi. Amma hər iki faktın ünvanlandığı şəxsiyyət Qeysər xanımın özü idi. Bir sıra məlumatlarda uyğunluq olsa da, təzadlar şübhə yaradırdı.
   Bu yerdə zərurətdən doğan təsadüf köməyə çatdı. Kulturoloq Fuad Məmmədovun təzə çapdan çıxmış monoqrafiyasını vərəqləyəndə yeni nəşrin titulunda müəllif kitabı babası Şirin bəy Kəsəmənliyə ithaf etdiyini bildirirdi. Təqdim olunan şəkildə isə Qeysər xanımı dərhal tanıdım. Nəhayət, bu təsadüfün köməyi sayəsində əsl həqiqətləri öyrənmək mümkün oldu.
   ...Qeysər Kaşıyeva 1893-cü ildə Tiflisdə tacir ailəsində anadan olub. Valideynlərinin mədəniyyətə, maarifə göstərdiyi diqqət sayəsində Qeysər kiçik yaşlarından təhsil alıb. Rus dilini öyrənmək üçün o, yeddi yaşında ikən qız pansionunda oxumuş, sonra Tiflisdəki Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdə onun istedadı, rəssamlığa meyli üzə çıxıb. Qeysərin çəkdiyi şəkillər müəllimlərinin də diqqətini çəkib. O, rəssamlıqla yanaşı, bədii qurama və bədii toxuma işlərinə də maraq göstərirmiş. O dövrdə Qafqazda ayrıca rəssamlıq məktəbi yox idi. Gimnaziyada oxuyan azərbaycanlı qızın xoş sorağı o zaman Tiflisdə çıxan «Molla Nəsrəddin» jurnalının karikaturaçı-rəssamı Oskar Şmerlinqə də gəlib çatmışdı. O, Qeysərlə tanış olaraq əl işlərinə baxmış, təhsilini mütləq davam etdirməyi məsləhət görmüşdür. Xoşbəxtlikdən Tiflisdə incəsənəti təbliğ edən cəmiyyət fəaliyyət göstərirdi. Onun nəzdində rəssamlıq məktəbi var idi. Burada məşhur rəssamlar istedadlı uşaqlara sənətin sirlərini öyrədirdilər. Cəmiyyətin sədri rəssam Riçard Karloviç Zommer Oskar Şmerlinqin yaxın dostu idi. Şmerlinq onunla söhbət edərək Qeysərin mükəmməl təhsil almasına kömək göstərməyi xahiş edir. Beləliklə, Qeysər Kaşıyeva 1907-1908-ci illərdə rəssamlığın sirlərini öyrənməyə başlayır. Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib edirdi. Portret janrına böyük həvəsi vardı. Təhsil illərində bu janrda çəkdiyi əsərlər Tiflisdə təşkil edilmiş rəssamlıq sərgilərində uğurlar qazanırdı. O, kömürlə, tuşla, sulu və yağlı boya ilə işləməyi çox sevirdi. Riçard Zommer Qeysərin istedadını qiymətləndirərək ona məsləhət görürdü ki, mütləq Moskvaya gedib rəssamlıq təhsilini daha da mükəmməlləşdirsin. Hətta söhbətlərinin birində demişdi ki, əgər sən Moskvada Stroqanovski Rəssamlıq Məktəbində oxusan, gələcəkdə çox məşhur rəssam olacaqsan. Bu işdə ona kömək edəcəyinə də söz vermişdi. O dövr çətin olduğundan müsəlman qızının yad bir şəhərdə oxumağa getməsi müşkül məsələ idi. Bu səbəbdən də Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin keçirdiyi mədəni tədbirlərdə fəal iştirak etməklə kifayətlənən Qeysər xanımın şöhrəti şəhəri bürümüşdü. Yüksək səviyyəli tədbirlərə, müxtəlif mərasimlərə gənc fırça ustasını tez-tez dəvət edirdilər. Belə görüşlər isə onu şəhərin tanınmış ziyalıları, şairləri, jurnalistləri ilə tez-tez rastlaşdırırdı.
   Belə görüşlərin birində Qeysər xanım polkovnik Şirin bəy Kəsəmənli ilə tanış olub. Bu yaraşıqlı zabit qazaxlı Çingiz bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət qusar (yüngül süvari) alayında qulluqda olmuşdu. Kiyevdə II Konstantin Topçu Məktəbində hərbi təhsilini davam etdirən Şirin bəy Kəsəmənli I Dünya müharibəsində «Dikaya diviziya»nın tərkibində vuruşmuş, «İgidliyə görə» medalı və IV dərəcəli «Müqəddəs Georgi» ordeni ilə təltif olunmuşdu.
   Qeysər xanıma aşiq olan Şirin bəy onunla mütləq ailə qurmaq istəyində idi. Amma atası bu işə razılıq verməmişdi. «Bəy oğlu tacir qızı ilə evlənə bilməz», - söyləmişdi. Oğlunun inad etdiyini gördükdə onu bu yoldan döndərmək üçün qətiyyətlə demişdi: «Əgər sən bu qızla evlənsən, mən səni bütün varidatdan məhrum edəcəyəm». Şirin bəy hər şeyə rəğmən Qeysər xanımla ailə qurmağa üstünlük verdi. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Orduda xidmətə başlayan Şirin bəy Kəsəmənli Gizirlər Məktəbinin ilk azərbaycanlı rəisi olub. 1919-cu il aprelin 8-də onu İkinci Bakı Piyada Alayının komandiri təyin ediblər. Beləliklə, ölkəmizin şimal sərhədlərinin müdafiəsi üçün yaradılmış Xaçmaz dəstəsinə rəhbərlik Şirin bəy Kəsəmənliyə həvalə olunub. Onun ölümü haqqında məlumatlar da müəmmalıdır. Məxəzlərin birində ağır xəstəliyə tutularaq vəfat etdiyi göstərilir, digər bir məlumatda isə ermənilər tərəfindən öldürüldüyü yazılır. Elə kulturoloq Fuad Məmmədov da söyləyir ki, babam 1919-cu ildə naməlum şəkildə qətlə yetirilib.
   Bir yaşlı qızı Ləyiyə ilə həyatın dolaylarında tək qalan Qeysər xanıma heç yerdən kömək göstərilməyib. Hətta qayınatasına sığınmaq istəsə də, Çingiz bəy tərsliyindən dönməyib. Müəllimə işləməklə qızını tərbiyə etməyə çalışan Qeysər xanım çox sonralar rayonda hərbi komissar vəzifəsində çalışan Zülfüqar bəy Seyidbəyli ilə tanış olub. Zülfüqar Abbas bəy oğlu Seyidbəyli 1892-ci ildə Şuşada anadan olmuşdu. İlk təhsilini də bu qədim şəhərdə almış, Realnı Məktəbdə oxumuş, sonra hərbiçi kimi yetişmişdi. O, Xaçmazda hərbi komissar işlədiyi vaxt rəssam və müəllimə Qeysər xanımla tanış olub. Beş il davam edən səmimi dostluq sonradan məhəbbətə çevrilib. Qeysər xanım ikinci dəfə ailə qurmalı olub. Zülfüqar bəy çox həssas və mehriban bir insan idi. Ləyiyəyə doğma ata münasibəti göstərib. Bəlkə elə bu ürəyinə görə də Allah ona da qız övladı bəxş etdi. Vəzifədən vəzifəyə yüksələn Zülfüqar Seyidbəyli ömrünün ən yaxşı çağında qara tufanla üzləşdi. Böyük arzularla döyünən, qurub-yaratmaq eşqi ilə çırpınan ömrü 1937-ci ilin repressiyasına düçar oldu. Onu “xalq düşməni” adı ilə həbs edərək güllələdilər. Qeysər xanım da gözaltına alındı. Sonra da həbs edilərək sürgünə göndərildi. Ömrünün şirin və gənclik çağlarını həbs düşərgəsində keçirən Qeysər xanımın arzularını belə soldurdular. Balaları qoca nənənin himayəsində qalan, əsərləri yandırılan, dağıdılan Qeysər xanım 1942-ci ilə kimi sürgündə min bir əziyyət çəkdi. Yalnız 1956-cı ildə bəraət alandan sonra qızlarını başına yığaraq öz sənəti ilə məşğul oldu. Fuad Məmmədov söyləyir ki, xalamdan eşitmişdim, nənəm (Qeysər xanım - F.X.) küçəyə çıxmağa ehtiyatlanırmış. Düşünürmüş ki, birdən Mir Cəfər Bağırovla rastlaşaram. O, məni dərhal güllələyər. Gözünün odu alınmış Qeysər xanım o qədər vahimə və qorxu içində yaşayıb ki, hər an ölümlə, haqsızlıqla, namərdliklə rastlaşa biləcəyini unutmurmuş. Halbuki Mir Cəfər Bağırov vaxtilə onun birinci yoldaşı Şirin bəy Kəsəmənlinin mühafizəçisi olmuşdu. Həyatın qəribəliyi və təzadlarla dolu olması gör bu qəlbi yaradıcılıqla dolu olan bir xanıma hansı taleyi qismət etdi?!
   Mədəni mühiti çox zəngin olan Tiflis kimi şəhərdə doğuldu, müsəlman qızlarının təhsilin, elmin dalınca getməsi yasaq olduğu bir dövrdə o, peşəkar rəssamlıq təhsili aldı. İstedadı və qabiliyyətinə görə Avropanın tanınmış məşhur rəssamlarının diqqətini çəkdi, bir-birindən maraqlı və gözəl rəsm əsərləri yaratdı. Tiflisdə baş tutan sərgilərdə azərbaycanlı qızının əsərləri ilk dəfə nümayiş olundu. Tanrı ona istedad verməklə bərabər, daxili və zahiri gözəllik də bağışlamışdı. Şirin bəy Kəsəmənli kimi bir zabitin ürəyinə od saldı. Bu mərd kişi də bütün var-dövlətdən keçərək məhəbbəti yolunda qətiyyət göstərdi. Amma yarımadı Qeysər xanım. Körpə fidanı ilə tək qaldı. Tale ikinci dəfə onun qarşısına yaxşı insan çıxartdı. Ailə qurdular, qoşa fidanlar böyütmək istədilər, amma bu dəfə də qara yellər əsdi, tufanlar qopdu, rüzgarlar bu ailənin sahmanını pozdu. Həyat yoldaşını itirməklə bərabər, özü də repressiyanın caynaqlarına ilişdi. Əsərlərinə olan tufanı ömrünün sonuna kimi unutmurdu. Bu rəssamın yaradıcılığından çox cüzi əl işləri - «Yanğınsöndürən», «Gürcü qızı», «Kəndli», «Ziyalı qadın», «Qoca keşikçi», «Qoqolun portreti», «Azərbaycan ziyalısı», «Göl sahili» kimi əsərləri, bir sıra mənzərə, kiçik kağızlarda uşaqlar üçün işlədiyi nağıl süjetləri qalıb. Azərbaycan mədəniyyət tarixinə adını əbədi həkk etdirmiş bu rəssam xanımın acı taleyi uzun çəkdiyindən onun rəsmləri, portretləri və digər əsərlərinin də bir qismi əl-ayaqda itdi. Bəlkə də yaratdıqları bütöv şəkildə qalsaydı, bu gün rəssamlıq tariximiz üçün necə qiymətli yadigarlar qoyduğu bəlli olardı.
   Böyük Səməd Vurğunun təbirincə söyləsək, həqiqətən də sənətkarlar heç vaxt unudulmurlar. Onların yaratdıqları xalqın milli-mənəvi dəyərlərinə çevrilir. Qeysər Kaşıyevanın adı çoxuna bəlli olmasa da, onun qiymətli rəsm əsərləri təsviri incəsənətimizin müəyyən dövrünü əhatə etmək və öyrənmək baxımından çox əhəmiyyətlidir. Bu xanım nəinki Azərbaycanda, eləcə də Şərq dünyasında ilk peşəkar qadın rəssam kimi adını tarixə əbədi həkk etdirib. İlkinlər heç vaxt unudulmurlar. Bu da taleyin yazısıdır ki, ilkin olmaq nə qədər şərəflidirsə, bir o qədər də çətin və ağır yollardan keçir. Qeysər Kaşıyevanın ömür yolu kimi...
   
   Flora Xəlilzadə,
   Əməkdar jurnalist