Görkəmli sənətkar, tanınmış rəssam və heykəltəraş Zahid İsa oğlu Hüseynovun (1945-2012) vəfatından bir ilə yaxın vaxt keçir. Onun yaradıcılığını əhatə edən monumental keramika, rəngkarlıq, heykəltəraşlıq və tərtibat işləri incəsənətimizin gözəl nümunələrindəndir.
   
   Qəribədir, çox zaman daş, şamot, ağır və sərt materiallarla işləyən Zahid müəllim əslində çox mülayim və qayğıkeş idi. İşinə son dərəcə diqqəti onun əsərlərinin kompozisiya və rəng həllindən açıq hiss olunurdu. Hər bir əsəri öz dərin mənası ilə insanı düşünməyə vadar edirdi. Mənəvi dünyasının zənginliyi, yüksək bədii zövq və ustalığı monumental keramika, heykəltəraşlıq əsərlərində aydın ifadə olunurdu. Keramik kompozisiyalarda forma və məzmun bir-birini o dərəcədə tamamlayır ki, ikinci bir forma barədə düşünmək mümkün olmur.
   Əsərlərindəki milli xüsusiyyətlər əslində sənətkarın öz soyuna, elinə bağlılığın ən bariz nümunəsidir ki, bu da onun əsərlərində ana xətti təşkil edirdi. “Çoban”, “Evimizə gəlin gəlir”, “Bulud”, “Dünyanın iki üzü” incəsənətimizdə insan hisslərinin daşla ifadə olunmuş gözəl nümunələrindəndir. Onun hələ heç yerdə işıq üzü görməyən rəngkarlıq əsərlərində sanki uzaq keçmişimizdən süzülüb gələn bir doğmalıq var. Bədii həlli, rəng çalarları və miniatür sənətinin özünəməxsus xüsusiyyətlərini özündə cəmləyən bu əsərlər insanda, zəngin təəssürat yaratmaqla yanaşı, sanki ruhumuza bir rahatlıq verir.
   Zahid Hüseynovun əsərləri keçmiş SSRİ-nin bir sıra respublikalarında, beynəlxalq sərgilərdə və 10-dan çox xarici ölkədə nümayiş olunub. Bir sıra beynəlxalq simpoziumlarda böyük uğurlar qazanmışdı. 1998-ci ildə “Əsrin müqaviləsi” əsərinə görə Tbilisidə keçirilən keramika üzrə I beynəlxalq simpoziumun qızıl medalına layiq görülmüşdü. Bu, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdıran, onun iqtisadi və siyasi həyatında böyük önəm daşıyan bir müqaviləni keramika dilində ifadə edən mükəmməl bir əsərdir.
   Zahid müəllim xalqın sevinci ilə yanaşı, onun kədərinin acısını da içində yaşadır və bunu öz əsərlərində ifadə edirdi. Belə əsərlərdən biri də 1991-ci ildə Gürcüstanda (Qaraçöp) ucaldılmış “Şəhid” abidəsidir. Həmin əsərə görə o, 2002-ci ildə Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdi.
   Bütün bunlarla yanaşı, Azərbaycanın müxtəlif bölgələrində, həmçinin Ukraynanın Çernobıl şəhərində, Moskvada bir sıra tərtibat işləri və monumental divar rəsmləri onun yaradıcılığının məhsuludur.
   2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı adına layiq görülmüş Zahid Hüseynov yaradıcılığı ilə çoxlarının sənətdə mənəvi müəllimi olmaqla onların bədii zövqünün formalaşmasına xidmət göstərəcəkdir.
   
   Nəsibə Şükürova