Azərbaycan
24 may 1830 - Publisist, maarif xadimi Hüseyn Əfəndi Yusif oğlu Qayıbov (1830-1917) anadan olub.
24 may 1863 - Şair, nasir, tərcüməçi, görkəmli maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) Şəkidə anadan olub. "Qonşu qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Rus şairlərindən (Krılov, Puşkin, Lermontov), Firdovsidən, Şillerdən tərcümələr edib. Qori Müəllimlər Seminariyasında dərs deyib, sovet dövründə pedaqoji fəaliyyətini davam etdirib, dərsliklər (“Uşaq bağçası”) yazıb.
24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Şairliklə yanaşı, tərcüməçilik fəaliyyəti də çox zəngin olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edərək “Məğrib günəşləri” kitabında (1912) çap etdirib.
24 may 1875 - Şair, publisist, tərcüməçi, folklorşünas, maarif xadimi Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (1875-1923) anadan olub.
24 may 1879 - Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
24 may 1880 - Şair, publisist Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov; 1880 - 4.3.1919) Naxçıvanda doğulub.
24 may 1885 - Tədqiqatçı alim, tərcüməçi Əli Eyyub oğlu Şabanov (1885-1949) anadan olub.
24 may 1885 - Şair, publisist Cabbar Əsgər oğlu Əsgərzadə (1885-1966) anadan olub.
24 may 1893 - İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893-27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ilk ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanı olub.
24 may 1893 - Ədəbiyyatşünas Mustafa Zəkəriyyə oğlu Quliyev (1893-1938) Şəkidə anadan olub. Azərbaycan SSR xalq maarifi komissarı (1922-1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının redaktoru işləyib. Repressiya qurbanıdır.
24 may 1898 - Publisist, tərcüməçi, dramaturq, ictimai xadim Mirzə Bala Məmmədzadə (1898-8.3.1959) Abşeronun Zirə kəndində doğulub. Xalq Cümhuriyyəti mübarizlərindən olub. Sovetləşmədən sonra “İstiqlal” adlı gizli qəzet nəşr edib. 1923-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib. 30-cu illərdə Almaniyada yaşayıb, "Milli Azərbaycan hərəkatı" kitabını nəşr etdirib, “Yeni Qafqaziyyə", "Qurtuluş" və s. qəzetlərdə çalışıb. İstanbulda vəfat edib.
24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899 - 17.9.1944) Bakının Novxanı kəndində doğulub. Yazıçı-dramaturq Seyid Hüseynin həyat yoldaşıdır. 1937-ci ildə S.Hüseyn güllələnib, Ü.Sadıqzadə Rusiyanın Mordoviya vilayətinə həbs düşərgəsinə göndərilib. 1944-cü ildə həbsdən geri qayıdıb, Şamaxıda vəfat edib.
24 may 1910 - Dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk musiqili komediyası olan "Ər və arvad" səhnələşdirilib. Komediyanın ilk tamaşası Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım), H.Terequlov (Səfi), M.Əliyev (Kərbəlayi Qubad) və başqaları çıxış ediblər.
24 may 1913 - Aşıq Ağalar (Ağalar Bilal oğlu Mikayılov; 1913-1946) Kürdəmir rayonunda doğulub.
24 may 1925 - Məşhur azərbaycanlı kardioloq, ədəbiyyatşünas, türkoloq, ictimai xadim Cavad Heyət Təbrizdə doğulub. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” (iki cilddə), “Azərbaycan şifahi xalq ədəbiyyatı” və s. əsərlərin müəllifi, Azərbaycan dilində «Varlıq» jurnalının yaradıcısıdır.
24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 - 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub. Kitabları: “Şair ürəyi”, “Bu köhnə dünyada təzə nə var ki...”, “Uzaqlarda qalan dünyam”.
24 may 1948 - Görkəmli aktyor, Xalq artisti Fuad Ağarəhim oğlu Poladov Bakıda doğulub. Milli Dram Teatrında çalışıb, 1989-cu ildən Rus Dram Teatrının aktyorudur. Teatrla yanaşı, kinoda (“Qayınana”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Güllələnmə təxirə salınır!..”, “Ovsunçu”, “Arxada qalmış gələcək”, “Küçələrə su səpmişəm”), televiziya tamaşalarında (“Atayevlər ailəsində”, “Alov” və s.) zəngin obrazlar qalereyası yaradıb.
24 may 1967 - Filoloq alim, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925-1967) vəfat edib. "Əcəb işə düşdük", “Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu" və s. pyeslərin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib, Azərbaycan KP MK-nın katibi olub.
25 may 1936 - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdilər. 1936-cı ildə respublikanın musiqi qurumları Dövlət Filarmoniyasında birləşdirildi.
25 may 1949 - Əməkdar artist Tofiq Əbdürrəhim oğlu Hüseynov Qusar rayonunun Hil kəndində doğulub. İrəvan, Sumqayıt, Gənc Tamaşaçılar teatrlarında çalışıb. 2001-ci ildən Milli Dram Teatrının aktyorudur. “O dünyadan salam”, “Biz qayıdacağıq”, “Cavid ömrü” filmlərində çəkilib.
26 may 1877 - Maarifçi-alim Məhəmmədəli Tərbiyət (1877-17.1.1940) Təbrizdə doğulub. Şəhərin bələdiyyə rəisi olub, yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb. Qədim zamandan XX əsrədək Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.
26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə latın qrafikalı əlifbanın tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Stalin repressiyasının qurbanı olub.
26 may 1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 - 3.10. 1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.
26 may 1938 - Şair Adil Rəsul (1938-1997) anadan olub.
26 may 1941 - Xalq artisti, tanınmış televiziya və radio diktoru Ofelya Hacağa qızı Sənani anadan olub. "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii, "Mücrü" və s. televiziya filmlərində çəkilib.
26 may 1953 - Yazıçı-publisist, jurnalist, tərcüməçi Elmira Hüseyn qızı Axundova anadan olub. "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının (İ.Şıxlı. B.Bayramov, V.Babanlı, M.Süleymanlı) əsərlərini rus dilinə tərcümə edib. 2005-ci ildən Milli Məclisin deputatıdır.
27 may 1906 - Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.
27 may 1926 - Xalq şairi, nasir Söhrab Tahir (Söhrab Əbülfəz oğlu Tahiri) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına gəlib. Onlarla poema, mindən çox şeir, bir sıra roman və povestlər, hekayə və publisistik məqalənin müəllifidir. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.
27 may 1956 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsidir. 20-dən çox poemanın ("Muğan", "Aygün", “Komsomol poeması”, “Zəncinin arzuları” və s.), "Vaqif", "Fərhad və Şirin", “İnsan” və s. mənzum dramların, dillər əzbəri olan onlarla şeirin müəllifidir. A.Puşkinin "Yevgeni Onegin", N.Gəncəvinin "Leyli və Məcnun" (fars dilindən) poemalarını tərcümə edib.
27 may 1992 - “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul olunub. Üzeyir Hacıbəyli və Əhməd Cavadın yazdıqları "Azərbaycan marşı" (1919) Dövlət himni kimi təsdiq edilib.
27 may 2008 - Əməkdar incəsənət xadimi Elşad Quliyev (1941, Cəlilabad - 2008) vəfat edib. 1983-1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib. Bir sıra sənədli filmlərin ssenari müəllifidir.
28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Əhməd bəy Ağayevin sədrlik (Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə Batumda Osmanlı nümayəndələri ilə danışıqlar aparırdı - red.) etdiyi iclasda «İstiqlal Bəyannaməsi» qəbul edilib. Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib.
28 may 1927 - Xalq artisti, tanınmış kamança ustası Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Yüksək ifaçılıq sənəti ilə yanaşı, 10-dan çox mahnının müəllifidir. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.
28 may 1947 - Görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, “İntizar”, “Sənin adın dənizdir” operaları, "Ağ atlı haqqında əfsanə" rok-operası, "Üç akvarel" vokal silsiləsi, "Boş beşik" baleti və s. əsərlərin, filmlərə (“Əlaqə”) musiqilərin müəllifidir. 2007-ci ildən Bəstəkar İttifaqının sədridir.
28 may 2002 - "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" fərman imzalanıb.
Dünya
24 may 1905 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1965) laureatı Mixail Şoloxov (1905 - 21.2. 1984) anadan olub. Əsərləri: “Sakit Don” , “Dirçələn torpaq”, “Onlar Vətən uğrunda döyüşüblər”, “İnsanın taleyi” və s.
24 may 1940 - Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1987) laureatı İosif Brodski (1940 - 26.1.1996) Leninqradda (Sankt-Peterburq) doğulub. 1972-ci ildə Amerikaya mühacirət edib, Nyu-Yorkda vəfat edib.
25 may 1803 - Amerika şairi, filosof, esseist Ralf Uoldo Emerson (1803-1882) anadan olub.
25 may 1942 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Aleksandr Kalyagin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun “İstintaq” (SSRİ Dövlət mükafatı), “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərinə çəkilib.
26 may 1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt ; 1822 - 16.7.1896) anadan olub. Məşhur yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.
27 may 1922 - Amerika aktyoru Kristofer Li (Christopher Frank Carandini Lee) anadan olub. 260-dan çox filmdə rol almış aktyor kimi adı “Ginnesin rekordlar kitabı”na düşüb.
27 may 1956 - İtaliya rejissoru Güzeppe Tornatore (Giuseppe Tornatore) anadan olub. Filmləri: “Yeni kinoteatr”, “Paradiso” (“Oskar” laureatı), “Malena” və s.
28 may 1908 - İngilis yazıçısı, Ceyms Bond haqqında romanların müəllifi Yan Lankaster Fleminq (Ian Lancaster Fleming; 1908-1964) anadan olub.
28 may 1934 - Gürcü aktrisası Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.
Hazırladı: Vüqar Orxan