Bu il 95 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) görkəmli simalarından biri, siyasi fəaliyyəti ilə yanaşı, mədəniyyət və maarifçilik tariximizdə də dərin iz qoymuş Əhməd bəy Pepinovdur.
   
   O, 1893-cü ildə indiki Gürcüstanın Ahıska bölgəsinin Axalkələk şəhərində dünyaya göz açıb. Tiflis gimnaziyasını uğurla başa vurduqdan sonra 1913-cü ildə sənədlərini Moskva Dövlət Universitetinin hüquq fakültəsinə verir və qəbul olunur. Hüquq fakültəsində oxumaqla bərabər, iqtisadiyyat fakültəsində də mühazirələr dinləyir. Tələbəlik illərindən ictimai fəallığı ilə seçilir. “Axalkələkli Əhməd Cövdət” imzası ilə “Açıq söz” qəzetində məqalələrlə çıxış edir.
   Onun dövrün Azərbaycan ziyalıları ilə sıx əlaqəsi vardı. Hələ Tiflisdə gimnaziyada oxuyarkən Pepinov Mirzə Cəlillə dostluq əlaqəsi qurur, “Molla Nəsrəddin” jurnalının yayılmasında fəal iştirak edir. Ömrünün sonuna qədər Mirzə Cəlilin ailəsi ilə dostluğunu kəsmir.
   Eyni zamanda, siyasi proseslərdə də fəallıq göstərirdi. 1917-ci ildə çarizmin süqutundan sonra Cənubi Qafqazdan Müəssislər Məclisinə üzv seçilir. 1918-ci ilin fevralında yaradılan Zaqafqaziya Seymində müsəlman sosialist blokuna daxil olur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Şurada sosialist fraksiyasının üzvü kimi dövlət quruculuğunda yaxından iştirak edir. Əvvəlcə Azərbaycan Milli Şurasının, daha sonra Xalq Cümhuriyyəti Parlamentinin katibi olur.
   Parlamentdə bir sıra qanun layihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi “Nəşrlər istehsalı haqqında” qanunun hazırlanmasında, Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edir. Cümhuriyyət dövründə Bakıda təntənəli “Türk gecələri” konsertinin və maraqlı müsabiqələrin təşkilində fəallıq göstərir.
   Onu da qeyd edək ki, həmin illərdə milli hökumət yüz nəfər azərbaycanlı gəncin dövlət hesabına xaricdə təhsil alması üçün qanun qəbul edir. Parlamentin xaricə göndəriləcək gəncləri müəyyən etmək məqsədilə yaratdığı müsabiqə komissiyasına Əhməd bəy də daxil idi. 1919-cu ilin dekabrında o, Xalq Cümhuriyyətinin beşinci hökumət kabinetində əmək və torpaq naziri postunu tutur.
   Əhməd bəy Pepinov 1920-ci ilin aprelində Azərbaycanın sovetləşməsindən sonra mədəni-maarif və nəşriyyat işləri sahəsində fəaliyyət göstərir. Buna baxmayaraq, bir millətçi kimi təqiblərlə üzləşir. Tənə və təqiblərdən sovuşmaq məqsədilə 1930-cu ildə Ulyanovsk şəhərinə köçmək məcburiyyətində qalır. Daha sonra Almatı şəhərinə (1934) köçür, Qazaxıstan SSR-də maarif nazirinin müavini vəzifəsinə təyin olunur.
   Lakin bolşevik hökuməti ondan əl çəkmir. Araşdırmalarda göstərilir ki, o illər repressiyaya məruz qalan digər şəxslərin dindirmələrində Pepinovun da adı hallanır. Tağı Şahbazinin həbsindən sonra istintaqın ilk dörd ayında müstəntiq ondan özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələr ala bilmir. Müstəntiq onu bir çox adamla üzləşdirsə də, məqsədinə çatmır. Bu üzləşdirmələrdən birində (1937) müstəntiq T.Şahbazini Qubaydullinlə üzləşdirir. Onun ifadəsində göstərilir: “Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi millətçi blok formalaşıb. Blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə həmçinin Sultan Quliyevdən də Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim...”
   Beləcə, amansız repressiya dalğası Pepinovdan da yan keçmir və 1937-ci ildə onu güllələyirlər.
   Onun ölümündən sonra ailə üzvləri də repressiya məruz qalır. Qeyd edək ki, Pepinov Xalq Cümhuriyyətinin qurucularından olan Həsən bəy Ağayevin qızı ilə evlənmişdi. Qızı, görkəmli aktyor Lütfəli Abdullayevin ömür-gün yoldaşı Sevda xanım Pepinova xatirələrində yazır: “Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri olmuşdu. Bu səbəbdən biz ”xalq düşməni\" ailəsi sayılırdıq. Sözsüz ki, “xalq düşməni”nin qızına o vaxt yaxın düşən ola bilməzdi. Amma Lütfəli heç nəyə baxmadı. Onun mərdliyi mənə hər şeydən əziz oldu. Biz 1948-ci ildə evlənmək istədik, amma arzumuz baş tutmadı. Ancaq anam vaxtsız dünyasını dəyişdi. 1955-ci ildə atamın bəraətini aldıq. Nəhayət ki, 1956-cı ildə ailə qura bildik. Bir ay nişanlı qalandan sonra, toyumuz oldu. O, hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi ki, sənin atanın oğlu yoxdur! Ona görə də, öz soyadını daşısan yaxşı olar...”
   Uzun illər haqqında danışmaq yasaq olmuş Cümhuriyyətimizin digər görkəmli simaları kimi, Əhməd bəy Pepinovun da adı və əməlləri tarixdə əbədi yaşayacaq.
   
   Savalan Fərəcov