Azərbaycan
   
   26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919, Qazax - 1995) vəfat edib. Ədib «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.
   26 iyul 2008 - Xalq rəssamı, Əməkdar incəsənət xadimi Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925, Laçın - 2008 ) vəfat edib.
   
   27 iyul 1991 - Əməkdar incəsənət xadimi, pianoçu, məşhur «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7. 1991) vəfat edib. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir.
   
   28 iyul 1935 - Tanınmış bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 - 15.9. 2006) anadan olub. Musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb: 4 simfoniya, 5 musiqili komediya, 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", “Çanaqqala"), 2 opera (“Ölülər", “Natəvan"), skripka ilə orkestr üçün, fortepiano və orkestr üçün konsertlər, mahnı və romanslar. “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Kişi sözü” və s. filmlərə musiqi yazıb.
   28 iyul 1937 - Görkəmli bəstəkar, dirijor, pedaqoq Müslüm Maqomayev (18.9. 1885, Qroznı - 1937) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu və sənət yoldaşı olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifidir. 1924-cü ildən Opera Teatrının rəhbəri və dirijoru, 1929-cu ildən Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri olub. Hər səhər efirdə səslənən “Radio marşı”nın müəllifidir.
   28 iyul 1993 - Şair, filologiya elmləri doktoru, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (23.6.1923, Qubadlı, Xocamsaxlı kəndi - 1993) vəfat edib. “Aşıq gördüyünü çağırır”, “İnsan min il yaşardı”, “Dağlar buraxmır məni” və s. kitabların müəllifidir.
   
   Dünya
   
   26 iyul 1856 - İngilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 1856 - 2.11. 1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Ürək sındırılan ev”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
   26 iyul 1875 - İsveçrə filosofu, analitik psixologiyanın banisi Karl Qustav Yunq (Carl Gustav Jung, 1875-1961) anadan olub.
   26 iyul 1885 - Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois - əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.
   26 iyul 1894 - İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.
   26 iyul 1928 - Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.
   26 iyul 1964 - Amerikalı aktrisa Sandra Ballok (Sandra Annette Bullock) anadan olub. Filmləri: “Sürət”, “Dağıdıcı”, “28 gün”, “Görünməyən tərəf” (“Oskar”, 2010).
   
   27 iyul 1824 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils; 1824 - 27.11.1895) anadan olub. İlk kitabı “Gəncliyin günahları” adlı şeirlər toplusu olub. 1848-ci ildə çap olunan “Kameliyalı qadın” romanı (və eyniadlı pyes) yazıçıya şöhrət gətirib. Digər əsərləri: “Diana de Lis”, “Yarıqaranlıq” (pyes), “Doktor Servan”, “Üç güclü kişi” (povest) və s. “Kameliyalı qadın” əsasında Cüzeppe Verdi “Traviata” operasını yazıb.
   27 iyul 1835 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1906) laureatı Cozue Karduççi (Giosue Carducci, 1835-1907) anadan olub.
   27 iyul 1853 - Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Qazmada yaşayan uşaqlar” və s.
   27 iyul 1915 - İtaliya opera müğənnisi, dünya şöhrətli tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.
   
   28 iyul 1750 - Böyük alman bəstəkarı İohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 - 1750) vəfat edib. Operadan savayı bütün musiqi janrlarında 1000-dən çox əsər yazıb. O cümlədən: 200-dən çox kantata, 250-dək orqan musiqisi, 7 konsert və s.
   28 iyul 1804 - Alman filosofu Lüdviq Feyerbax (Ludwig Andreas Feuerbach, 1804-1872) anadan olub.
   28 iyul 1812 - Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski, 1812-1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.
   28 iyul 1866 - İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter, 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar”.
   28 iyul 1887 - Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən olan Marsel Düşam (Marcel Duchamp, 1887-1968) anadan olub.
   28 iyul 1906 - Rus rəssamı Fyodor Reşetnikov (1906-1988) anadan olub. Sosrealizmin məşhur nümayəndəsidir. Əsərləri: “Yenə iki”, “Tətil başlanır”, “Sülh uğrunda” və s.
   
   29 iyul 1805 - Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville, 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”.
   29 iyul 1900 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1974) laureatı Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.
   29 iyul 1918 - Rus yazıçısı Vladimir Dudinsev (1918-1998) anadan olub. Əsərləri: “İnsan tək çörək üçün yaşamır”, “Ağ geyimlər”.
   29 iyul 1921 - Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.
   29 iyul 1954 - Məşhur bəstəkar, Rusiyanın Xalq artisti İqor Krutoy anadan olub. 300-dən çox mahnının müəllifi, “Yeni dalğa” (Yurmala) musiqi festivalının yaradıcılarından biridir.
   
   Hazırladı: Vüqar Orxan