“Saz ilə sözün, musiqi ilə şeirin qüdrətli və təbii birliyini dərindən duyan və ecazkar bir sənətlə ifa edən nadir bir xanəndə soruşsanız, mən dərhal Bülbülün adını çəkərəm. Bülbül sənətin ləyaqətini, ictimai mənasını layiqincə dərk edən və bunu yüksək tutan sənətkardır. Onu dinləyənlər yalnız musiqi yox, Azərbaycan xalqının zəngin sərvətinin, mədəniyyətinin, şeriyyətinin, incə, həssas, zəngin mənəviyyatının səsini dinləyir və sevirlər”.
Əməkdar elm xadimi, professor
Mir Cəlal Paşayev
Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) 1897-ci il iyunun 22-də Şuşada doğulmuşdur. 8 yaşında sənət yoluna qədəm qoyan yeniyetmə məlahətli səsinə görə xalq tərəfindən əbədi bir ada - Bülbül adına layiq görülür. İlk savadını Şuşa mollaxanasında almağa başlayan Bülbül 1909-cu ildə Gəncəyə köçür. Burada uğurla çıxış edir, şəhərin sənət həyatında yaxından iştirak edir.
1920-ci ildə Bülbülü Bakıya - Opera Teatrına “Əsli və Kərəm” muğam operasında baş rolu ifa etmək üçün dəvət edirlər. Kərəm obrazı opera səhnəsində Bülbülün ilk yaradıcılıq uğurlarındadır. Dinləyicilər onun sehrli səsinə, aydın nitqinə, hər sözü açıq tələffüz etmək bacarığına heyran olmuşdular. Hər frazadan sonra gurultulu alqışlar qopurdu.
Bülbül 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. O, burada vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə idi. 1927-ci ildə Konservatoriyanı müvəffəqiyyətlə bitirən Bülbül Azərbaycan hökumətinin qərarı ilə vokal bacarığını təkmilləşdirmək üçün İtaliyanın Milan şəhərinə oxumağa göndərilir.
1927-ci ilin noyabrından 1931-ci ilin oktyabr ayınadək Milanda təhsil aldı. İtaliyada təhsil ona iki məktəbin sintezini - dünya və milli incəsənətin ən yaxşı nümunələrini birləşdirməyə və yeni məktəb yaratmaq arzusunu həyata keçirməyə imkan verdi. Bu illər axtarış və kəşflərlə dolu illər oldu. 1931-ci ildə İtaliyanın məşhur musiqi jurnalı “Arte Nostra” Bülbülün şəklini və “Bulbul dell Azerbedgian” adlı məqalə çap etdi. Məqalədə deyilirdi: “Bülbül müsəlman aləmindən İtaliyaya təhsil almaq üçün gəlmiş ilk vokalçıdır. O, spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir”.
Maestro Rafele Qrani Bülbülün italyan oxuma məktəbini, tədris üsulunu mükəmməl mənimsədiyini etiraf etdikdən sonra Bülbül Avropada topladığı təcrübəni xalqa çatdırmaq, öz arzusunu - iki məktəbin sintezini həyata keçirmək üçün vətənə tələsir. Bülbülün sonrakı yaradıcılıq yolu bu arzunun gerçəkləşməsinin parlaq təsdiqidir.
1931-ci ildə Bülbülün İtaliyadan qayıtmasından, Dövlət Konservatoriyasında ilk məruzəsindən və Xalq Maarif Komissarlığının müşavirəsində çıxışından sonra Azərbaycan musiqi sənətinin inkişafında yeni mərhələ, musiqi dramaturgiyasının yeni tipi və buna uyğun kadrların hazırlanması üçün çətin iş başlanır.
1932-ci ildə Bülbül Azərbaycan musiqi folklorunun ən yaxşı nümunələrinin toplanması, tətbiqi, tədris edilməsi üçün Elmi-Tədqiqat Musiqi Kabineti yaradır. O, tarixi qədimlərə gedib çıxan xalq mahnılarını üzə çıxarmaq, respublikanın rayonlarına bol-bol səpələnmiş xəzinəni toplamaq məqsədilə ilk milli romanslarımızın müəllifi Asəf Zeynallı ilə birgə Qarabağa ilk elmi ekspedisiyaya gedir. Onların topladığı zəngin materiallar Elmi-Tədqiqat Musiqi Kabinetinin əsasını qoydu.
1933-cü ildə Bülbül pianoçuların, skripkaçıların, violonçel ifaçıları və vokalçıların Birinci Ümumittifaq Moskva müsabiqəsində iştirak edir. Müsabiqənin ilk azərbaycanlı laureatı olur.
Bülbül opera studiyasının, səsyazma kabinetinin, not nəşriyyatının yaradılmasının, parlaq istedadların aşkara çıxarılması üçün Azərbaycanda I Musiqi Olimpiadası çağırılmasının, musiqişünaslığa vahid rəhbərliyi təmin etmək məqsədilə SSRİ-nin ən məşhur musiqişünaslarının geniş müşavirəsinin keçirilməsinin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. 1935-ci ildə milli musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə Azərbaycan SSR-in Əməkdar artisti adına layiq görülür.
Bülbül heyrətamiz, çoxcəhətli sənətkardır. Xalq mahnıları, ariyalar, dünya və Azərbaycan klassikası... Aşıq Qərib, Kavaradossi, Hersoq, Aslan, Əliyar, Əsgər, Fərhad, Nizami...
Zirvədə isə Bülbülün Koroğlusudur. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazmışdır. Rövşən partiyasının tələb etdiyi o çox çətin tessituranı ustalıqla, rahat tərzdə yalnız Bülbül oxuya bilirdi. Operada təkcə “si-bemol”, “si”, üçüncü oktavanın “do”, “re” notları onlarcadır. Obrazın bu mürəkkəb ahəngini ifaçı öz oyunu ilə, açıq, sərbəst axan, qüdrəti ilə insanı valeh edən səsi ilə tamaşaçıya çatdırırdı. Bülbül xalq bahadırı Koroğlunun unudulmaz surətini yaratdı.
1938-ci il aprelin 5-də Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası “Koroğlu” operası ilə açıldı. Elə ilk tamaşadan Bülbül haqqında hərarətlə, heyranlıqla danışırdılar. O, öz sənəti ilə musiqiçiləri də, adi tamaşaçıları da məftun etmişdi. Paytaxt mətbuatı Bülbülün çıxışına çox sayda məqalələr həsr etdi.
Opera sənətinin inkişafı sahəsində görkəmli fəaliyyətinə görə 1938-ci ildə Bülbül SSRİ Xalq artisti kimi yüksək ada layiq görüldü.
Bülbül simfonik muğamların yaranmasının təşəbbüskarı və bilavasitə iştirakçısıdır. Fikrət Əmirovun “Şur” və “Kürd-ovşarı” simfonik muğamları onun təşəbbüsü ilə yaranmışdır. Böyük bəstəkar Bülbülə ünvanladığı “Şur” və “Kürd-ovşarı” partituralarının üzərində öz təşəkkürünü bu sözlərlə ifadə edib: “Mən Bülbülə iri simfonik əsərlərin yeni forması - simfonik muğamların yaranmasına görə borcluyam”.
Bu simfonik muğamlardan sonra Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-Şiraz” simfonik muğamları yarandı.
Lirik-dramatik tenor, geniş diapazonlu, nadir səsi ilə Bülbül dinləyicilərin qəlbinə hakim kəsilirdi. O, öz ifa ustalığı ilə xalqın böyük məhəbbətini qazanmışdı. Çoxillik zəhmətinə, konsert fəaliyyətinə görə sənətkar 1950-ci ildə Stalin mükafatı ilə təltif olundu.
O, ömrünün son günlərinədək musiqi sənətimizi zirvələrə qaldırmağa çalışırdı. Bülbül öz xalqını sonsuz məhəbbətlə sevirdi. O, doğma incəsənəti dar çərçivədən azad etmək, Azərbaycan musiqi xəzinəsinin dərindən öyrənilməsi üçün böyük işlər görmüşdür. Konservatoriyada vokal üzrə ilk azərbaycanlı professor Bülbül çoxlu istedadlı müğənnilər yetişdirmişdir. Onun yaratdığı Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan bəstəkarlarının yaradıcılıq inkişafında əhəmiyyətli və məhsuldar rol oynamışdır. Bugünkü Azərbaycan Milli Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu məhz bu kabinetin bazası əsasında yaradılmışdır.
Dahi sənətkar 1961-ci il sentyabrın 26-da dünyasını dəyişib. Amma onun irsi bu gün də yaşayır, milli musiqimiz, incəsənətimiz yaşadıqca Bülbülün adı və sənəti də əbədi olacaq. Onun yüksəlişlərlə dolu həyatına bu gün də qiymət verilir. 2012-ci il oktyabrın 31-də paytaxtımızdakı Bülbül prospektində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə vokal sənətimizin banisinin abidəsinin ucaldılması da buna sübutdur.
Bülbül, sözün əsl mənasında, ölməz sənətkardır. Xalq onun işıqlı surətini ürəyində qranit abidə kimi qayğı ilə qoruyur. Xalq yazıçısı Mirzə İbrahimovun illər öncə dediyi sözlər bu gün də yaşarıdır: “Əziz Bülbül! Sən bu gün də bizim aramızdasan. Sənin adın çəkilən hər yerdə insanların çöhrəsinə təbəssüm qonur, gözlər sevincdən, fərəhdən nurlanır. Belə olub, daim belə də olacaq”.
Fərqanə Cabbarova,
Bülbülün memorial muzeyinin baş mühafizi