Azərbaycan
   
   3 sentyabr 1916 - Rəssam, Əməkdar incəsənət xadimi Əyyub Müseyib oğlu Hüseynov (1916 - 17.4.1998) Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. Əsərləri: “Araz sahilində”, “Şahbuz”, “Yağışdan sonra”, “Yaylaqda”, “Çobanlar” və s.
   3 sentyabr 1931 - Xalq rəssamı, Prezident təqaüdçüsü Oqtay Yusif oğlu Şıxəliyev (1931-31.1.2012) Bakıda anadan olub. Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir.
   3 sentyabr 1951 - Görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri (1951-22.11. 2012) Bakıda anadan olub. 1974-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında ("Yollar görüşəndə...", "Qatarda", "Evləri köndələn yar", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" (trilogiya), "Göz həkimi", "Ac həriflər", “Yarımştat” və s.), kinoda ("Yol əhvalatı", “Tənha narın nağılı”, "Yaramaz", “Bəyin oğurlanması", “Lətifə", "Qətl günü", “Yuxu” və s.) yaddaqalan obrazlar yaradıb. Respublika Dövlət mükafatı, “Şöhrət” ordeni ilə təltif olunub.
   
   4 sentyabr 2003 - Tanınmış yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921-2003) vəfat edib. "Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai), "Eldən-elə" (coğrafiyaşünas Zeynalabdin Şirvani) və s. romanların müəllifidir. "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.
   
   5 sentyabr 1892 - Məşhur tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892-26.3.1973) anadan olub. Azərbaycan televiziyası və radiosunun xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda onun adını daşıyır) olub. “Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kitablarının müəllifidir.
   5 sentyabr 1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935-27.6.2013) anadan olub. Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”); televiziya tamaşaları - “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”; filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam” və s.
   5 sentyabr 1942 - Yazıçı-dramaturq Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev) Naxçıvan şəhərində anadan olub. “Üfüqlər qızaranda”, “Müdirin aqibəti”, “Əlvida köhnə dünya”, “Əgər sevirsənsə”, “Şəhərli kürəkən” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.
   5 sentyabr 1944 - Şair, dramaturq Hidayət Xuduş oğlu Orucov Qərbi Azərbaycanda, Zəngəzurun Mığrı bölgəsinin Maralzəmi kəndində doğulub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edib (1968-1984). Azərbaycan Respublikasının milli məsələlər üzrə dövlət müşaviri (1992-2006), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006-2012) işləyib. 30-dan çox kitabı nəşr olunub: «Zirvə çağırır», «İrəvanda xal qalmadı», «Həsrət», «Sözün vaxtı», «Burdan min atlı keçdi» və s. 2012-ci ildən Azərbaycanın Qırğızıstanda səfiridir.
   5 sentyabr 2002 - Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, KİV-in sərbəst inkişafının təmin edilməsi, iqtisadi və siyasi asılılığının aradan qaldırılması, maddi-texniki və maliyyə bazasının daha da gücləndirilməsi məqsədilə maliyyə vəsaiti ayrılıb.
   5 sentyabr 2007 - Aktyor Şahin Cəbrayılov (29.10.1949 -2007) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”), filmlərdə ( “Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”) yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   3 sentyabr 1883 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818-1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” (romanlar), “Ovçunun qeydləri” (hekayələr toplusu), “Asya”, “Bahar suları” (povestlər) və s.
   3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.
   3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Druse (İvan Drusa) anadan olub. Əsərləri: “Mehribanlığımızın yükü”, “Ağ kilsə” romanları, “Kasa mare”, “Zınqırovlu kürən madyan” pyesləri və s.
   
   4 sentyabr 973 - Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 - 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.
   4 sentyabr 1768 - Fransa ədəbiyyatında romantizm cərəyanın banilərindən biri Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand, 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Atalla və ya iki vəhşinin səhrada sevgisi”, “Rene və ya ehtirasların nəticəsi” romanlarının müəllifidir.
   4 sentyabr 1791 - Alman bəstəkarı Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub. Böyük həcmli operaların müəllifi kimi tanınıb: “Robert-şeytan”, “Quqenotlar” və s.
   4 sentyabr 1809 - Məşhur polyak şairi Yuliuş Slovaski (1809-1849) anadan olub.
   4 sentyabr 1892 - Fransız bəstəkarı Darius Miyo (Darius Milhaud, 1892-1974) anadan olub. Əsərləri: “Bədbəxt matros”, “Xristofor Kolumb” operaları, “Dünyanın yaranışı” baleti və s.
   4 sentyabr 1904 - Fransız rejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi), “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.
   4 sentyabr 1913 - İtalyan kinorejissoru Renato Kastellani (Renato Castellani; 1913-1985) anadan olub. Filmləri: “Romeo və Cülyetta”, “Cüzeppe Verdi”, “Leonardo da Vinçinin həyatı” və s.
   4 sentyabr 1952 - Məşhur hind aktyoru Rişi Kapur (Rac Kapurun oğlu) anadan olub. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı”, “Qara şahzadə Acuba” (sovet-hind filmi) və s.
   
   5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
   5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
   5 sentyabr 1912 - Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub. 
   5 sentyabr 1946 - Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Freddi Merkyuri (Freddie Mercury - əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan