Azərbaycan
   
   4 oktyabr 1923 - Məşhur aktyor, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. S.Vurğun adına Rus Dram Teatrında çalışıb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
   4 oktyabr 1924 - Tanınmış opera müğənnisi, aktrisa Sona Aslanova (1924 - 9.3.2011) anadan olub. Opera səhnəsində Gülçöhrə (“Arşın mal alan”), Nigar (“Koroğlu”) və s. rolları məharətlə oynayıb. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.
   4 oktyabr 1957 - Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916-1957) vəfat edib.
   4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917-2000) vəfat edib. Populyar mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
   4 oktyabr 2006 - Xalq artisti Hacıbaba Bağırov (12.6.1933 - 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmləri: "Ulduz", "Qanun naminə”, "Onun bəlalı sevgisi", "Alma almaya bənzər", "Şirbalanın məhəbbəti".
   
   5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.
    5 oktyabr 1901 - Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Maarifçi-yazar Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilən məktəb Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.
   5 oktyabr 1928 - Ədəbiyyatşünas Məsud Əlioğlu (1928- 1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Xalq yazıçısı Əli Vəliyevin oğludur.
   5 oktyabr 1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə Bakıda anadan olub. "Ağlar və qaralar" baleti, simfoniyalar, populyar mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Güllələnmə təxirə salınır!..” və s.), teatr tamaşalarına musiqi yazıb.
   5 oktyabr 1938 - Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası olub.
   5 oktyabr 1982 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (12.4.1907 - 1982) vəfat edib. "Kitabi-Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
   5 oktyabr 2002 - Azərbaycan Milli Televiziya və Radio Şurası yaradılıb.
   
   6 oktyabr 1956 - Xalq artisti Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” və s. filmlərdə çəkilib.
   6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.
   
   7 oktyabr 1369 - Dahi Azərbaycan şairi, filosof Seyid Əli İmadəddin Nəsimi (1369-1417) Şamaxıda anadan olub. Əsərlərini əsasən Azərbaycan dilində, qismən fars və ərəb dillərində yazıb. Nəsimi hürufilik təriqətinin ən məşhur nümayəndəsi kimi bütün Orta Şərqdə tanınıb. Ömrünün son illərini Suriyada yaşayıb. 1417-ci ildə Hələb şəhərində həbs olunub, "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilib. Qəbri Hələb şəhərindədir.
   7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, məşhur «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.
   7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir. Filmləri: “Bəxt üzüyü”, “Cin mikrorayonda”, “ Yalan” və s.
   
   Dünya
   
   4 oktyabr 1720 - İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi, 1720-1778) anadan olub.
   4 oktyabr 1816 - Fransız şairi, «İnternasional» himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier, 1816-1887) anadan olub.
   4 oktyabr 1946 - Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub.
   
   5 oktyabr 1713 - Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.
   5 oktyabr 1936 - Məşhur çex yazıçısı və dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çexiyanın prezidenti (1993-2003) olub.
   5 oktyabr 1943 - Rus aktrisası, SSRİ Xalq artisti İnna Çurikova anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Həmin o Münhauzen”, “Vassa” və s.
   
   6 oktyabr “Dünya təbii yaşayış məskənlərinin mühafizəsi günü”dür. 1979-cu ildə Avropa Şurasının “Flora və faunanın, təbii yaşayış məskənlərinin qorunması haqqında Bern konvensiyası”nın əsasında təsis edilib. 
   6 oktyabr 1887 - Fransa-İsveçrə memarı, memarlıqda modernizmin banilərindən biri, rəssam və yazıçı Şarl Eduar le Korbüze (Charles Edouard Le Corbusier - Charles Edouard Jeanneret-Gris, 1887-1965) anadan olub.
   6 oktyabr 1900 - Gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidze (1900 - 31.1.1987) anadan olub. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində (Ana) çəkilib.
   6 oktyabr 1914 - Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl, 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib. Alimin vikinqlərin (qədim norveçlilər) köklərinin Azərbaycanla bağlı olması barədə fikri elmi dairələrdə böyük rezonans doğurub.
   6 oktyabr 1940 - Litva aktyoru Yuozas Budraytis (Juozas Budraitis) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Qalxan və qılınc”.
   6 oktyabr 1940 - Rusiyanın Xalq artisti, aktyor Viktor Pavlov (1940-2006) anadan olub. Filmləri: “I əməliyyatı və Şurikin başqa macəraları”, “Görüş yerini dəyişmək olmaz”.
   
   7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 -1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qırmızı ölümün maskası”, “Qara pişik”.
   7 oktyabr 1915 - Rus şairi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.
   
   Hazırladı: Vüqar Orxan