Unudulmaz söz sərrafı Bəxtiyar Vahabzadənin belə bir misrası düşür yadıma: “Ölüm belə qəm deyil bu həyatı duyana”. Həyatı duyan hər bir kəs yaxşı bilir ki, ölüm bəşəridir. Hər bir canlı varlıq ölüm şərbətini dadacaq. Bu yerdə daha bir ustadın - ölməz Səməd Vurğunun misralarını xatırlayaq:
Əzəldən belədir çünki kainat,
Cahan daimidir ömür amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa dünya!
Amma, gəlin, etiraf edək ki, dünya da ölümə məhkum olan insanların əbədiyaşar əməllərinin sayəsində yaşamaqdadır. Əgər insanın özündən sonra əməlləri yaşayırsa, o yaşanan əməllər də öz davamçılarını yetişdirir. Beləcə - gedən gəlməz, gələn qalmaz, əcəb sirr - deyilən bu sirli dünyada hər kəs öz ömrünü yaşayır. Nəsiminin təbirincə, desək - gedən cismimdir, ruhum sizdədir - deyib bir hörmətli sənətkarımız da bizdən ayrıldı. Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimin uzun sürən xəstəlikdən sonra vəfatı hamımızı sarsıtdı. Ömrünü mənalı, fədakarlıqla yaşayan bu insan öz səmimiyyəti, elmi, yüksək vətəndaşlığı ilə hər kəsin qəlbində özünə yer tapmışdı. Musiqi mədəniyyətimizin inkişafında onun məxsusi yeri vardı.
1945-ci il sentyabrın 1-də Zəngəzur mahalının Şəki kəndində anadan olan Məcnun Kərim erkən yaşlarından musiqiyə böyük məhəbbət bəsləyərək ulu tarımızı köksünə sıxıb onu məharətlə dinləndirib, sənət yoluna qədəm qoyub. 1972-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) “Xalq çalğı alətləri” şöbəsini bitirir. Məcnun Kərim yalnız ifaçı kimi deyil, musiqi tədqiqatçısı kimi də geniş fəaliyyətlə məşğul olur. Xüsusən də qədim dövrlərin musiqi alətləri, klassik Azərbaycan poeziyasında musiqinin və musiqi alətlərinin vəsfi onu daha çox maraqlandırırdı. Bu istiqamətdə apardığı tədqiqatlarla o, əvvəlcə sənətşünaslıq namizədi (1995), sonra isə elmlər doktoru (2010) dərəcələrinə qədər yüksəldi, professor elmi adını aldı.
1991-ci ildən Bakı Musiqi Akademiyasının “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edən Məcnun Kərim bu işi praktik cəhətdən də həyata keçirərək “Qədim musiqi alətləri” ansamblını təşkil edir. 1996-cı ildə yaranan bu ansamblın tərkibində sənətsevərlər ilk dəfə olaraq çəng, çəqanə, barbəd, nüzhə, rud, rübab və bu kimi alətləri görə və dinləyə bildilər. Bunlar Məcnun müəllimin axtarışları nəticəsində meydana gələn, qədim dövrlərin səsini, sədasını bizə çatdıran musiqi alətləridir. Onun bu mövzu ilə əlaqədar olaraq monoqrafiyaları və çoxlu sayda məqalələri də var. Məcnun Kərim rəhbərlik etdiyi “Qədim musiqi alətləri” ansamblı ilə dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda, konsertlərdə, elmi konfranslarda çıxışlar etmişdir. Çıxışlarında bir alim və bir ifaçı kimi qədim musiqi alətlərimizin tədqiqi və bərpası ilə tariximizin, mədəniyyətimizin qədimliyini isbat edirdi. Bu dərin düşüncələrini və uğurlu tədqiqatlarını Məcnun Kərim tələbələri ilə də bölüşər və onları da bu istiqamətə yönəldərdi. Onun xidmətlərinə nəzər salanda bir daha mütəəssir oluruq. Çünki mədəniyyətimizə üz verən bu ağır itki humanist insanı, ləyaqətli bir vətəndaşı, gözəl alimi və müəllimi cismən aramızdan apardı. Amma, əminik ki, Məcnun müəllimi mədəniyyətimizə bəxş etdiyi töhfələr və xeyirxah əməlləri əbədi yaşadacaq. İşıqlı xatirəsi onu tanıyan hər kəsin qəlbini nurlandıracaq. Biz isə mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib deyirik: Əziz Məcnun müəllimin ruhu şad olsun, qəbri nurla dolsun.
Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru