Dilinizdə “qələmi” əvəzinə “ürəyi” oxunsa, gözünüzdə İmran Qasımov vizuallaşacaq...
Müharibədən sonrakı illərdə onun ssenarisi əsasında çəkilmiş filmlərdən biri idi - “Onun böyük ürəyi”. Həmin filmdə İmran Qasımovun böyük qələmi də özünü nişan vermişdi. Sonrakı illərdə bu qələm universal bir sənət-mədəniyyət aləmi yaratdı.
Ədəbiyyat-mədəniyyət aləminin rəsmi-rəyasətlik sahələrində tez-tez bir məqam-mənsəbdən digərinə doğru irəliləyib, öz istedad və təşkilatçılıq bacarığıyla müxtəlif təşkilatlara başçılıq edən İmran müəllim. Hər iki-üç əsərindən biri lentə alınan, hər dönəm-döngədənbir yeni-yeni “sənət partlayışı törədən”, “kino-qələm”, “kamera-xəyal”, “qələm-Mixaylosu” adlarıyla xatırlanan İmran Qasımov...
Bu təqdimat hələ onun qədir-qiymətinin başlanğıcıdır. Görkəmli Xalq yazıçısı, Dövlət mükafatı laureatının ədiblik əyarının “prob”u, görklü kinossenaristin dəyərləndirilməsinin “jurnalıdır”, “kinosu daldadır”. Bu çox dramatik dramaturqun afişasıdır - tamaşası zaldadır. Ustad qələmindən vizuallaşan meridianal lentlərdə, intellektindən formalaşan eridusion fikirlərdə, tədqiqat-təhqiqata möhtac arxivlərdə, ətrafındakı badalaq istedadlı bədxahların onun ürəyinə yansıdığı “ilişmə” infarktdan dolayı psixoloji “xal”larda və bir də bu yazının onunla bağlı qol götürdüyü -
Qaynar yolda...
İ.Qasımovun rəngarəng yaradıcılıq aləminə - epik-lirik, dramatik-kinematoqrafik əsərlərinə göz gəzdirdikcə, burada söylənəsi fikirlər qarşısında geniş meydan açılır. O, gənc vaxtlarından maraqlı ədəbi-bədii nümunələr yaratmağa başlayıb. 22 yaşında Bakı neftçilərinin həyatından bəhs edən “Yeni horizont” bədii filminin ssenarisini yazıb. Onun dil-üslub xüsusiyyətləri, situasiyayaratma manevrləri, ekoloji təsvir, psixoloji təfsir, eleqant monoloq və “intriqant” dialoqları ilə tanış olduqca, oxucuya elə gəlir ki, bu yazıçı ADU-nun (BDU) filologiya fakültəsini yox, dünyanın (hələ mövcud olmayan) hansısa “detektiv universitet”inin “qeylü-qal”ologiya kursunu bitirmişdir.
Bəli, elə məhz bu sayaq elementlərə görə onun yaradıcılıq yoluna “səhnə, kino, televiziya mətnləri” adıyla yox, “göz qənimətləri, qələm ritmləri” ladıyla ayaq verdim.
Hələ sadəcə İmran Haşım oğlu Qasımov ad-soyadlı bu fərdin sənət-bəsirət gözünün açılımına qədər olan dövrünün özü də öz dramatikliyilə səciyyəvidir. Həmin dövr dramatizminin baş qəhrəmanı isə müharibə idi. Belə ZAMANın yazıçıları isə “ala buludlar”ı hədəfləyən intəhasız təfərrüatlar donoru olan epitasiyalara, bəzi dinamik təsvirlər zamanı “dayan-doldurum” epizodlara yol verə bilmirlər. Dava dövrlərində hər şeydə bir yavalıq olur, fikir-zikrlərin yönü döyüş “qiblə”sinə, hər mətnin fabulası qaçaqaçlıq dinamikasına, qələbə tonikasına çevrilir.
Çoxsahəli arxa cəbhənin ədəbi səngərinə zəngin material verən bu tip əngəl illərin elə ilk günlərindən iyirmi üç yaşlı İmran dövri mətbuatda zarisovka, oçerk, reportaj, məqalə atəşləri saçmağa başlayır. Gündüzlər müşahidə kəşfiyyatına çıxıb, gecələr alovlu publisistik yazılara girişir. Lakin günlər tez, həftələr bez, aylar boz keçdiyindən, o “bir kağız, bir qələm” aləmindən “söz və göz” dilinə keçməyi qərarlaşdırır. Yəni başını qaşımağa macal tapmayan cəmiyyət üçün tiraj-tiraj yazıb, adda-budda oxutdurmaq işindən - yazdıqlarını lentə aldırıb kütləvi-ölkəvi baxdırmaq işinə qədəm qoyur. İctimai məna-mahiyyətini, qələbə güdüyünü dəyişməyən qələmi vizual ritmlərlə döyünməyə başlayır. 1942-ci ildə daha bir ssenari ilə kino mədəniyyətimizə “Sovqat” payı verir. Arada yazıb lentə aldığı bir neçə qısa və tammetrajlı filmlərdən sonra - 1945-ci ildə od-alovlardan qurtulmaqda olan vətən tamaşaçıları ilə ssenarisi ilə çəkilmiş “Əbədi Odlar ölkəsi” sənədli filmi ilə gəlir.
“Hər aşiqin dövranı” olduğu kimi, hər dövranın da müxtəlif missiyalı aşiqləri olmurmu? Olur və onlar tək elə bu istedadlı gəncin əbədi odlar bölgəsində yox, bütün sovetlər ölkəsində hər gün, hər saat səngərlərdə döyüşür, nəyəsə doğru gedib-gəlir, gah fədakarlıq, gah sabotaj edə-edə əlləşib-vuruşur, həyat verə-verə, ömür kəsə-kəsə yaşayıb-yaradırdılar... İstəklərində, əməli işlərində, psixo-içlərində arzu rəngarənglikləri olan bu milyonların ən ümumi, ən tamarzı gözləntiləri isə eyni idi: -
Qələbə!
Yəni bütün zamanlarda (döyüşmüş, döyüşən və hələ döyüşəsi) tərəflərin eyni istəyi. Amma böyüklərin bu dava-dava “oyun”u “halva-halva” deməklə alınmayan problemlərin ən cəncəli! Bu, siyasətində qırx, cəmiyyətində min dilli SSRİ-nin milyonlarından çox şey umur, çox fədakarlıqlar gözləyirdi; - adını təxəllüs götürdüyüm bizim kənddə daha çox pambıq yığılmasından tutmuş, “Neftçi Qurban” mahnılı, “Bəxtiyar” filmli sizin şəhərdə daha artıq neft çıxarılmasına, nənələrin isti əlcək-corab toxuyub soyuq orduya, qızların sevgisiz cəbhələrə göndərdikləri alovlu “üçkünc” məktubları, hamımızın uzaq sahillərdəki bir oğlumuzun alman zabitlərilə dolu kinoteatra qoyduğu partlayıcının nə vaxt işə düşəcəyinə bəslədiyimiz həyəcan-marağa qədər - hər şey!
Və bütün bunlar günlərlə-aylarla başa vurulmayan povestlərdən-romanlardan fərqli bir vasitə ilə bəyan olunmalıydı. Dörd il sərasər vəsvəsə-səksəkə içində yaşamış ölkəyə, siyasət-rəyasət dokladlarından doymuş əhaliyə sənətin ən əyani, “incəsənətin ən canlı sahəsi” ilə əyan edilməliydi. Gecələr işığı sönülü, qapı-pəncərəsi örtülü, aynası tutulu, qaş-qabağı qıfıllı arxa cəbhəçilər üçün ssenarilər yazılmalı, filmlər çəkilməliydi.
İmran Qasımov da bu atəşsiz cəbhənin barmaqsayı sənət komandirlərindən biri kimi çalışır, qələm-əsgərlərdən biri olaraq, müşahidələrini qələm-kağıza alır, kinolentlərə çəkdirirdi.
“İmran Qasımovun hər iki-üç kəlməsindən, beş-üç xatirat-təəssüratından biri əsl vizual element, nəticə etibarilə bitkin bir kino-lent idi”. Müasirlərinin söylədiyi bu qənaəti onun zəngin filmoqrafiyası da təsdiq edir. Adlıqları, mövzuları, məram-məqamları öz avtoportretini andıran filmoqrafiyası!
İ.Qasımovun ssenariləri əsasında çəkilmiş, lakin zamanın ictimai-siyasi baxışlarıyla əlaqədar obyektiv-subyektiv münasibətlər tünlüyü içərisində gömülmüş bir çox filmlərindən fərqli - ünlü sənətkar Həsən Seyidbəyli ilə birgə yazdığı “Uzaq sahillərdə” şedevrinə doğru çox böyük sürət, haqq-halal bir surətlə gəlirdi. Onlar bu kino-əsərlə “İnsanın taleyi” (M.Şoloxov) qarşısına mükəmməl bir Azərbaycan filmi, sinəsini atəşə sipər edib pulemyotu susduran bədii matrosovların qabağına real-fenomenal bir Azərbaycan balası çıxarmış oldular. Bu sənədli-publisistik, ədəbi-bədii faktura kinematoqrafçılarımıza qeyri-adi bir ekran əsəri yaratmaq üçün əsrarəngiz dəstavuz vermiş oldu. Buradakı faktoloji təsvirlərin, situasiyaların, dialoqlardakı hədsiz dinamik-psixoloji nüansların yaradıcı qrup qarşısında açdığı üfüqlər hər kadrda, hər məqamda hiss olunur. Xüsusən də hadisələrin daxili polifoniyası ilə ecazkar dərəcədə səsləşən musiqi! Dahi Qara Qarayevin artillerik notları böyük Qələbə uğruna qoşulan bu söz və şəkil duallığını triumfallaşdırmışdır!
Belə bir qənaəti də vurğulayım ki, kinematoqrafiya mütəxəssisləri bu filmdəki müəllif ifadələrindən bir çoxunun atalar sözü və zərb-məsəl dəyəri qazandığından da söhbət açıblar. Qeyd ediblər ki, məşhur “O olmasın, bu olsun” abidəsində olduğu kimi (“Heç hənanın yeridir?”, “Dəyərəm min cavana” və s.), “Uzaq sahillərdə” də gündəlik leksikon “menyu”muzu zənginləşdirən sözlər az deyil: “Doqquzun yarısında!”, “Qoy bir özümə gəlim”, “O, qardaşlıq dininə inanır, ata!”, “Xatırladım... gülsatan qız”, “İki Mixaylo asmışıq, üçünü güllələmişik”, “Həmin dalğa, həmin koordinat”...
...Və bu filmo-titroqrafik sadalamadan sonra, bu çoxşaxəli müəllifin tituloqrafik “ad”almaları: alovlu publisist, görkəmli yazıçı, peşəkar ssenarist, təşkilati lider, nüfuzlu ictimai xadim...
Tahir Əhmədalılar