Sənət fədakarları
(«Səhnəyə qovuşan cığırlar» silsiləsindən)
Məmmədkamal Kazımov (27.8.1920 - 13.12.2005)
Azərbaycan teatr tarixində böyük şöhrət zirvəsinə çatmayan, payına populyarlıq düşməyən, lakin sənətə vurğunluqları heyranlıq doğuran, sadə, təvazökar, cəfakeş fədailər çox olub. Bu qəbil sənətçilərin həyat amalı səhnə və yenə səhnə idi.
Onlardan biri də aktyor və rejissor Məmmədkamal Kazımovdur.
Əvvəlcə onun ömür tarixcəsinə qısa nəzər salaq. Bəri başdan deyim ki, sənətə 14-15 yaşlarından aktyorluqla başlayıb. Sonralar rejissorluq ixtisasına yiyələnib.
Məmmədkamal Allahqulu oğlu Kazımov Bakının Maştağa kəndində doğulub. Buradakı 187 saylı orta məktəbi bitirib. Məktəbin dram dərnəyində yaxından iştirak edib. 1943-cü ildə Akademik Milli Dram Teatrının nəzdində açılmış aktyorluq studiyasına qəbul olunub. Üç il burada həmin kollektivin bədii rəhbəri və direktoru Ədil İsgəndərovun başçılıq etdiyi studiyada təhsil alıb, zəgin təcrübə keçib. Bir il sonra teatrın yardım heyətinə götürülüb. Demək olar repertuardakı bütün əsərlərdə ya kütləvi səhnələrə çıxıb, ya epizod rollar oynayıb, yaxud da uşaq obrazlarını ifa edib. Civə kimi qaynarlığı, teatrdaxili nizam-intizamı, iti yaddaşı, tamaşa hazırlığı prosesində ən kiçik işlərə də həvəslə yardımçı olması onu tezliklə kollektivin sevimlisinə çevirib. Bu çalışqanlıq rejissorların nəzərindən qaçmayıb. Aktyorluq edən Məmmədkamal Kazımov uzun illər hazırlanan tamaşalarda rejissor köməkçisi, rejissor assistenti kimi də çalışıb.
Gənc teatr həvəskarı 1956-1960-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Təhsil illərində və bir qədər sonrakı dövrlərdə müxtəlif xarakterli rollarda çıxış edib. Adı bəzi tamaşa proqramlarında Kamal yazılıb. Onun ifa etdiyi əsas rollar bunlardır: Gündüz («Sevil», Cəfər Cabbarlı), Cavan kəndli («Qatır Məmməd», Zeynal Xəlil), Çörəksatan («Dumanlı Təbriz», Məmməd Səid Ordubadi), Cəlal («Ölülər», Cəlil Məmmədquluzadə), İkinci əcinnə və Üçüncü əcinnə (müxtəlif quruluşlarda), Allahqulunun kiçik oğlu («Pəri cadu» və «Köhnə dudman», Əbdürrəhim bəy Haqverdiyev), Zaman («Çiçəklənən arzular», Mişka («Müfəttiş», Nikolay Qoqol), Cəsus («Türkiyədə», Nazim Hikmət), Zənci, Xidmətçi («On ikinci gecə» və «Qış nağılı», Uilyam Şekspir).
Məmmədkamal Kazımov 1961-1967-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. O, İsmayıl Dağıstanlının hazırladığı Aleksey Ostrovskinin «Günahsız müqəssirlər» (12 fevral 1966), Tofiq Kazımovun səhnə təfsirində Cəlil Məmmədquluzadənin «Ölülər (12 noyabr 1966), Əliheydər Ələkbərovun quruluş verdiyi Cəfər Cabbarlının «Almaz» (11 may may 1969), Ələsgər Şərifovun quruluşunda Fridrix Şillerin «Orlean qızı» (14 oktyabr 1965) əsərlərinin tamaşalarında ikinci rejissor kimi çalışıb.
Rejissor Akademik Milli Dram Teatrında aşağıdakı tamaşalara müstəqil quruluş verib.
1964, 27 may. «Tanya», Aleksey Arbuzov. Tərcümə edəni Sabit Rəhman.
1964, 11 dekabr. «Kimdir müqəssir?», Hüseyn Muxtarov. Tərcümə edəni Tofiq Kazımov.
1967, 10 fevral. «Görünməmiş toy», Arkadi Arkanov və Qriqori Qorin. Təbdil edəni Ələsgər Şərifov.
1971, 19 iyun. «Xırs quldurbasan», Mirzə Fətəli Axundzadə.
1973, 30 iyun. «Sevgi... sevgi...», Emil Braginski və Eldar Ryazanov. Tərcümə edəni Seyfəddin Dağlı.
1972. «Yol ayrıcında», İslam Səfərli.
1974, 26 oktyabr. «Yatmış gözəl və yeddi qardaş», Aleksandr Puşkin. Tərcümə edəni Ramiz Heydər.
1976, 5 iyun. «Kölgələr pıçıldaşır», Seyfəddin Dağlı.
1979, 9 may. «Fitnə», Abdulla Şaiq.
Məmmədkamal Kazımov 1983-1987-ci illərdə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında baş rejissor işləyib. Bu kollektivdə Məmmədiyyə Yusifzadənin «Azad», Əsgər İlhamın «Qızıl əjdaha», «Nərgiz ana əfsanəsi», Əjdər Fərzəlinin «Yurdda kim qalır», Xalidə Hasilovanın «Həsrət», İ.Vəlizadənin «Son gecə», Mixail Lermontovun «İki qardaş», Səməd Vurğunun «Fərhad və Şirin», İlyas Əfəndiyev və Mehdi Hüseynin «İntizar», Süleyman Rüstəmin «Qaçaq Nəbi», Aydın Hüseynzadənin «Yarımçıq tost», İsi Məlikzadənin «Aciz adam», Kamran Nəzərlinin «Könlüm səni arzular», Abdulla Şaiqin «Fitnə» əsərlərinin tamaşalarına quruluş verib.
Rejissorun müxtəlif teatrlarda hazırladığı səhnə əsərlərində aşağıdakı keyfiyyətlər həmişə qabarıq şəkildə nəzərə çarpıb:
Şonun tamaşalarında kompozisiya sadəliyi və bədii bitkinlik vardı;
Şquruluş verdiyi tamaşalarda səylə əsl aktyor tamaşası yaratmağa çalışırdı;
Şsəhnə tərtibatında teatrın klassik monumental-romantik ənənələrinə üstünlük verirdi;
Ştamaşalarının ideyaları aydın və ifadəli alınırdı;
Şhəm milli, həm də tərcümə komediyalarında Azərbaycan karnaval estetikasının ənənələrindən, «qaravəlli» xalq teatrı prinsiplərindən bacarıqla bəhrələnirdi;
Şhazırladığı tamaşalarda sürət-ritm sabitliyinə nail ola bilirdi;
tutumlu və bitkin ideyaya nail olurdu.
Dövlət teatrında işləməklə yanaşı, Məmmədkamal Kazımov həmçinin Xətai Mədəniyyət sarayı nəzdindəki Xalq teatrına uzun illər rəhbərlik edib. Bu kollektivdə otuzdan çox tamaşa hazırlayıb. Onun dərnəyində çalışmış həvəskarların bir qismi hazırda müxtəlif dövlət teatrlarında işləyirlər.
Aktyor və rejissor Məmmədkamal Kazımov xeyli ekran əsərinə də çəkilib. «Azərbaycanfilm» kinostudiyasında istehsal edilmiş «Ad günü» (Bufetçi), «Qanlı zəmi” (Kəndli), «Qəzəlxan» (Kişi), «Özgə vaxt» (Əli), «Bir cənub şəhərində (Davud), «Yol əhvalatı» (Şəmsi dayı), «Qətl günü» (Vəzir), «O dünyadan salamlar» (Hacı Səməd), «Ümid» (Qoca kəndli), “Güllələnmə təxirə salınır» (Fiş), «Məkanın melodiyası (Qafar), «Şahid qız» (Zavod işçisi), «Mənim ağ şəhərim» (Tramvay sürücüsü), «Yuxu» (Qəsəbə sakini), «Qara «Volqa» (Səlimzadənin atası) ekran əsərlərində müxtəlif xarakterli rollar oynayıb.
Onun ekran obrazlarında tipik-xarakterik səciyyələr və milli kolorit, təbiilik və səmimiyyət aktyorun ifasına xüsusi cazibə, ürəyəyatımlı məlahət verib. Bütün rolları həcmcə kiçikdir. Ancaq bu kiçiklikdə kifayət qədər bədii tutum var.
Həyatda çox sadə və təvazökar idi. Cəsarətlə deyə bilərəm ki, sənətə heç bir vaxt zərrə qədər də təmənna güdmədən şərəflə, məhəbbətlə, coşqun ehtirasla qulluq edib. Gözəl və iti yaddaşı vardı. Mən özüm 1940-1950-ci illərdə Akademik Teatrın repertuarı ilə bağlı müəyyən çətinliklərlə qarşılaşanda ona müraciət edərdim. O da şövqlə, bir dünya sevinclə yaddaşını vərəqləyib sullarımı cavablandırardı. Xüsusən Ədil İsgəndərovun quruluşlarında mizanları da əzbərdən söyləyərdi. Məhz elə buna görə də Ədil müəllim xəyanətkarcasına teatrdan uzaqlaşdırıldıqdan sonra «Vaqif» tamaşasının yeni heyətlə bərpası məhz Məmmədkamal Kazımova tapşırıldı. Uzun illər bu tamaşada Vaqif, Qacar, İbrahim xan, Vidadi, Gülnar, Əli bəy, Kürd Musa, Tamara... rollarına daxil olan yeni aktyorlarları Məmmədkamal Kazımov məşq edərək səhnəyə hazırlayıb.
Məmmədkamal Kazımov 24 may 1978-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif edilib.
Aktyor və rejissor Məmmədkamal Kazımovun sadəliyindən və səmimiyyətindən, sənətə heyranlığından qızına və nəvəsinə də pay düşüb. Qızı Vəfa Novruzova teatrşünasdır, bir müddət Akademik Milli Dram Teatrında redaktor işləyib. Hazırda Mədəniyyət və Turizm Nazirliyində çalışır. Nəvəsi Xədicə Novruzlu 5-6 yaşlarından Akademik Milli Dram Teatrının tamaşalarında çıxış edir. Hazırda teatrın truppasındadır, iyirmiyə qədər rol oynayıb.
Bir anlığa milli teatrımızın salnamə-tarixindən, o cümlədən də Akademik Teatrın zəngin yaradıcılıq yolundan fədakar sənət aşiqlərinin adlarını və onların sadə, ancaq əhatəli bədii irsini çıxartsaq, böyük bir boşluq əmələ gələr. Bu insanların sənət taleyi geniş mənada Azərbaycan teatrının naxışlı ilmələridir. O naxışların içərisində Məmmədkamal Kazımovun sənət butasının öz yeri, öz hüsnü, öz təravəti və ən nəhayət, öz çəkisi var...
İlham Rəhimli