Səhnə və ekran korifeylərimiz içərisində ən şən, ən gülməli...

Bu anadangəlmə aktyoru sağlığında nadir hallarda “Abdullayev” deyə də yad edərdilər. Eləcə adının çəkilməsi hamının bilməyinə, çoxlarının gülməyinə, bəzilərininsə “gülməkdən ölməyinə” kifayət edərdi...

Məşhur “- Adın nədir? - Məhəmməd! - Sözümüz sözdür? - Əlbət!” duetindən sonra xalq ağıl-ağzına düşən bu “canlı konsert” kütləvi məhəbbət atəşlərindən çox vədə çölə-bayıra çıxmaqdan da çəkinər, səhnələrdə, efir-ekranlarda yaşadığı nökər-qaravaşlıq, fəqir-füqəralıq “azmış” kimi, yolda-rizdə, dükan-bazarlarda “Əhməd haradadır?”dakına bənzər “real” Zülümov zülmü çəkərmiş...
O, obrazlarda nə qədər “özgə”ləşməyə çalışsa da, özündən tam ayrıla bilmir, gözlərindən, mimikalarından bir bioloji doğallıq - Abdullayev Lütfəli Əmir oğluluq dalğalanırdı. Saysız-hesabsız özgə obrazlar yaratmış bu özgür sənətkar - Azərbaycan səhnəsinin üç (Ə.Ağayev, N.Zeynalova ilə yanaşı) müqtədir aktyorundan biri olaraq - “öz” rolunda o qədər güclü, o qədər “aborigen” idi ki, bəzən, oynadığı rollar fonda (hətta hərdən kölgədə) qalırdı. Onlardan biri də, S.Qədirzadə və S.Ələsgərovun “Həmişəxanım”ındakı Ələsgər idi ki, bu dualizmdə ikinci birinciyə (Lütfəli “Ələsgər”ə) dov gəlirdi. O rolun tez-tez təkrar etdiyi “bığ qoyaram!” replikası əsər mətnindən çox, ifaçının yumoristik xislətindən, sənətkarlıq bətnindən doğuluşa oxşayırdı. Amma həmin o replika - cəmiyyətin hər dəfə bir salonluq qismini dədə-babalıq dövrünə bir-iki addım da ekskursiya etdirən o atmaca, hər halda, əsərin uğuru idi. Yəni camaat (köhnə kişilər) belə məqamda “əgər elə, belə olmasa, bığımı qırxdıraram!” dediyi halda, “anti-ənənə” Ələsgər “bığ qoyaram!” dokladlayırdı. İşə baxın ki, o mövzunun bu damarı sovetizmin bığ yeri təzəcə tərləməkdə olan dövrünə düşsə də, canında-qanındakı istedad bu gənci bığlı-saqqallı sənətkar kimi təqdim edirdi sənətsevərlərə.

Onun “yeniyetmə”lik yeniliyi...

Belə ki, Lütfəlinin yazı-pozu təqdimatçıları, bioqrafiyaşünasları məlum “Kərəmovçuluq” “qorxu”sundanmı, ya nədənsə, onu səhnəyə bir-iki yaş gecikdiriblər. Yazırlar ki, Lütfəli səhnəyə on dörd yaşının tamamından - Nuxa (Şəki) şəhərindəki yeddillik məktəbi bitirdikdən sonra çıxıb. Hansı ki, 1914-cü ildə anadan olmuş Lütfəli 1928-ci ildə - on dörd yaşında artıq Bakıda idi və konservatoriyanın valtorna sinfinin məşğələlərində iştirak edirdi. Deməli, o, “Nuxa fəhlə-gənclər klubu”nun dram dərnəyində - tərcümə və təbdil edilmiş vodevillərdə, kiçik məzhəkə və məsxərələrdə iştirak edərkən sənətçilərimiz içrə ən erkən sənət yaradıcılığında imiş. Hələ bu yaşda konservatoriya (təəccüb!) və valtorna (təbəssüm...) sinifi! Mötərizələrin açması da bu ki, bu gün təsəvvürlərimizdə azman teatro-filmoqrafiyalar subyekti kimi canlanan Lütfəli Abdullayev fenomeni və... əgər tale “rol”u ilə rastlaşmazmışsa, hansısa bir orkestrin ucqar fonunda cismindən də yekə bir musiqi aləti arxasında görsənən valtornaçı!? Yox, “Arşın mal alan”dakı Vəli rolu onun böyük, əzəmətli “tale rolu”na əbədi sənətkarlıq yolu açdı.
Musiqili Komediya Teatrı yarananda (1938-ci il) Lütfəli Abdullayev truppaya - sonralar məşhur sənətdaş-səhnədaşı N.Zeynalovanın sözlərilə desək, - “ən adlı və dadlı aktyor” kimi qəbul edilib. Bu teatr bir il sonra fəaliyyətini dayandırmalı (maliyyə çətinliyindən) olanda, Lütfəli Milli Dram Teatrına keçməli olub.
Bu dahiyanə “gülməli adam”ın belə bir “qaraqabaq”, ciddi teatrda özünü necə aparması adamda bir düşüncə “götür-qoy”una səbəb olsa da, o vaxtkı qəzet-jurnal resenziyaları, köhnə “teatro”sevərlərin xatirələri başqa rəylər yaradır. Belə ki, L.Abdullayev o dövr səhnəsində L.Veqa, G.Mdivani, C.Cabbarlı və başqa ciddi nəhənglərin Tulio, Rəşid, Oddamdı kimi qılınc-qırımlı obrazlarını yaradıb.
Onun könlünün, məzaq-marağının ana yurdu olan Muzkomediya bir də 1956-cı ildə fəaliyyətə başlayır və “yad” yerlərdə düz on səkkiz il yaşayıb-yaratmalı olmuş Lütfəli tək elə özünün, neçə-neçə nəhəng sənət həmkarlarının yox, ümumən müasir, çoxyönlü Azərbaycan teatr-səhnə təsərrüfatının ata yurduna qayıdır.

Və...

burada onun ismi “Muzkomediya” ifadəsinə ekvivalent kimi səslənən aktyorlardan (B.Səfəroğlu, N.Zeynalova) birinə çevrilir. Bu teatrın ən populyar, ən uzunömürlü tamaşalarının adı çəkiləndə L.Abdullayev başda gəlir. Xalq onun adını, oyununu sənət isminin bütün ladlarında hallandırır, teatrşünaslar, mütəxəssislər neçə-neçə bölümə bölür, yazım-yozuma düzür. Klassik operettalardakı ifalarını “bənzərsiz”, tərcümə-təbdil əsərlərində “originalçı”, çağdaşların musiqili komediyalarındakı ultra-vəziyyətləri öz klassik-kolorital qatqarları ilə birə-beş artıqlamasıyla nümayiş etdirən təkrarsız “bədahətçi” kimi təqdim edib qiymətləndirirlər.
“O olmasın, bu olsun”dakı Hambalın ayrıca bir “Lütfəli Abdullayev dövrü” olduğunu söyləyiblər mənə. Bəllidir ki, bu məşhur abidə-filmdə əsər mətnindəki obrazların bir çox sözləri, replikaları yığcamlıq ehtiyacından xeyli ixtisar və xırda-para redaktələrə məruz qalıb. Hambalının Lütfəli təfsirində isə daha maraqlı replikalar varmış ki, ötən əsrin sonlarına yaxın qocaman tamaşaçıların tez-tez təkrar etdiyi aşağıdakı misraları bu doğal aktyor qeyri-adi məziyyətlərlə ifa edirmiş: “Doğrudur ki, mən özüm də qəmiş oğlu qəmişəm, Amma bu Məşdi kimi hərzə qəmiş görməmişəm!..”
“Aləm Lütfəli”nin kino aləmi də göz qabağında, xəyal kainatında! Lakin onun bu vizual aləmini tək elə oxucu öhdəsinə buraxmaqda bir az qısqanclıyam. Gəlin birlikdə xatırlayıb seyr edək o filmləri. “O olmasın, bu olsun”dakı Qoçu Əsgərə kəmərbəstəliyindən başlayaq. “Keçi-kişmiş” epizodundakı qoçulanıb-qoqazlanma ədalarına baxaq. Uğunmalarınıza ara verib, “zorənciddi”ləşin; zəmanənin “aç qapını, gələk səni öldürək!” reklamnaməsinin sonunda Qoçu Əsgərin: “Alə, Baloğlan, sür (!) geriyə!” əmrinə müntəzirlik ədasının dahiyanə düşüklük şəbehini xatırlayaq. Qonaqlıq epizodunda “müdrik tost”a necə pedantanə “çırt” atması, ağzından toyuq budu alınarkən bu təhqiri necə vecə almaması “əzm”inin “çortuna” gedək. Bəs, Rüstəm bəyin evinə toy-nişan qonaqlığına gedərkən yekə-yekə “estetlənib”, nökər-nökər “elitlənib” gül dəstəsi bağlama səbəbindən gecikib - “ağa”-“bəy”lərin pilləkanın sınıq çatından necə ehtiyatla keçdiklərini görməyərək elə ilk addımda şappıltıyla yıxılma “oyunu”?!.
...Və bu sənətkarın böyüklüyü ilə - nöqtələnməkdə olan bu yazının kiçikliyini müqayisə edib pəşmürdə olmayın. Nəzərə alın ki, bu yazı onun anım gününə təsadüf edir. Sağlıq olsun, gələn il martın 22-də - bu “canlı Gülüş”ün doğum günündə bax elə bu səhifədə “dolunca yazıb, doyunca gülmək” rubrikası ilə görüşərik...

Tahir Abbaslı