Hər bir xalqın tarixində müstəsna və əvəzolunmaz rol oynayan nadir şəxsiyyətlər yetişir. Azərbaycan üçün belə şəxsiyyətlərdən biri ulu öndər, XX əsrin sonunda ölkəmizin müstəqillik və dövlətçilik tarixini öz əlilə yazan Heydər Əliyevdir. 30 ilə yaxın müddətdə böyük siyasətin zirvəsində olan Heydər Əliyev Azərbaycan üçün çox böyük işlər görmüş, ölkəsini dirçəltmiş, xalqını öz tarixi irsinin həqiqi sahibinə çevirmişdir.
Heydər Əliyevin siyasi irsinə nəzər saldıqda milli oyanışın, azərbaycançılıq, müstəqil dövlətçilik ideologiyasının inkişaf etdirilməsinin məhz onun adı ilə bağlı olduğunun şahidi oluruq. 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyev respublikanın real vəziyyətini, cəmiyyətin problem və qayğılarını yaxşı bilirdi. Səlahiyyətlərin mərkəzdən asılı olduğu bu illərdə respublikanı gerilikdən xilas etmək üçün həyata keçirdiyi cəsarətli addımlar, əməli tədbirlər tədricən bəhrəsini verdi. Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində kənd təsərrüfatı, iqtisadiyyat, xüsusilə neft sənayesi yüksək sürətlə inkişaf etdi. İqtisadi sahədə aparılan ciddi dəyişikliklərlə yanaşı, xalqın elmi, mədəni səviyyəsini yüksəltmək, məktəb, kitabxana, mədəniyyət obyektləri, idman komplekslərinin tikintisi geniş vüsət almışdı.
Ana dilimizə böyük məhəbbətlə yanaşan ulu öndərin bu istiqamətdəki fəaliyyəti sayəsində 1978-ci ildə Azərbaycan dili dövlət dili səviyyəsinə ucaldı. İttifaq məkanında Azərbaycan yeganə müsəlman respublikası idi ki, Konstitusiyasında milli dil dövlət dili kimi təsbit olunmuşdu. Heydər Əliyevin böyük səyi ilə respublikada milli-mədəni intibah dövrü başlandı. Xalqda öz milli kimliyi, dili, adət-ənənələri haqqında dolğun məlumat formalaşdı.
Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə mədəniyyətimizin dünyada tanıdılması daha geniş vüsət aldı. Heydər Əliyev ən çətin vaxtlarda bu sahəyə xüsusi önəm verirdi. Respublikada sosial-iqtisadi baxımdan böhranın davam etdiyi 1994-cü ildə UNESCO səviyyəsində Azərbaycan şairi Füzulinin 500 illiyinin qeyd olunması buna sübutdur. 2000-ci ildə isə “Dədə Qorqud” eposunun 1300 illik yubileyinin UNESCO miqyasında qeyd olunması mədəniyyət tariximizə müstəsna töhfə idi.
O, gənclərin vətənpərvərlik və doğma Vətənə məhəbbət ruhunda tərbiyəsinə böyük önəm verir, onlarda vətənə sevgi hissinin formalaşdırılmasına çalışırdı. Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri hərbi sahədə milli kadrların yetişdirilməsi idi. 1973-cü ildə C.Naxçıvanski adına hərbi məktəbin açılması bu istiqamətində çox düşünülmüş bir addım idi. Bundan əlavə, hər il SSRİ-nin hərbi məktəblərində təhsil almağa onlarla gənc göndərilirdi ki, bu da gələcək müstəqillik illərində Milli Ordumuzu ixtisaslı yerli kadrlarla təmin etməyə imkan yaratdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü onu bacarıqlı lider, dövlət xadimi kimi tanıtdı. Sözsüz ki, SSRİ rəhbərliyi belə bacarıqlı kadra laqeyd qala bilməzdi və o, 1982-ci ilin noyabrında SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini təyin olundu. İttifaq miqyasında nəqliyyatın bütün növləri üzrə nazirliklərə, eləcə də “Əsrin tikintisi”nə - Baykal-Amur magistralının inşasına nəzarət etməklə yanaşı, Heydər Əliyev maarif, səhiyyə, mədəniyyət və bir çox sosial sahələrə də rəhbərlik edirdi. Eyni zamanda doğma Azərbaycanın hərtərəfli inkişafı üçün çalışırdı.
1987-ci ilin oktyabrında Heydər Əliyev SSRİ rəhbəri Mixail Qorbaçovun yeritdiyi siyasətlə barışmayaraq tutduğu vəzifəsindən istefa verdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələrə etiraz edən Heydər Əliyev böyük məhəbbətlə sevdiyi Azərbaycanın ağır günündə xalqının yanında olmağı özünə borc bildi, həmin ilin iyulunda vətənə qayıtdı. Naxçıvanda Ali Məclisin sədri seçilən Heydər Əliyev müstəqillik uğrunda mübarizəyə başladı, xalq onun ətrafında birləşdi.
1993-cü il iyunun 15-də Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev dövlət suverenliyini qorumaq, ölkədə sabitlik yaratmaq, vətəndaş həmrəyliyinə nail olmaq üçün əməli tədbirlər həyata keçirdi. 1991-ci ildə əldə olunmuş, lakin hər an itirilmək təhlükəsi ilə üz-üzə qalan müstəqilliyimizin möhkəmləndirilməsi və qorunması üçün çox ciddi addımlar atıldı. İlk gündən cəbhədə atəşin dayandırılması, məsələnin beynəlxalq təşkilatlarla birgə həll olunması üçün əlindən gələni əsirgəmədi. 12 may 1994-cü ildə atəşkəs əldə olundu. Heydər Əliyev iqtisadiyyatda yeni iqtisadi islahatlar aparılmasını təmin edən sərəncamlar imzaladı, xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən əlavə tədbirlər həyata keçirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda sabitliyin möhkəmlənməsinə, ölkəmizin dünya birliyində önə çıxmasına imkan yaratdı. Ölkəmiz iqtisadi potensialını gücləndirərək bölgədə lider dövlətə çevrildi. Bu qədər möhtəşəm işlərə rəğmən Heydər Əliyev öz vətəni və xalqı qarşısındakı xidmətlərinə son dərəcə təvazökar bir qiymət vermişdi: “Bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm”.
Mən bu sətirləri yaza-yaza ulu öndər Heydər Əliyevin dövründə yaşadığım, təhsil aldığım və fəaliyyət göstərdiyim üçün, ulu öndər 1981, 1983 və 1998-ci illərdə Quba rayonunda olarkən gənc bir kadr kimi ondan xeyir-dua aldığım, onunla görüşdüyüm və söhbət etdiyim üçün qürur hissi keçirirəm. Eyni zamanda, qəlbimdən acı bir təəssüf hissi də keçir. Kaş bu dahi insan indi bizimlə birlikdə olaydı, Azərbaycanın bugünkü sürətli inkişafını, uğurlarını görəydi. Bütün bu uğurların təməlində Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, inkişaf strategiyası var. Bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strateji xətt hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, onun iqtisadi qüdrətinin artırılmasına xidmət edəcəkdir.
Elza Orucova,
Quba Heydər Əliyev Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi