Azərbaycan
20 dekabr 1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 - 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir. Repressiya qurbanı olub.
20 dekabr 1925 - Filosof, professor Şüküfə Şamil qızı Mirzəyeva (1925 - 9.10.1980) Ağdam rayonunun Gülablı kəndində anadan olub. Azərbaycanın estetik fikir tarixinə dair əsərlərin müəllifidir.
21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Homerin «Odisseya», Lope de Veqanın «Nə yardan doyur, nə əldən qoyur», A.Qriboyedovun «Ağıldan bəla» və s. əsərlərini dilimizə tərcümə edib.
21 dekabr 1916 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Süleyman Vəli oğlu Vəliyev (1916 - 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Daşlı bulaq”, “Düyünlər” romanlarının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. "Şor cüllütü" povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.
21 dekabr 1922 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 - 6.4.1989) anadan olub. "Qasım bəy Zakir", "Nəcəf bəy Vəzirov", "XIX əsr Azərbaycan şeirində satira", "Yusif Vəzir Çəmənzəminli" və s. monoqrafiyaların müəllifidir.
21 dekabr 1923 - Məşhur müğənni, Xalq artisti Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. Bir çox xarici ölkələrdə qastrollarda Azərbaycan musiqisini təbliğ edib. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib. "Şöhrət" ordeni ilə təltif edilib.
21 dekabr 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, AMEA-nın akademiki Ömər Həsən oğlu Eldarov Dağıstanın (Rusiya) Dərbənd şəhərində anadan olub. Ulu öndər Heydər Əliyev, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Xurşudbanu Natəvan, İbn Sina (Düşənbə) və başqa görkəmli şəxsiyyətlərin memorial abidələrinin, heykəllərinin müəllifidir. Milli Məclisin deputatı (1995-2000) olub. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
21 dekabr 1938 - Xalq artisti Tofiq Əbdülsəməd oğlu Mövləvi anadan olub. Uzun illər C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
22 dekabr 1898 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Mən ki gözəl deyildim” (Rəhim baba), ”Sevil” (Babakişi) filmlərində çəkilib. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib.
22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.
22 dekabr 1918 - Əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadə (Mixaylo) (1918 - 2.11.1944) Bakının Novxanı kəndində doğulub. 1944-cü il noyabrın 2-də Sloveniyanın Vitovla kəndində alman faşistləri ilə döyüşdə həlak olub. Onun qəhrəmanlığı İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə” əsərində və eyniadlı filmdə (1958) əksini tapıb.
22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbhədən cəbhəyə» romanlarının, pyeslərin, bir çox film ssenarilərinin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.
22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.
22 dekabr 1937 - Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 - 21.4.2005) Naxçıvanda doğulub.
23 dekabr 1911 - Tanınmış şərqşünas, professor, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizaminin, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib.
23 dekabr 1946 - Xalq artisti, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.
23 dekabr 1947 - SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul edib. SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyanın təşəbbüsü ilə qəbul edilən qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandakı yurd-yuvalarından deportasiya edilərək Azərbaycana köçürüldü.
23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. «Şah Abbas», “Balıq adam” və s. romanların müəllifidir. “İlğım”, “Labirint”, “İki nəfər üçün oyun” və s. pyesləri tamaşaya qoyulub. "Ulduz" jurnalının baş redaktorudur.
24 dekabr 1921 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 - 21.2.1997) Astarada doğulub. II Dünya müharibəsində Berlinədək döyüş yolu keçib. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Milli Məclisin deputatı (1995-1997) olub. 1997-ci il fevralın 21-də yaşadığı evin qarşısında qətlə yetirilib.
24 dekabr 1926 - Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926-1998) anadan olub.
24 dekabr 1928 - Memarlıq elmləri doktoru, AMEA-nın müxbir üzvü, respublikanın Əməkdar memarı, Dövlət mükafatı laureatı Şamil Seyfulla oğlu Fətullayev anadan olub. Bakının memarlığına dair tədqiqatların müəllifidir.
24 dekabr 1939 -Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
24 dekabr 1979 - Xalq artisti Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib. «Bəxtiyar», “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə çəkilib.
Dünya
20 dekabr 1629 - Məşhur holland rəssamı Piter de Hox (Pieter de Hooch (Hoogh), 1629-1684) anadan olub.
20 dekabr 1873 - Böyük türk şairi, ictimai xadim Mehmet Akif Ersoy (1873- 27.12.1936) İstanbulda doğulub. Türkiyə Cümhuriyyətinin dövlət himni (“İstiqlal marşı”), “Çanaqqala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” şeirlər toplusu və s. əsərlərin müəllifidir.
20 dekabr 1915 - Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 - 6.7.1995) anadan olub. Kitabları xarici dillərə çevrilib. Bir sıra əsərləri (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) hələ sovet dövründə Azərbaycanda da çap olunub.
20 dekabr 1922 - Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatı laureatı Corc Hill (George Roy Hill, 1921 - 27.12.2002) anadan olub. Filmləri: “Əyləncəli ferma”, “Fırıldaq” və s.
20 dekabr 1948 - Tanınmış ingilis musiqiçisi Alan Parsons (Alan Parsons) anadan olub. “Pink Floyd”, Pol Makkartni kimi məşhurlar üçün musiqilər yazıb.
21 dekabr 1639 - Görkəmli fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 - 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
21 dekabr 1804 - İngilis yazıçısı, “sosial roman”ın tanınmış nümayəndələrindən biri Bencamin Dizraeli (Benjamin Disraeli, 1804 - 19.4.1881) anadan olub. Yazıçı həm də dövlət xadimi, 1868-1880-ci illərdə Böyük Britaniyanın baş naziri olub.
21 dekabr 1840 - Türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (1840 - 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistrə” və s.
21 dekabr 1900 - Rus dramaturqu Vsevolod Vitalyeviç Vişnevski (1900-1951) anadan olub. Oktyabr inqilabı və sosializmdən bəhs edən pyesləri uzun illər sovet teatrında səhnəyə qoyulub.
21 dekabr 1917 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 - 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Xanımla qrup portreti”, “Mələk susurdu”, “Əsgər mirası” və s.
21 dekabr 1948 - Amerika aktyoru və prodüseri Semyuel Cekson (Samuel Leroy Jackson) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Yura dövrünün parkı” və s.
22 dekabr 1819 - Alman bəstəkarı Frans Abt ( Franz Abt, 1819 - 1885) anadan olub.
22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.
22 dekabr 1937 - Rus yazıçısı Eduard Uspenski (1937-1974) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifidir.
22 dekabr 1962 - İngilis aktyoru Ralf Fayns (Ralph Nathaniel Fiennes) anadan olub. Filmləri: “Şindlerin siyahısı”, “İngilis pasiyenti” və s.
23 dekabr 1802 - İngilis şairi Sara Kolric (Sara Coleridge, 1802 - 1852) anadan olub.
23 dekabr 1858 - Görkəmli rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858 -1943) anadan olub. 1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.
23 dekabr 1931 - Məşhur aktyor, SSRİ-nin Xalq artisti Lev Konstantinoviç Durov anadan olub. “Qorxma, mən səninləyəm” (San Sanıç) Azərbaycan filmində, “Baharın on yeddi anı” (agent Klaus), “Piliqrim” kapitanı” (kapitan) və s. filmlərə çəkilib.
24 dekabr 1798 - Polyak şairi, milli-azadlıq hərəkatının rəhbərlərindən biri Adam Miskeviç (Adam Bernard Mickiewicz, 1798 - 26.11.1855) anadan olub.
24 dekabr 1867 - Türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867 - 19.8.1915) İstanbulda doğulub.
24 dekabr 1901 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa; 1901 - 13.5.1956) anadan olub. “Tarmar”, “Udeqedən sonuncu”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək intihar edib.
24 dekabr 1906 - Məşhur ingilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase - Rene Brabazon Raymond, 1906-1985) anadan olub. Əsərləri əsasında filmlər (“İlğım”, “Daş cəngəlliklər” və s.) çəkilib.
Hazırladı: Vüqar Orxan