Azərbaycan

25 dekabr 1906 - Görkəmli rejissor, ssenarist, operator, rəssam Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 - 7.11.1990) anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.
25 dekabr 1906 - Filologiya elmləri doktoru , professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda anadan olub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.
25 dekabr 1908 - Xalq artisti, aktyor, rejissor İbrahim (Mir İbrahim) Tağı oğlu Həmzəyev (1908 - 4.2.1982) Gəncə şəhərində anadan olub. 1937-ci ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor, rejissor, direktor işləyib.
25 dekabr 1909 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (1909 - 8.9.1982) Şamaxıda doğulub. Uzun illər Akademik Milli Dram Teatrında çalışıb, "Səbuhi" filmində Mirzə Şəfi Vazeh rolunda çəkilib.
25 dekabr 1910 - Tarixçi, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub. 1960-1967-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru işləyib.
25 dekabr 1920 - Bakıda rus “Tənqid-təbliğ teatrı” (“Satir-agit”) fəaliyyətə başlayıb. 1923-cü il oktyabrın 25-də Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır.
25 dekabr 1925 - Azərbaycan yazıçı və şairlərinin "Qızıl qələmlər" ədəbi cəmiyyəti yaranıb. 1927-ci ildə Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilatda birləşdirmək qərara alındı. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə təsis edildi.
25 dekabr 1930 - Filologiya elmləri doktoru, publisist Teymur Əkbər oğlu Əhmədov Şəmkirdə anadan olub. Nəriman Nərimanovun yaradıcılığına dair tədqiqatların, "Azərbaycan yazıçıları” ensiklopedik kitabın və s. müəllifidir.
25 dekabr 1931 - Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Abuzər Alı oğlu Xələfov anadan olub.
25 dekabr 1934 - Ədəbiyyatşünas alim, professor, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 - 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
25 dekabr 1935 - Görkəmli yazıçı, ictimai xadim Yusif Səmədoğlu (Vəkilov) (1935 - 17.8.1998) anadan olub. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü" filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.
25 dekabr 1940 - Tarixçi alim, AMEA-nın akademiki Nailə Məmmədəli qızı Vəlixanlı Bakıda anadan olub. Orta əsrlər tarixinə dair tədqiqatların müəllifidir. AMEA-nın vitse-prezidenti olub, Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.
25 dekabr 1941 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941 - 26.11.1995) Şəmkirin Morul kəndində doğulub. "Böyük dayaq" filmində (Pərişan) çəkilib. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb.
25 dekabr 1991 - Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.
25 dekabr 1991 - “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” fərman verilib. Sənədə əsasən, yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi. Lakin proses çox uzandı. Prezident Heydər Əliyev 2001-ci il 18 iyun tarixli sərəncamından sonra proses həmin il avqustun 1-də başa çatdı.
25 dekabr 2001 - “Azad Azərbaycan” televiziyası fəaliyyətə başlayıb.

26 dekabr 1910 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar" (romanlar), "Sularda yanğın", "Ömür çiçəklənir", "Lalə dəstəsi" (povestlər) və s. Rus dilindən tərcümələr edib.
26 dekabr 1919 - Rəqqasə, Xalq artisti Əminə Paşa qızı Dilbazi (1919 - 30.4.2010) anadan olub. "Çinar", "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filminə çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.
26 dekabr 1950 - Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova Şəkidə doğulub. ”Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət” , “Yuxu” və s. filmlərə çəkilib.

27 dekabr 1928 - Yazıçı Sara Məmməd qızı Rəhimova (1928 - 4.2.1975) anadan olub.
27 dekabr 1932 - Bəstəkar, Xalq artisti Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 - 9.8.2010) Astara şəhərində anadan olub. 200-dək mahnı, tamaşalara musiqi, "Şəhidlər" simfoniyası, "Hophopnamə" oratoriyası, "Yaşa Respublikam" kantatası və s. əsərlərin müəllifidir.
27 dekabr 1938 - Xalq artisti Səfurə Ağabala qızı İbrahimova Bakıda doğulub. 1961-ci ildən Akademik Dram Teatrında çalışıb. “Sevil” (Dilbər), “Arşın mal alan” (Telli), “Qatır Məmməd” (Həbibə), “Alma almaya bənzər” (Mədinə), “Dərviş Parisi partladır” (Sənəm), “Qaynana” (Sədaqət) və s. filmlərə çəkilib.
27 dekabr 1947 - Pianoçu, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli anadan olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.
27 dekabr 1990 - Xanəndə, Xalq artisti Əbülfət Əliyev (30.12.1926, Şuşa - 1990) vəfat edib. Bir çox opera tamaşalarında ("Leyli və Məcnun", “Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl") əsas rolları oynayıb.

28 dekabr 1918 - Şair İbrahim Kəbirli (1918-1995) anadan olub.
28 dekabr 1920 - Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın akademiki, Əməkdar elm xadimi Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində anadan olub. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru işləyib.
28 dekabr 1927 - Bəstəkar, Əməkdar incəsənət xadimi Nəriman Həbib oğlu Məmmədov Naxçıvanda doğulub. Əsərləri: “Qurbanəlibəy” musiqili komediyası, «Şeyx Sənan» baleti, “Hüseyn Cavid» simfoniyası və s.
28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub. Azərbaycan musiqisinin dünyada təbliğinə böyük töhfələr verib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Əsli və Kərəm") baş rolları ifa edib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Milli Məclisin deputatıdır.
28 dekabr 1937 - Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli Ordubad rayonunun Anabad kəndində doğulub. Orta əsrlər Azərbaycan ədəbiyyatına dair tədqiqatların müəllifidir.
28 dekabr 1941 - Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 - 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. "Anama layla", "Sevgi borc verilməz", "Ona yanıram ki", "Haqqa pəncərə" və s. kitabların müəllifidir. 1991-2000-ci illərdə "Mədəniyyət" qəzetinin baş redaktoru olub.

Dünya

25 dekabr Xristian ölkələrində (pravoslavlardan savayı) Milad bayramıdır. İsa peyğəmbərin Fələstindəki Vifleyem şəhərində doğulduğu gün qeyd olunur.
25 dekabr 1813 - Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813 - 1894) anadan olub.
25 dekabr 1883 - Fransız rəssamı Moris Utrillo (Maurice Utrillo, 1883 - 1955) anadan olub.
25 dekabr 1977 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 16.4.1889 - 1977) vəfat edib.

26 dekabr 1867 - Fransız yazıçısı, filosof Jülyen Benda (Julien Benda; 1867-1956) anadan olub. “İntellektualların satqınlığı” kitabı ilə məşhurlaşıb.
26 dekabr 1891 - Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.
26 dekabr 1949 - Aktyor və müğənni, Rusiyanın Xalq artisti Mixail Boyarski anadan olub. Filmləri: “D’Artyanyan və üç muşketyor”, “Qardemarinlər, irəli”, “İlf” qəsrinin məhbusu” və s.

27 dekabr 1832 - Rus mesenatı, Moskvadakı məşhur Tretyakov qalereyasının banisi Pavel Mixayloviç Tretyakov (1832-1898) anadan olub.
27 dekabr 1901 - Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich; 1901 - 6.5.1992) anadan olub. 30-50-ci illərdə Hollivud ulduzlarından biri olub. Filmləri: “Şanxay ekspressi”, “Sarışın Venera”, “Qanlı imperatriçə” və s.
27 dekabr 1939 - Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Bakıda doğulub. Filmləri: “Kortik”, “Mariya Mediçinin mücrüsü” və s.
27 dekabr 1948 - Fransız aktyoru, prodüser Jerar Depardye (Gerard Xavier Marcel Depardieu) anadan olub. Filmləri: “Sonuncu metro”, “Sirano de Berjerak”, “Bəxti gətirməyənlər”, “Qraf Monte-Kristo” və s.

28 dekabr Beynəlxalq Kino Günüdür. 1895-ci ilin həmin günü Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər.
28 dekabr 1888 - Alman kinorejissoru, səssiz kinonun görkəmli nümayəndəsi Fridrix Vilhelm Murnau (Friedrich Wilhelm Murnau, 1888-1931) anadan olub.
28 dekabr 1903 - Rus kinorejissoru Mixail Konstantinoviç Kalatozov (1903 - 1973) anadan olub. “Durnalar uçur” filmi Kann kinofestivalının qalibi (1957) olub.
28 dekabr 1908 - Monumentalist heykəltəraş, SSRİ Xalq rəssamı Yevgeni Viktoroviç Vuçetiç (1908-1974) anadan olub.
28 dekabr 1925 - Görkəmli rus şairi Sergey Yesenin (3.10.1895 - 1925) intihar edib. 1924-cü ildə Bakıda yaşayıb, 40-dək şeirini yerli mətbuatda dərc etdirib, "İran nəğmələri" silsiləsindən şeirlərin bir qismini qələmə alıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.
28 dekabr 1945 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 27.8.1871 - 1945) vəfat edib. “Arzular trilogiyası”, “Kerri bacı”, “Cenni Gerhardt”, “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir.

Hazırladı: Vüqar Orxan