Səkkiz min yeddi yüz altmış neçə gecə öncə...

O Gecə çox şeylər haqda düşünüb-daşınanlar vardı, amma ən ümumi qənaət bu idi ki, o günlərədək çoxlarının hələ də inandığı sovet ordusu SSRİ neftinin paytaxtına həmin məqsəd-məqamla girməz. Və o gecəki tonqallarətrafı müzakirələrdə hərdən bu sayaq replikalar da səslənirdi: “Sən saydığını say, gör, yetmiş illik kələk nə sayır!”

Bütün imperiyaların iç üzünü yaxşı tanıyan vətənpərvər ziyalılar - yazı həcminə görə burada toxuna bilmədiyim daha ağıllı, arqumental fikirlər söyləyirdilər, amma sovet təbliğatının həmişə “eşq olsun!”ladığı fəhlə sinfinin qoca bir nümayəndəsinin dediklərini xatırlatmaya bilmərəm: “Oğrular, quldurlar həmişə öz basqısını gecə vaxtı eləyirlər. Ona görə də gəlin, məhəllə-məhəllə düşüb cavanlardan xahiş edək, yalvaraq ki, bu gecə meydanı biz yaşlılara buraxıb getsinlər...”
Amma belə olmadı və xoş dəmlərimizdə “quş qanadlı” deyə təşbeh etdiyimiz illərin o Gün, o Axşam, o Gecə möhürlü İli “qış qanadlı”, bayquş sədalı keçdi ömrümüzdən...
İyirmi dörd ildir ki, bu barədə bütün sabiq milli ələmlilər düşünür, mikrofonlular, tribunalılar danışır, əliqələmlilər yazır. Bəndəniz də bu an karandaşını o Gecənin bic-bicə, vic-vicə xəncərilə qəddəyib, fikrini o tırtıllı hadisələrin xatirələrilə sədləyib, bunları yazar olur...

Bu yazı...

...daha çox, 24 yaşadək olan oxuculara aiddir. Nədən ki, burada yazılanları o yaşdan o yanaların əksəriyyəti görüb, hamısı hiss edib.
Bəli, ey həyat bünövrəsi o Gecədən üzü bəri qoyulmuş şanlı müstəqil vətəndaşlar! Yeni-yeni yeniyetmələr, sabahımıza hörgü uşaqlar, gələcəyimizə körpü körpələr! Deməli, siz “yanvarbryat”lar keçmiş “oktyabryat”lardan, “Sehrli xalat” filmindən tanış olduğunuz “piyanar”lardan, “Yeddi oğul istərəm” kimi gözəl sənət (amma həm də məcbur-məhkumi siyasət!) filmlərindən tanıdığınız “qamsamol”lardan və biz “tarix-Nadir”çilərdən daha yetkin-yetkili olduğunuz üçün, inanıram ki, bu sətirlərdəki bəzi not və baxışlar sayəsində o Gecəni eşidib-görəcəksiniz də...
Yox, təəccüblənməyin ki, iyirmi dörd il öncəki o müsibətin passiv şahidliyində sizi də - o vaxtın uşaqlarını, körpələrini, hətta, hələ “bətn” vətənində olanları belə, istisna etmirəm. Bəli, bəli, hə, hə, o Gecənin dəhşət-vəhşət payından hələ Anadan Vətənə gəlməmişləriniz də dadmışdı!
Artıq 24 yaşı tamam olan o qara, o yara, o dinsiz, imansız, qansız Gecə elə qanlı-qadalı idi ki, onu yalnız canlı yayım kimi yazıb-yozasan gərək. O gurultu-guppultulu, ölüm-itimli, ağrı-iniltili Gecənin reportajını yalnız sözün öhdəsinə buraxmaq olmaz; gərək bu görəcək mənzərəyə göz də göz olsun...
Söz-gözümüzdəki hüzn-kədər sovuşanadək qəlbinizdə şaqraq bir musiqi parçası səsləndirin - o Gecənin hərb “simfoniya”sının acığına!
...İndi fondakı bu sənət atəşini astaca-ustaca yığıb, “sözü” avtomat, pulemyot və tank-toplardan qopan siyasi-texniki atəşlərə verin.
Təkcə “yaman” yox, yaxşı da deyin o Gecəyə...

Salam...

Axşamın xeyir, ay Ax(!)şam! Bizi qırmızı yalan-yamanlardan qurtarası ağ şamın qutlu, 19 Yanvar Axşamı! Zülmətindən zülm tökülən, ciknəsindən qulaq tutulan vəhşi Gecə, qəzan mübarək! Səhərədək yuxusuz, zirzəmilərinədək sükutsuz, zifafınadək sevgisiz, toysuz, musiqisiz, yaradıcılıqsız, mədəniyyətsiz Gecə! Sənin pələ qulağına yüzlərlə yoz-boz sözümüz, təpə gözünün içinə bir sürə alçı, istiqlalçı baxışımız var!
Bizim qanlı və müstəqillik banlı Gecəmiz, o nədir elə? “Şanlı sovet ordumuz”un qanlı sapoqları sadə sovet zəhmətkeşləri önündə niyə belə taqqıldayır?! Avtomat-pulemyotları - qarşılarına əliyalın çıxan bu gənclərə qarşı nədən belə şaqqıldayır?! Qaçıb ağaclar arxasında daldalanmaq istəyən o yeniyetmənin qarasına bütöv bir avtomat darağı boşaltmaq “ayıb” deyil-deyil, bəs, bircə nəfər “sovet balası”na 60 patron boşaltmaq “hayıf” da deyil?! “XI Qızıl (?!) Ordu” meydanında “təcili yardım” maşınından düşüb, yerdə çapalayan nəhəng gövdəli o cavana yaxınlaşan bu gənc şəfqət bacısının böyür-başına bu qədər güllə yağışı yağdırarlarmı, ay Qobsek Gecə?! Bu qədər zərif, bu qədər zəif, ağbəniz, aybəniz qızcığazı bir belə yağır-bağır etməkmi olar, ay qapqarabəniz Gecə?!.
...Dəmir yol vağzalında gecələmiş bu gülsatan oğlan asfalt üstündə qərənfil-“qələm”lə nə yazıb? “Elnən gələn vay”? Bəs “toy-bayramdır” sözləri hanı? Həə... “iş başında” güllələndiyinə görə fikrini tamamlaya bilməyib...
Pis haqda çox danışmağın özü də bir müşkül, xoca Gecəm -

Valı dəyişək...

...Gün aydın, güllə çilçırağına tutulmuş Azadlıq Gecəsi! Sənin o zil qaranlığında, buz qoynunda elədən-belə, belədən-elə çovuyan o işıldaquş, o bayquş güllələr olmasaydı, bu xalq ayağa daha cəsarətlə qalxmaz, əsarətdən daha tez qurtulmazdı. Qurtulmazdıq və bu - bir sözü bəd, bir sözü şad, bir gözü ağlar, bir gözü gülər yazımızı heç bir senzordan, redaktordan keçirə bilməzdik!
Sən böyük bir milli dövran olacaqsan, yetmiş illik müstəmləkəliyin sonuncu ilindən əvvəlki ləkə Gecə! “Pəpə” yeyəndən, “məmə” deyənə qədər hamı - o “Rəzillik Orkestri”nin yoğurub-doğurduğu ən kütləvi qətliam marşından sonra əzəmətli “Müstəqillik Simfoniyası” ifaçılarına çevriləcək...
Sən ən maarifçi gecə olacaqsan, Universitet Gecə! Sən uzun illərin semestr imtahanlarına tutuquşu cavablar vermək zorunda qalan bu təbəə xalqı əsl dövlət-dövlətçilik imtahanına çəkəcək və bu millət 1991-ci ilin 18 oktyabrında - əsasən sənin hesabına - əla-ali qiymət alaraq, bütün universitetlərin fövqündə dayanan Müstəqil Milli Şərəf Universitetini bitirib, “öz əli, öz başı” dövranına qədəm qoyacaq!
Sən ən dini, ən mömin, şəhid-şühəda, qazi-mücahid meydanısan, Tanrısal Gecə! Bax, məlum və “məşhur” allahsızlıq dövranının təbliğatına uyanlar belə, sənin bu zülüm-zülmət qaranlığında əllərini göylərə qaldırıb dua edirlər, millətə nicat diləyirlər. Süfrələri həftələrlə ət görməyənlər xeyir işlər üçün saxladıqları toy toğlularını belə kəsib, Sənin mübarək şəhidlərinin ruhuna ehsanlar verəcəklər...
Hə, ictimai anlaq Gecəsi! Bütöv bir millətin açıq havada toplanmış milli dirəniş Məclisi!..
...Belə. Əvvəli qaranlıq, sonu İşıqlı Gecəmiz, hər il elə bu cür qarşılayacağımız əbədi müstəqil gecələrin xeyirə qalsın...

Tahir Abbaslı