Avqustun 17-də Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində TÜRKSOY fotoqraf- rəssamlarının VIII Beynəlxalq yaradıcılıq görüşü başlayıb. Avqustun 27-dək davam edəcək tədbir Qazaxıstan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub.
   Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, TÜRKSOY fotoqraf- rəssamlarının builki yaradıcılıq görüşündə ölkəmizi gənc fotoqraf-rəssam, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Talıbov təmsil edir.
   Xatırladaq ki, TÜRKSOY-un fotoqraf- rəssamlarının görüşü türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərar əsasında keçirilir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Şimali Kipr, Rusiya Federasiyasının Xakasiya, Başqırdıstan, Tatarıstan, Saha, Altay, Tuva respublikalarından, Qaqauz Yerindən (Moldova) olan istedadlı fotoqraf-rəssamlar TÜRKSOY görüşlərində hər dəfə böyük maraqla iştirak edirlər.
   Bu sənət elçilərinin ərsəyə gətirdikləri və bu günədək TÜRKSOY-a təqdim etdikləri fotolar kolleksiya şəklində toplanır. Türk dünyası ölkələrinin, xalqlarının mədəniyyət və incəsənətinin zənginliyini əks etdirən bu fotoların kataloqları hazırlanaraq mühüm sənət mərkəzlərinə göndərilir.