Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin zəngin tarixi, mədəni irsimizin nadir inciləri sayılan tarixi-memarlıq abidələri var.
Sərəncama əsasən, Şəki Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şəkinin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanması şərtilə, tarixi-memarlıq abidələri və onların mühafizə zonaları, aparılacaq abadlıq-quruculuq işləri barədə təklifləri bir ay müddətində hazırlayıb, Şəki şəhərinin baş planına daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.
Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.