Azərbaycan

18 iyul 1864 - Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu; 1864 - 20.11.1940) Şuşada anadan olub. Xanəndənin ifasında bir sıra muğam və xalq mahnıları Varşava və Kiyevdə qrammofon vallarına yazılıb. 1926-cı ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib.
18 iyul 1927 - Görkəmli heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov anadan olub. Üzeyir Hacıbəylinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin (Ömər Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltəraşların yetişməsinə töhfə verib.
18 iyul 1932 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932-2006) Bakıda doğulub. Nizami adına Ədəbiyyat İnstitutunun “Nizami” şöbəsinə rəhbərlik edib. Kitabları: "Azərbaycan epik şeirinin inkişaf yolları", "Məhəmməd Füzuli", "Nizaminin poeziya sələfləri" və s.

19 iyul 1915 - Tanınmış opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 - 17.12.1974) Bakıda anadan olub. Operalarda əsas partiyaları ifa edib: "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan), “Şahsənəm" (Xan), "Sevilya bərbəri" (Fiqaro), "Otello" (Yaqo) və s.
19 iyul 1945 - Musiqişünas, ilk azərbaycanlı qadın - violonçel ifaçısı Nəzmiyyə Müzəffər qızı Abbaszadə anadan olub. Bakı Musiqi Akademiyasının simli alətlər kafedrasının müdiri olub. 1998-ci ildən BMA-nın professorudur.

20 iyul 1903 - Əməkdar incəsənət xadimi, teatr rejissoru Baxşı Həsən oğlu Qələndərli (1903 - 14.9.1985) anadan olub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru işləyib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
20 iyul 1946 - Rejissor Rafiq Dadaşov anadan olub. Bir sıra filmlərin ikinci rejissoru olub: “Dantenin yubileyi”, “Yol əhvalatı”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Qətl günü” və s. Sənədli filmlər çəkib.
20 iyul 1948 - Tanınmış aktyor, rejissor, Xalq artist Ramiz Əzizbəyli anadan olub. “Bağ mövsümü”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Qəzəlxan” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. "Pirverdinin xoruzu", "Bəxt üzüyü", “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

21 iyul 1938 - Yazıçı-dramaturq Marat Xanlar oğlu Haqverdiyev anadan olub. “Məhəbbət, şeytan və lambada”, “Ox, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Səninlə və sənsiz”, “Amerikalı kürəkən”, “Üç dəniz əfsanəsi” və s. pyeslərin müəllifidir.
21 iyul 1950 - Xalq artisti Məmmədbağır Bağırzadə (1950 - 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Belə qəmli dayanma”, “Yadıma düşdü”) müəllifi olub.

22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. 1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində 56 sayı işıq üzü görən “Əkinçi” xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra Azərbaycan milli mətbuatının yeni səhifələrini açan "Ziya", "Kəşkül", "Kaspi" (1890) və digər qəzetlər nəşrə başladı.
22 iyul 1884 - Məşhur filosof və tarixçi, Azərbaycanda fəlsəfə elminə mühüm töhfələr vermiş Aleksandr Osipoviç Makovelski (1884 - 16.12.1969) anadan olub. 1920-1960-cı illərdə Bakı (Azərbaycan) Dövlət Universitetində dərs deyib, Azərbaycan EA-nın akademiki, Fəlsəfə İnstitutunun direktoru olub. Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.
22 iyul 1928 - Azərbaycan SSR Xalq Komissarlığı Soveti latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib. Latın qrafikalı əlifbaya keçid 1929-cu il yanvarın 1-də rəsmən gerçəkləşdi. 10 il sonra latın qrafikalı əlifbanı kiril əlifbası əvəzlədi.
22 iyul 1941 - Xalq artisti, tanınmış diktor, teatr xadimi Yusif Mehdi oğlu Muxtarov (1941 - 25.4. 2010) Sabirabad rayonunun Kür kəndində doğulub. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində, televiziya tamaşalarında çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.
22 iyul 1959 - Tanınmış şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959 - 6.7.2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən", "Özümə yol" və s. kitabların müəllifidir.

Dünya

18 iyul 1610 - Dahi italyan rəssamı, Avropa realist rəngkarlığının banisi, barokko üslubunun parlaq nümayəndəsi Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
18 iyul 1811 - İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.
18 iyul 1900 - Rus əsilli fransız yazıçısı Natali Sarrot (Nathalie Sarraute - Nataliya İvanovna Çernyak; 1900-1999) anadan olub. “Naməlum şəxsin portreti”, “Martero”, “Həyat və ölüm arasında” və s. romanların müəllifidir.

19 iyul 1834 - Fransız rəssamı və heykəltəraşı Edqar Deqa (Edgar Degas - Hilaire Germain de Gas; 1834-1917) anadan olub.
19 iyul 1893 - Məşhur rus şairi Vladimir Mayakovski (1893 - 14.4. 1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s. 1930-cu il aprelin 14-də intihar edib.
19 iyul 1934 - Rusiyanın Xalq artisti, məşhur aktyor Aleksandr Şirvindt anadan olub. Filmləri: “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “On iki stul”, “Fleyta üçün unudulmuş melodiya” və s.
19 iyul 1938 - Məşhur gürcü müğənnisi, bəstəkar, aktyor Vaxtanq Kikabidze anadan olub. İlk dəfə Georgi Daneliyanın “Qəm yemə” filmində (1969) çəkilib. 1977-ci ildə rejissorun “Mimino” filmində baş rolu oynamaqla şöhrət qazanıb, SSRİ Dövlət mükafatına layiq görülüb.

20 iyul 1304 - İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.
20 iyul 1656 - Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach; 1656-1723) anadan olub.
20 iyul 1864 - İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1931) laureatı Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.
20 iyul 1882 - Alman filosofu Nikolay Hartmann (Nikolai Hartmann; 1882-1950) anadan olub. Fəlsəfədə yeni ontologiyanın banisi sayılır.
20 iyul 1895 - Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.
20 iyul 1924 - Rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924-2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı (1973), “Biz, aşağıda imza edənlər” (1980), “Karnaval” (1981) və s.
20 iyul 1940 - Rusiyanın Xalq artisti, bəstəkar David Tuxmanov anadan olub. Populyar estrada mahnılarının (“Qələbə günü”, “Damda durna” və s.) müəllifidir.

21 iyul 1893 - Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.
21 iyul 1899 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 - 2.7.1961) anadan olub. Əsərləri: "Kişisiz qadınlar", "Əlvida, silah", "Əcəl zəngi kimin üçün çalınır" (roman), "Qoca və dəniz" (povest) və s.
21 iyul 1910 - Rus-sovet rəssamı Vladimir Serov (1910-1968) anadan olub. Tarixi mövzuda monumental rəsmlərin müəllifidir.
21 iyul 1911 - Kanada yazıçısı, filosof, ədəbiyyatşünas Marşall Maklyuen (Herbert Marshall McLuhan; 1911-1980) anadan olub. Elektron kommunikasiya vasitələrinin insan və cəmiyyətə təsirinə dair tədqiqatlarla məşhurlaşıb: “Mexaniki gəlin: sənaye insanının folkloru”, “Qutenberq qalaktikası: çapçı insanın yaranışı”.
21 iyul 1933 - Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933-1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.

22 iyul 1889 - Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev” (Con Boynton Pristlinin əsəri üzrə), “Gözəgörünməz adam” (Herbert Uellsin əsəri əsasında), “Dəmir maskalı adam” (Aleksandr Dümanın əsəri) və s.
22 iyul 1896 - Rus kinorejissoru Vladimir Petrov (1896-1966) anadan olub. “Günahsız müqəssirlər”, “Birinci Pyotr”, “Kutuzov” və s. filmlərin müəllifidir.
22 iyul 1926 - Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.
22 iyul 1946 - Məşhur fransız estrada müğənnisi Mirey Matye (Mireille Mathieu) anadan olub.
22 iyul 1955 - Amerika aktyoru Uillem Defo (Willem Dafoe) anadan olub. Filmləri: “İsanın sonuncu günahı”, “Taqım”, “Missisipi od içində”, “Sürət-2” və s.

Hazırladı: Vüqar Orxan