XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Hacı Mirhəmzə Seyid Nigaridir. O, 1795-ci ildə Bərgüşad mahalının (indiki Laçın rayonu) Cicimli kəndində dünyaya göz açıb. Atası Mir Paşa təxəllüslü Mir Rüknəddin Əfəndi, anası isə Qızxanım adı ilə tanınan Xeyrənsə xanım olub. O, erkən çağlardan yaşıdlarından fərqlənib, 9 yaşında ikən ədəbiyyata böyük maraq göstərib. Gənc yaşlarından şeirlər yazıb. Şeirlərini əsasın “Seyid Nigari” təxəllüsü ilə qələmə alıb, ədəbi aləmdə də bu imza ilə tanınıb.
Araşdırmalarda göstərilir ki, o, Qarabağ bəyləri nəslinə mənsub və özü kimi təsəvvüf əhli olan Nigar adlı bir qızı sevir və onun adını özünə təxəllüs götürür. Bunu bir qəzəlində belə ifadə edib:
Alıbdır canımı qəmzə, düşübdür könlümə lərzə,
Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz.
Valideynləri oxuyub-öyrənmək həvəsini görərək, onu Şəkinin Dəhnə kəndində mədrəsəyə qoyurlar. O, təhsilini başa vurduqdan sonra Mövlanə Xalid Bağdadi ilə görüşmək arzusu ilə Bağdada yola çıxır. Ancaq Harputa çatanda Mövlanə Xalidin vəfat etdiyini öyrənir. Beləliklə, səfərini təxirə salır, oradan Sivasa gedir. Şair bir müddət orada yaşadıqdan sonra Qarabağa qayıdır. İsmayıl Şirvaniyə mürid olmaq məqsədilə Kürdəmirə gedir və onun müridi olur. Bu müddətdə Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxır, Şeyx Şamilin müridizm azadlıq hərəkatının öncüllərindən olur.
Mirhəmzə Seyid Nigarinin bu hərəkətləri çar idarəçiliyinin diqqətini çəkir. Onun sürgün olunması məsələsi qaldırılır. O, vəziyyətin ciddiliyini nəzərə alaraq Şeyx İsmayılla birlikdə Anadoluya gedir. İyirmi ildən çox Sivas və Amasyada yaşayır. Sonra ürəyində çoxdan saxladığı bir arzusunu İsmayıl Əfəndiyə açır. Onun icazəsi ilə səfərə çıxır. Əvvəlcə Konyada Mövlanə Cəlaləddin Rumi türbəsində, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərində olur, müqəddəs məkanları ziyarət edir, Amasyaya qayıdır. Bir il sonra mürşidi İsmayıl Şirvanidən xilafətnamə alıb Azərbaycana dönür.
Azərbaycanda mürşidlik fəaliyyətinə Bərgüşad və Bərdə ətrafında başlayan Seyid Nigari Rusiya ilə Osmanlı arasında başlanan Krım müharibəsi zamanı türk ordusunda döyüşlərə qatılır. Müridləri ilə birlikdə Qarsa gəlir və ruslara qarşı vuruşur. Müharibə qurtardıqdan sonra Ərzurumda Bakırlar məhəlləsindəki məscidin dərsxanasında qalır.
Üç il sonra İstanbula, oradan da yenə Amasyaya gedir. Burada uzun müddət təfsir və hədislərdən dərs deyir. Eyni zamanda təsəvvüf fəaliyyəti ilə də məşğul olur. Lakin onun bu fəaliyyəti camaat arasında narazılığa səbəb olur. Onların şikayətindən sonra o, Harputa sürgün edilir. Mirhəmzə Seyid Nigari 1886-cı ildə Harputda vəfat edir. Vəsiyyətinə əsasən şeyxinin yanında - Amasyadakı Şirvan məscidində dəfn olunur.
Seyid Nigari sufi-irfani şeirlər yazıb. Şeirlərinin əksəriyyətində Allah, peyğəmbər, əhli-beyt eşqi və məhəbbəti tərənnüm olunur.
Onu da deyək ki, Seyid Nigaridən bu günümüzə türkcə və farsca divanları, “Nigarnamə” və “Saqinamə” adlı əsərləri gəlib çatıb. Divanı Tiflisdə (1908), İstanbulda (1883) nəşr edilib. Farsca divanı 1911-ci ildə İstanbulda təkrar nəşr olunub.
Seyid Nigarinin şeirlər divanı XX əsrin əvvəllərində çap olunsa da, sovet dönəmində onun adı, demək olar, tamam unutdurulmuş, əsərləri geniş oxucu kütləsinə naməlum qalmışdır. Yalnız son vaxtlar şairin yaradıcılığına diqqət artıb, "Xaki-payin taci-sərim" kitabı 2004-cü ildə "Azərbaycan" nəşriyyatında çap olunmuşdur.
Şair "Vətən sevgisi imandandır" fikrini rəhbər tutaraq Azərbaycan və Qarabağı yüksək poetik dillə vəsf etmişdir. Uzun müddət doğma yurdundan uzaq düşdüyü vətəni Qarabağı da unutmayan şair “Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ...” adlı şeir də yazıb:
Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.
Seyid Nigarinin Türkiyədə olduğu vaxtlar Qarabağın həsrətindən doğan kədəri, yurd sevgisi bədii dillə ifadə olunur:
Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar tökər Miri-Nigari məgər,
Yad qılıbdır yenə Qarabağ torpağını.
Ey Nigari, ömrün erişdi payə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.
Əgər şairin qəzəllərində klassik şairlərdə olduğu kimi, ərəb-fars ibarələri yer alıbsa, qoşma və gəraylılarında sadə xalq dilinin zəngin çalarları öz əksini tapıb.
Qəm əlindən getdim dadə,
Dərdimdir həddən ziyadə.
Yalvarıram, vermə badə
Zülfin Səlmanə, Səlmanə.
Cüda düşdüm ellərindən,
Kəsmədim göz yollarından.
Zülfi-Leyla əllərindən
Gəzdim divanə-divanə.
Qarabağın çar Rusiyası tərəfindən işğalını heç cür həzm edə bilməyən imanlı şair bu hadisəni sinəsinə saplanan xəncər hesab edib.
Savalan Fərəcov