Bu şirin, şaqraq gülüşlü aktrisa haqqında daim ən gözəl sözlər, sənəti və çox qısa sürən sənətkar ömrü haqqında xeyli nisgilli xatirələr səsləndirilir. Amma o, bütün bunların fövqündə dayanaraq onu görən və görməyənlərə, haqqında eşidən və ya məlumatsız olanlara, dünəndən bu günə, sabaha və daha bir çox sabahlara yol ala bilir. Aktrisa kimi surətinin, sənət və sənətkarlığının hopduğu lent yazılarından boylandıqca bütün nəsillərinin yol yoldaşı, tanıdığı, sanki canlı-canlı gördüyü qadına, sənətkara çevrilir. Demək əbədi sənət, sənətkar ölməzliyi haqqında bənzətmədə o da yenidən doğulur. Həm də əbədi həyat üçün. Əməkdar artist, 42 illik həyatında min ömürlük xatirə yüklü bənzərsiz aktrisa, gözəl, məlahətli, səhnəmizin kübar xanımı Vəfa Fətullayeva belə sənətkarlardan idi.

Səhnəyə vəfa borcu

Əslində o, tam başqa bir sahədə olmaq, valideynlərinin, qohum-əqrəbasının sənət titullarından kənarda özünə bir yol salmaq istəyirdi. Bütün uşaqlar kimi arzuları, planları var idi. Amma səhnəmizin böyük aktrisası, anası Hökümə Qurbanovanın ciddi cəhdi ilə o da bu sənətə gəlir. Amma yenə də özü kimi olur. Nə oyununda, nə də xarakterik keyfiyyətlərində anasını təqlid etmir, əksinə, onun səhnə xarakteristikasından tam fərqli bir aktrisa modeli yaradır və beləcə səhnəmizə vəfa borcunu bu yolla ödəyə bilir. Həm də anasının onunla bağlı arzularına özünəməxsus cavab vermiş olur.
Anasının da sevimli qızı haqqında böyük arzuları vardı. Böyük ananın şirin, şaqraq gülüşlü Vəfası aktrisa olmalı idi. Hökümə xanım hələ məktəb yaşlarından balaca Vəfanın əlindən tutub teatra gətirir, onu sənətə bağlamaq istəyir. Düşünür ki, səhnədəki taxt-tacını tərk edərkən yerində qızını görəcək. Amma necə deyərlər, sən saydığını say... bu ağrılı, kədərli və gözlənilməz sayım düz 42 rəqəmində susdu...

Sənət üçün yaranış

Bu sözü son vaxtlar çoxlarına şamil edib dəyərdən salırlar. Amma Nüsrət Fətullayev-Hökümə Qurbanova-Vəfa Fətullayeva üçlüyündə bənzətmə tam oturuşur. Azərbaycanın Xalq rəssamı və SSRİ Xalq artistinin sevgi çələngi olan Vəfa özünün də fərqinə varmadığı bir zaman və məkanda sənət üçün doğulmuşdu. Ona görə də olumu və ölümü də bir sənət ömürlüyü qədər rəngarəng, maraqlı və dolu oldu.
Bu yol 1945-ci il avqustun 25-dən başladı. Balaca Vəfa ağlı kəsən gündən eşitdiyi teatr, sənət söhbətləri olmuşdu. Bu cür sənətkarlar ailəsində böyüyən bir qızın teatra, sənətə gəlməsi əslində labüd və gözlənilən bir hal idi. Amma, deyəsən, onun əvvəldən aktrisa olmaq fikri yoxuydu. Yəqin elə ona görə də aktyorluq fakültəsini seçməmişdi. Əvvəlcə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa günlərin birində ixtisasını dəyişib teatrşünas olmaq qərarına gəlir və sonda öz yolunu böyük teatr səhnəsində tapır.
Sənət taleyi böyük rejissor Tofiq Kazımovun xeyir-duası ilə başlayır. O, Vəfanı Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərinin tamaşasında Fəridə roluna dəvət edir. Özünə qarşı həddindən artıq tələbkar və tənqidi yanaşan Vəfa səhnənin məsuliyyətini gözəl anladığından Tofiq Kazımovun rol təklifinə əvvəl tərəddüd edir. Bu rolu oynamaq onun üçün, əlbəttə, çətin idi. Çünki tamaşaçılar arasında onun ən həssas tamaşaçısı - anası Hökümə Qurbanova vardı. Amma Fəridə rolunu o qədər özünəməxsusluqla, təbii oynayır ki, tamaşaçı ilk gündən Vəfanı sevir. Beləcə, “Məhv olmuş gündəliklər” ona böyük sənət uğuru gətirir. Bununla da Vəfanın gələcək səhnə taleyini Fəridə obrazı həll edir.

Uğurlar davam edir

İlk uğurun sevincindən cəsarətlənən Vəfa bir-birinin ardınca tamaşalarda gözəl, yaddaqalan obrazlar yaradır. Akademik teatrın səhnəsində İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsərində Gülgəz, N.Hikmətin “Məhəbbət əfsanəsi”ndə Şirin, N.Xəzrinin “Sən yanmasan”ında Tənzilə, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”ında Şərəfnisə, U.Şekspirin “Heç nədən hay-küy”ündə Beatriçə, M.İbrahimovun “Kəndçi qızı”nda Bənövşə, Anarın “Sizi deyib gəlmişəm”ində Zeynəb kimi rollara uğurlu səhnə həyatı verir. Anası da daxil olmaqla dövrünün böyük aktrisalarının oynadığı həmin rollarda yeni qəhrəman modeli formalaşdırır və hər kəsi Hökümə Qurbanovanın qızı kimi yox, istedadlı və gözəl aktrisa Vəfa Fətullayeva kimi sənətinin sehrinə sala bilir.
Böyük tamaşaçı auditoriyası onu “Göz həkimi”, “Alov”, “Atayevlər ailəsi” kimi televiziya tamaşalarındakı rollarından sonra daha çox sevməyə və tanımağa başlayır. Bu nümunələr onun bir sənətkar kimi görünməyən tərəflərini də üzə çıxarır və ekrandan şaqraq, sadə və bənzərsiz bir sima yaddaşlara yazılır. Beləcə televiziya və teatr tamaşalarında baş rolların ən yaxşı və gözəl ifaçısı kimi onun adı yazılmağa başlayır.
Xarakterindəki çılğınlıq, emosiya, kövrəklik və xanımlıq səhnədə bir-birini tamamladığından, Vəfa səhnəmizin ən çox sevilən və səhnəmizə ən çox yaraşan aktrisalarından birinə çevrilir. Özünəməxsus təbəssüm, mimikalar, səs tembri və səhnə energetikası bu gün də onun təkrarsızlığını dönə-dönə vurğulatdırır.

Sənət ulduzu parlasa da...

Hər şey yaxşı idi. Parıltılı səhnə, gurultulu alqışlar, tükənməz sənət eşqi... Amma birdən hər şey alt-üst olur. Vəfa Fətullayeva sağalmaz xəstəliyə tutulur. Vücudu zəifləyir, ağrıları artır. Amma bütün bunlar gözəlliyinə hakim kəsilə bilmir. Son günə qədər üzündəki nur, gözündəki işıq onu tərk etmir. Həyatının son dörd ayını xəstəxanada keçirən, sənətdən, səhnədən uzaq düşən aktrisa sonda xəstəliyə məğlub olur və 1987-ci ilin 21 mayında vəfat edir. İçindəki ünvansız, səbəbsiz sevinci, sonsuz sevgisini, səmimiyyətini, mehrini, üzünü heç vaxt tərk etməyən təbəssümünü də özü ilə aparır.
Həyatı, yaşamağı çox sevsə də, ondan beləcə tez qopur. Böyük arzular, oynamaq istədiyi rollar nisgilli ömrün qırıq xatirəsi kimi yaddaşlara yazılır. Bir də çağlar ömrün anlarını əks etdirən kadrlar. Onu bizdən uzaqlaşmağa qoymayan, gözəllik və təravətini itirmədən, yaddaşımızın qocası etmədən saxlayan, canlandıran kadrlar...

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar