Azərbaycan

23 sentyabr 1928 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 - 16.12.2011) anadan olub. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Sevil ("Sevil", F.Əmirov) və s.
23 sentyabr 1929 - Yazıçı Əfqan Hacıağa oğlu Əsgərov Şirvanın Qarabağlılar kəndində anadan olub. Əsərləri: “Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfilim" povestləri və s.
23 sentyabr 1929 - Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 - 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında anadan olub. Ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyinin müəllifidir. Azərbaycan Pedaqoji Universitetində professor, mixi yazılar üzrə mütəxəssis olub.
23 sentyabr 1935 - Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Abbasov anadan olub. "Azərbaycanfilm" kinostudiyasının direktoru (1995-2001) olub. "Mozalan" satirik kinojurnalı üçün 30-dan çox bədii və sənədli süjet çəkib.
23 sentyabr 1969 - Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 - 20.1.1990) anadan olub.
23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910, Şəki - 1970) vəfat edib. "Toy", "Xoşbəxtlər", “Nişanlı qız”, "Əliqulu evlənir" və s. pyesləri, "Nina" romanı, "Vəfasız", "Son faciə" povestləri, “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun”, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, Qara Qarayevin “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.
23 sentyabr 1989 - Respublika Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib.

24 sentyabr 1928 - Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacağa oğlu Babayev (1928 - 26.8.1983) Bakıda anadan olub. Filmləri: “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
24 sentyabr 1936 - Xalq artisti, bədii-qiraət ustası Əminə Yusifqızı anadan olub. Gənc Tamaşaçılar, Milli Dram teatrlarında, "Azərbaycanfilm"də çalışıb, bir çox filmlərin dublyajında iştirak edib, "Şərikli çörək", "Sən niyə susursan?" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.
24 sentyabr 1943 - Xalq rəssamı, heykəltəraş, professor Fuad Məmmədəmin oğlu Salayev Bakıda anadan olub. Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur.

25 sentyabr 1890 - Folklorşünas alim Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.
25 sentyabr 1913 - Xalq rəssamı Nüsrət Möhsün oğlu Fətullayev (1913 - 1.10.1987) Lənkəran rayonunda anadan olub. Uzun illər Akademik Dram Teatrının baş rəssamı olub. Respublika Dövlət mükafatına (1972) layiq görülüb.
25 sentyabr 1913 - Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub. Kitabları: “Müstəntiq Cəbrayılov”, “İtmiş güllə”, “Üç düşmən”, “Ayna” və s.
25 sentyabr 1935 - Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 - 6.6.1997) anadan olub.
25 sentyabr 1946 - Xalq artisti, opera müğənnisi Şahlar Quliyev anadan olub. 1975-ci ildən Opera və Balet Teatrının solistidir: «Leyli və Məcnun»da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Arşın mal alan»da Süleyman, «Koroğlu»da Həsən xan və s.

Dünya

23 sentyabr 1901 - Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.
23 sentyabr 1913 - Gürcü bəstəkarı, SSRİ Xalq artisti Aleksey Davidoviç Maçavariani (1913-1995) anadan olub. “Pələng dərisi geymiş pəhləvan”, “Otello” baletlərinin müəllifidir.
23 sentyabr 1920 - Amerika aktyoru Mikki Runi (Mickey Rooney; 1920 - 6.4.2014) anadan olub. Ən uzunömürlü aktyorluq karyerasına görə (6 yaşından ömrünün sonunadək) «Ginnesin rekordlar kitabı»na düşüb. Filmləri: “Tiffaninin yanında səhər yeməyi”, “Bu sərsəm, sərsəm, sərsəm dünya” və s.
23 sentyabr 1930 - Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930-2004) anadan olub.
23 sentyabr 1938 - Avstriya, Almaniya və Fransa kinosunun ulduzu Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri: “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng”, “Trotskinin qətli” və s.

24 sentyabr 1896 - Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.
24 sentyabr 1896 - Rus əsilli fransız yazıçısı Elza Triole (Elza Yuryevna Kaqan; 1896-1970) anadan olub.

25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub. Məşhur əsərləri: “Vətənlə vida” (polonez), “Zelida və Valkur və ya Bonapart Qahirədə” (opera) və s.
25 sentyabr 1897 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Uilyam Folkner (William Cuthbert Faulkner, 1897-1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.
25 sentyabr 1906 - Böyük rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Msen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, “Moskva, Çeremuşki” operettası, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında gələcəyin məşhur bəstəkarlarına (Q.Qarayev, G.Sviridov) dərs deyib.
25 sentyabr 1920 - Məşhur rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Sergey Bondarçuk (1920-1994) anadan olub. Filmləri: “İnsanın taleyi”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda vuruşmuşlar” və s.
25 sentyabr 1944 - Amerika kinoaktyoru, prodüser, ssenarist Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub. Filmləri: “Qu quşunun yuvası üzərindən uçarkən” (“Oskar”, 1975, prodüser), “Uoll-Strit” (“Oskar”, 1987, aktyor), “Əsas instinkt” və s.
25 sentyabr 1952 - İspan kinorejissoru Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub. İki dəfə “Oskar” mükafatı laureatıdır: “Anam haqqında hər şey” (1999), “Onunla danış” (2002).

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar