Qırğız xalqının böyük ozanı, qırğız ədəbiyyatının klassiki, şair-bəstəkar Toktoqul Satılqanov (1864-1933) türk dünyasının önəmli şəxsiyyətlərindən biridir. Keçdiyi ağır həyat yoluna baxmayaraq, o, yaratdığı əsərlərlə xalqının sevimlisinə çevrilib.

O, 1864-cü il oktyabrın 25-də Oş vilayətinin Kuşçu-Su kəndində yoxsul kəndli ailəsində anadan olub. Şairin anası Burma çoxlu nağıllar, əfsanələr bilir, ağı deyən biri kimi tanınırdı. Atası Satılqan isə öz mahnılarını ifa edirdi. Gələcəyin şairi 12 yaşında ikən çobanlıq etməyə başlayır və elə o zamandan həyatın ən ağır üzünü görür. Çobanlardan komuzda ifa etməyi öyrənən Toktoqulda hələ erkən yaşlarından improvizatorluq qabiliyyəti ortaya çıxmışdı. 13 yaşından etibarən şeir yazmağa və söyləməyə başlayır. Belə bir istedadın meydana çıxmasında ailəsi ilə yanaşı, o zamanın ünlü şairləri Naken, Esenaman, Çondunun şeirləri böyük rol oynamışdı.
Toktoqul 18 yaşında ikən tanınmış akınlar (aşıq) Dıykanbay Rıskulbekov və Arzimatla deyişmədə onları məğlub etmiş və bu hadisədən sonra da xalq arasında tanınmağa başlamışdı. O daha çox bədahətən söylədiyi nəsihətamiz şeirlər ilə ad çıxarır. “Alimkan”, “Süyümkan”, “Güllə”, “Nəsihət”, “Sanat”, “Dünya”, “Ömür” kimi dərin fəlsəfi şeirləri, bir çox qopuz bəstələri bunu sübut edir.

Ağır sürgün həyatı

Şair 1898-ci ildə çar Rusiyası hakim dairələri tərəfindən Əndican üsyanına qoşulmasına görə əvvəlcə edam cəzasına məhkum edilir, daha sonra Sibirə sürgünə göndərilir. Rusiya müstəmləkəçiliyi əleyhinə üsyanın məqsədi Kokand xanlığını bərpa etmək idi. Toktoqulun isə bu üsyanla heç bir əlaqəsi yox idi. Lakin bədxahları yazdıqları donosda onu sui-qəsdin iştirakçılarından biri olduğunu göstərmişdi. Məhkəmədə ona qarşı yalançı ittihamlar irəli sürülür.
Lakin sürgündə olduğu ağır illərdə belə onun bülbül kimi səsi səslənməkdə davam edirdi. Həbs müddətində yazdığı “Məhbusun mahnıları” toplusu qırğız aşıq poeziyasının şedevri hesab olunur.
Toktoqul bir dəfə sürgündən qaçmağa cəhd etsə də, onu yenidən tuturlar. Lakin o, 1909-cu ildə ikinci dəfə qaçmağa nail olur və bir ilə yaxın Sibir tayqası, Qazaxıstan çöllərində piyada yol gəlir. Nəhayət, 1910-cu ildə doğma məmləkətinə çatır. Evində isə onu taleyin yeni zərbəsi gözləyirdi: atası və yeganə oğlu Tolçubay vəfat etmiş, həyat yoldaşını isə başqasına ərə vermişdilər. Toktoqulu evində yalnız kor anası qarşıladı. O, iki ildən də çox auldan aula gedərək çar məmurlarından gizləndi. 1913-cü ildə onu yenidən həbs edirlər və bu zaman bütün Cənubi Qırğızıstanda Toktoqulun azad olunması ilə bağlı hərəkat başlayır.
Şair azadlığa çıxdıqdan sonra peşəkar ifaçı fəaliyyətini davam etdirir. O, xalqın istəklərini dilə gətirən əsərlər yazan, düşünən şair idi. Bəstələdiyi mahnıları ifa etməklə yanaşı, məclislərdə xalq dastanlarını söyləyərdi. O, dövrdə qırğız xalqının tanınan şairlərindən Korqol, Alimkul, Barpi, Kalik, Osmankul və başqaları özlərini Toktoqulun şagirdi hesab edirdilər.
Toktoqulun qırğız mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələr misilsizdir. Onun bir çox şeirləri zamanında yazıya alınmayıb, xalqın dilində yaşadılıb. Qırğızıstanda sovet hakimiyyətinin qurulmasını şair rəğbətlə qarşılayır və sonrakı illərdə insanlar arasındakı dostluğu, qardaşlığı təbliğ edən əsərlər yazır. Lakin yeni dövrün ideologiyası əsasında meydana çıxan ədəbiyyat məmurları onu qəbul etmək istəmirdilər. 1928-ci ilin payızında Toktoqulun da dəvət olunduğu xalq istedadlarına baxışda heç kim yaşlı, əfsanəvi aşığın bir şeirin belə istifadə etməmişdi.
Toktoqul bununla bağlı rəhbərliyə müraciət etsə də, təhqiramiz cavab alır. O, doğma kəndinə qayıdır və 1933-cü ilin fevralında acından ölür.
Yalnız ölümündən 4 il sonra onunla bağlı anım tədbirlərinin keçirilməsinə qərar verildi. Sonradan şairin əsərləri, şifahi yaşadılan şeirləri toplanaraq kitab halında nəşr edildi. Qırğız mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrə görə Toktoqulun adı Qırğız Dövlət Filarmoniyasına, ölkənin bir çox yaşayış məntəqələrinə, məktəblərə verildi. Sənət və mədəniyyət sahəsində onun adı ilə Dövlət mükafatı təsis edildi. 1938-ci ildə isə mahnılarından ibarət ilk kitabı nəşr olundu. “Toktoqulun həyatı” adlı kitab isə 1939-cu ildə çap edildi.

Türk dünyası və Toktoqul

Toktoqul bu gün də türk dünyası üçün önəmli şəxsiyyətdir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY 2014-cü ili “Toktoqul ili” elan edib. İlin açılışı bu il martın 3-də Ankara Dövlət Rəsm və Heykəl Muzeyində keçirilib, tədbirlər 2013-cü ilin “Türk Dünyası Mədəniyyət Paytaxtı” Əskişəhərdə və İstanbulda davam etdirilib. Ümumiyyətlə, il çərçivəsində türk dünyasının müxtəlif şəhərlərində bir sıra tədbirlər keçirilib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov yeni nəslin Toktoqul Satılqanov kimi şəxsiyyətlərdən ilham alaraq mədəni həyata daha çox töhfələr verəcəyini bildirir: “TÜRKSOY türk dünyasına və türk mədəniyyətinin inkişafına töhfələr vermiş, mədəni irsin zənginləşdirilməsində mühüm rol oynamış şəxsiyyətlərin xatirələrini yaşadır. 2014-cü il “Toktoqul Satılqanov ili” elan etdik. O öz dərin fəlsəfi şeirləri ilə qırğız şairlərinin yaradıcılığına təsir edib. Ona görə də, belə dahiləri gələcək nəsillərə tanıtmaq lazımdır”.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar