Həyatda da, ədəbiyyatda, mədəniyyətdə, elmdə, ictimai-siyasilikdə də təkrarsız Mirzə İbrahimov!
Belə bir qəzetçilik qərar-qətnaməsinə gəlmişəm ki, bütün ədəbi əsərlərini (hətta bəzi elmi, publisistik yazılarını belə) sirli-sehrli bədiiyyatın - şərti olaraq “təbiət təsviri” dediyimiz “dolangəl”likləri, əriş-çiriş “giriş”lərilə başlamış bu universal ədib haqda yazımı elə onun “uvertüra” formatında başlayım:
...Düz yüz üç il bundan əvvəl - 1911-ci il oktyabrın 28-də Cənubumuzun Sərab şəhəri ərazisində ana təbiətin təbii havası necəymiş, cəmiyyətin əsas iqtisadi-siyasi davası nəymiş, qapıların kandarını kəsən qışa hazırlıq işləri, təknələrdən tükənən azuqə qorxuları nə yerdəymiş, dövrün sənədsiz-bələdsiz arxivlərinə gömülə-gömülə keçən günlər “gələcək gün”lərə nə vədlər edirmiş, görəsən?..
Bunları kim bilə bilər, - bütün bunları təpədən-dırnağa, ağıldan-qəlbə, əksərən şərti kəsilməyən şumlardan yabalaşmağa məhkum xırmanlara qədər yaşayıb, özlərilə qəbrə aparmış oralılardan savayı. Amma həmin gün o Sərab şəhəri yaxınlığındakı bapbalaca Evə kəndində doğulmuş bir uşaqdan nəinki təkcə o çağ-bu çağkı oralılar, bütün dünya da xəbərdar olacaqmış.
Mirzə adlı o uşaq 17 yaşınadək “yetim”, “muzdur”, “şagird” çağırılıb. 19 yaşından coşub-daşan şair, qəzet redaktoru, alovlu publisist, “Gələcək gün” vədli görkəmli ədib kimi tanınıb. 30 yaşından isə par-par parlamağa başlayıb; Əməkdar incəsənət xadimi, 31 yaşında maarif naziri, 33-ündə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, 34-ündə akademik, 35-ində Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, Nazirlər Soveti sədrinin müavini, 36-sında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, 39-unda SSRİ Dövlət mükafatı, daha sonra Beynəlxalq Nehru mükafatı laureatları, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq deputatı...
Ədiblərlə ilk tanışlıq, sözsüz ki, onların əsərlərindən başlanır, ilk təəssürat da elə həmin ədəbi-bədii nümunələrdən yaranır. Mən də - ötən əsrin 60-cı illərində adı dillər əzbəri, hər əsəri “stolüstü” olan bu yazıçıyla ilk dəfə “Gələcək gün” romanının səhifələrində görüşüb-tanışdım. Oxucunun xəyal ovsarını tutub, diqqətini cəlb edən cazibədar təbiət təsvirləri, “qəddar” cəmiyyət təfsirlərilə ləbaləb səhifələrdə! Orta məktəbin sonuncu sinfində, cavanlığın “dəlioğlanlıq” təsnifində olasan və Musa kişi kimi bir zavallılar zavallısı, fağırlar fağırı, zülmkeşlər zülmkeşi olan obrazla rastlaşasan! Sonralar oxuduğum bəzi yazı-pozuçular demişkən, “necədü sizinçün?”!..
O günlər o “Gələcək gün” sizinçün necəymiş, deyəmmərəm, şəxsən mənə - bədii əsərdən çox, sənədli “cinayət-prosessual məcəllə” əsəri etdi o roman. O kitabın alın-başında yazılmış ad-soyadı - Mirzə İbrahimovu Musa kişinin başına gətirilən müsibətlərin ya şəriki, ya da, ən azı, şahidi hesab edirdim. Tələbəliyimin ilk illərində isə bir qədər “inkişaflı” baxırdım bu məsələ-məcəlləyə; fikirləşirdim ki, əgər müəllifin dür-düşüncə arsenalında bu qədər bədii qəddarlıq vardırdsa, fürsət düşsə, bunları “sənədli həyatda” da reallaşdıra bilər...
Lakin bütün bu sentimental-irreal qənaətlər o günlərədək adını eşitdiyin, kitablarını oxuduğun bu qələm igidinin üzünü-özünü görüncəyədəkmiş. Sən demə bu müəllif Musa kişinin paralelində yaratdığı Firudin bəyin irfan, ictimai xadim, elm-qələm davamçısıymış. O, qafalarının qeyri-leqal hücrələrinə milli hüceyrələr əkdiyi neçə-neçə filoloji-elmi kadrlar yetişdiribmiş. 1956-cı ildə - sovetlərin bütün İttifaq üzrə rus dilində “NU!” dediyi bir zamanda bizim məmləkətimizdə QU quşunun ilk nəğməsi kimi səslənən “Azərbaycan dili dövlət idarələrində” adlı bütöv bir millət dəyər-əyarında məqalə çap etdiribmiş. Ardınca da - Ali Sovetin Rəyasət Heyətinin sədri olaraq - elə həmin il avqustun 20-də “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında Qanun”u imzalayıbmış.
İndi də belə bir uca vətəndaş-fədakarın təkrarsız -
Sənətkarlığı haqda
1918-ci ildə - 7 yaşında ikən atası və böyük qardaşı ilə Bakıya gələn, 9 ay keçməmiş atası vəfat edən, tifil yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib, bir loxma çörək qazanan, 1926-1930-cu illərdə “Balaxanı fabrik-zavod məktəbi”ndə oxuyan Mirzə bədii yaradıcılığa “Fəhlə-ədəbiyyat dərnəyi”nin üzvüykən başlayıb. Bundan sonra dövri mətbuatda şeirlər, tənqidi və publisistik məqalələr, hekayə və oçerklərlə çıxış edib. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya səfər edən gənc ədib “Giqantlar ölkəsində” adlı oçerklər kitabını yazıb. Həmin il partiya tərəfindən Naxçıvan MTS siyasi şöbəsinə - “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərilib ki, sonralar qələmə aldığı “Həyat” (1935) pyesi həmin dövrün bəhrəsidir.
1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan Mirzə İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə edir. Daim elmi fəaliyyətlə də məşğul olmuş ədib 1945-ci ildə təsis olunan Azərbaycan Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən biri olur.
Bu qeyri-adi bacarıq sahibinə, belə demək mümkünsə, bir yerdə oturmağa imkan vermirlər. 1942-1946-cı illər ərzində xalq maarifi komissarı-maarif naziri, Opera və Balet Teatrının direktoru, Xalq Komissarları Soveti incəsənət işləri idarəsinin rəisi vəzifələrinə təyin edilən bu qaynar insan II Dünya müharibəsi illərində mətbuatda və radio dalğalarında, fabrik-zavodlarda, ucqar kənd-kəsəklərdə, əsgəri hissələrdə odlu-alovlu çıxışlar da etməli olur. 1941-ci ildə imzası Sovet ordusu sıralarında getdiyi Cənubi Azərbaycanda məsul redaktor (“Vətən yolunda” qəzeti) kimi görünən ədibin səsi növbəti il Uzaq Şərqdən - Xabarovsk, Vladivostok və s. hərbi dairələrdən, 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdən gəlir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayələr (“Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi) bir müddət sonra qələmə aldığı povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”) yanaşı, həyatın ən qaynar situasiyalarında nəfəs alan ədib maraqlı səhnə əsərləri də işləyirdi. Bu an bu da qeyd olunmalıdır ki, həmin pyeslər (“Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, N.Nərimanovun həyat və mübarizəsindən bəhs edən “Közərən ocaqlar”) Azərbaycan dramaturgiyasını zənginləşdirən nümunələrdir. Ədibin dilimizə ustalıq və ustadlıqla çevirdiyi “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz” (U.Şekspir), “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik” (A.N.Ostrovski), “Üç bacı” (A.P.Çexov), “Kişilərə inanmayın” (A.Satramov), “Don Juan” (J.B.Molyer) pyesləri tərcümə xəzinəmizin incilərindən hesab olunur.
Və bir az da onun - çox az sənətkara qismət olan (20 yaşından ömrünün sonunadək) dəyərləndirilməsi, bütün SSRİ boyunca -
Görk-görkəmliliyi barədə
Ümumdünya parlamentlərarası ittifaqı (Helsinki - 1955; Banqkok - 1956), Ümumdünya sülh tərəfdarları konqreslərinin (Stokholm - 1958), neçə-neçə beynəlxalq məclislərin iştirakçısı. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika, İngiltərə, Fransa, Portuqaliya, Misir, Kipr, Suriya, Zambiya ölkələrinə səfərləri. Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətlərinə başçılığı. Vyetnamda, Mali və digər ölkələrdə keçirilən tədbirlərdə sənət və siyasət liderliyi. BMT-nin aparteid əleyhinə mübarizə komitəsinin iclasında (1978) sürəkli alqışlarla qarşılanan çıxışı...
Özündən sonra “bir dünya ad” qoyub getmiş bu sənət azmanı Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutuna direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni və yüksək səviyyədə tədqiqinin təşkilatçısı, üçcildlik, daha sonra isə çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaradıcılarından biri kimi də yaddaşlarda yaşayır.
1993-cü il dekabrın 17-də vəfat edib, Fəxri xiyabanda dəfn olunmuş bu böyük ədib, alovlu publisist, məşhur ictimai-siyasi xadim təkcə kitablarında yox, çətin dövrlərdə dilimizin dövlətiləşməsində fədakarlıq etmiş baş milli vətəndaşlarımızdan biri kimi də yaşayır və yaşayacaq...
Tahir Abbaslı