Azərbaycan

31 oktyabr 1955 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri, Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiridir.
31 oktyabr 1963 - Bəstəkar, dirijor, Əməkdar incəsənət xadimi Nadir Nəriman oğlu Əzimov anadan olub.

1 noyabr Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur. Aqrar sahə işçilərinin peşə bayramı günü Prezident İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsis edilib.
1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» (ərəbcədən «gerçəyi dərk etmək») jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər. Jurnalın 32 sayı işıq üzü görüb.
1 noyabr 1939 - Tanınmış şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub.
1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. İncəsənət İnstitutunda əvvəlcə aktyorluq, sonra rejissorluq fakültəsində təhsil alıb. Teatrda, televiziya tamaşaları və kinoda (“Səhər”, “Əsl dost”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.
1 noyabr 1944 - Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub. Musiqili Komediya Teatrında işləyib. Televiziya tamaşalarına və filmlərə (“Tütək səsi”) çəkilib.
1 noyabr 1947 - Əməkdar artist Telman Rüstəm oğlu Əliyev Şuşa şəhərində doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb, 2000-ci ildən Akademik Milli Dram Teatrında işləyir. «Yük», «Bizi dağlarda axtarın» filmlərinə çəkilib.
1 noyabr 1949 - Səs operatoru Tatyana Kərimova anadan olub. "Azərbaycanfilm" kinostudiyasında “Qəm pəncərəsi”, “Qətl günü” və s. filmlərin səs operatoru olub.
1 noyabr 1952 - Əməkdar artist Elxan Əlibala oğlu Quliyev anadan olub. Akademik Milli Dram Teatrında çalışır, “Sevinc buxtası", "İstintaq" filmlərində çəkilib.
1 noyabr 1956 - Kinorejissor Yavər Rzayev anadan olub. Bir neçə sənədli və bədii filmin (“Sari gəlin”, “İlahi məxluq”) rejissorudur.

2 noyabr 1934 - Tanınmış şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub. 20-dən çox kitabın müəllifidir. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.
2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. Populyar mahnıların müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Yaramaz”, “Ölsəm... bağışla” və s.
2 noyabr 1988 - Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 - 1988) vəfat edib. 1938-ci ildən Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
2 noyabr 1994 - Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley tədbiri keçirilib. Tədbirdə Prezident Heydər Əliyev iştirak edib.
2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub.

3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 1983) vəfat edib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (Fəhlə Uşaq Teatrı idi) kollektivində fəaliyyətə başlayıb. 1961-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Məşədi İbad), "Sehrli xalat" (Xan), "Görüş" (Şıxəli), "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" (Məmmədxan), “Bizim Cəbiş müəllim” (Əbülfəz) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Dünya

31 oktyabr 1517 - Alman teoloqu Martin Lüter xristianlıqda islahatları ön görən məşhur "Doxsan beş tezis"ini Vittenberq (Wittenberg) kilsəsinin qapısına asaraq protestantlıq dini məzhəbinin yarandığını elan edib. Protestant kilsələri bu tarixi Reformasiya günü kimi qeyd edirlər.
31 oktyabr 1912 - Amerika aktrisası, müğənni və yazıçı Deyl Evans (Dale Evans, 1912-7.2.2001) anadan olub.
31 oktyabr 1922 - SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlemenləri”, “Şikayət kitabını verin”, “Sabah gəlin” və s.
31 oktyabr 1993 - İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.

1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.
1 noyabr 1896 - İngilis şairi, yazıçı Edmund Blanden (Edmund Charles Blunden, 1896-1974) anadan olub.

2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin, 1699-1779) anadan olub.
2 noyabr 1906 - İtalyan kino və teatr rejissoru, ssenarist Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.
2 noyabr 1913 - Amerika aktyoru, “Oskar” laureatı Bert Lankaster (Burton Stephen Lancaster, 1913-1994) anadan olub.
2 noyabr 1950 - İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw, 26.7.1856 - 1950) vəfat edib. “Kandida”, “Piqmolion”, “Ürək sındırılan ev”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti” , “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
2 noyabr 1965 - Məşhur hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub. Əslən puştun, dini etiqadına görə müsəlmandır. Filmləri: “Dəlisov məhəbbət”, “Ölümlə oyun”, “Qaçırılmamış gəlin” və s.

3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1925) iştirakına görə Qafqaza sürgün olunub. Azərbaycan dilini öyrənib, yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə ilə dostluq edib, onun Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı ruscaya tərcümə edib. Azərbaycan xalq qəhrəmanın həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1869 - Rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold (1869-1930) anadan olub. İslam dini tarixinə dair əsərlərin müəllifidir. “Kitabi-Dədə Qorqud” dastanını rus dilinə tərcümə edib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir. Fransanın mədəniyyət naziri işləyib.
3 noyabr 1927 - Polşa aktyoru, ölkəsinin “Milli qəhrəmanı” adına layiq görülmüş Zbiqnev Sıbulski (Zbigniew Cybulski, 1927-1967) anadan olub. Filmləri: “Kül və almaz”, “Günahsız sehrbazlar”, “Necə sevimli olmalı” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar