Ad-soyadı belə dodaqlara təbəssüm, qəlblərə xoş ovqat saçan Əliağa Ağayev

Səhnədə, kino və teleekranlarda mükəmməl obrazları, xüsusən “Məşədi İbad” abidəsilə milyonların yaddaşına həkk olunan Əliağa Ağayev. Anadangəlmə istedadı, incədən-incə duyumu, qaynar energetikası ilə milli mentalitetimizdəki əyər-əskikləri tamaşaçıya bənzərsiz dərəcələrdə çatdıran mogikan...

Onun səhnəyə çıxışı belə ayrıca sənət naxışı idi.
Onun ekranda göründüyü ilk anın özü belə bir görəcək idi. Hələ gah “kal”, bəzən “lal”, hərdən də “gicələk-bicənək” hul baxışları!
Onun səsi, şivəsi, leksik avazı belə alayıca bir obraz idi. Filmlərin birində (“Bizim Cəbiş müəllim”) bayır tərəfdən cəftələnən məlum sanitar qovşağında qalıb çığır-bağır salarkən, kiminsə “- Sən orda neynirsən” sualına təkrarsız bir “vay-şüvən”liklə “- Adə, burda neyliyəllər?!” cavabının həmin obyektin “ayıb” ab-havasını necə mədəniləşdirdiyinin fərqindəsizmi?
O bu qeyri-adi duyumu, dialoq və monoloqlardakı aktiv-reaksion elementləri, mimikaları, sifət-göz-səs sinxronluqlarıyla obrazların sənət şirəsini cecəsinədək çəkib çıxarırdı. Bütün həmkarlarından üstün olan bir bədahətənlik bacarığına malik idi Əliağa Ağayev. Əksər ssenarist və rejissorlardan eşitdiyimə (və öz fəhm-müşahidələrimə) görə, ona verilən rolların çoxusunun səhnə və ekran taleyi “əlli-əlliyə” imiş. Dramaturqlar olub ki, sözlərin “sort”unu səhnə məşqləri zamanı “Əliağa ekspromtu”yla düzəlişdirərmiş. Rejissorlar da həmçinin son traktovkanı “məşqlərdə Əlağa eşqləri”ndən sonra verərmişlər.

Nəqlidən nəqdə...

Yəni bura qədər barəsində nəqli danışdığım bu böyük sənətkarın Azərbaycan radio və televiziyasındakı “kiçik” yaradıcılıq işlərinin bəzilərindən öz şahidliyimlə fraqmental sətirlər. Radionun Ədəbi-dram verilişləri baş redaksiyasında “Gülüş axşamı” proqramı hazırlanır. Verilişin süjetlərindən birinin (“Yaddaş “çaş”ı”) hansı aktyora veriliməsilə əlaqədar müzakirə gedir. Materialla tanış olan aktyorların hər biri (nəticədə hamısı) “bu, bizlik deyil, qoy “əmi” sağalsın, gəlib oxuyar” deyir. Nəhayət, qripdən yatan Əliağa Ağayev növbəti həftə gəlir və ecazkar səs-avazı ilə: “Son vaxtlar yaddaşım yaman zəifləyib, həzərat! Adə, hər gün arvad mənə bir şey tapşırır, ama zəhrimarın heç biri yadımda qalmır. Məsələn? Qoy bu əhvalatların lap “Nikalay”ından başdıyım. Hə, hə, qırx il bunnan qabağ fağır övrət təzə tufli üçün cibimə pul qoyub göndərmişdi dükana. İçəri girib ayaqqabılara baxdım, baxdım, birini bəyəndim, ancağ elə ki almağ məsələsi gəldi, zəhrimar yadımnan çıxdi. Neynim axı, yazıq yaddaş neynəsün, bir belə pır... pır... prosesi yadda saxlamaq olur, bəgəm?!” kimi qələm-kağız mürgülü epizodları öz çağlar istedadıyla “qurdalaya-qurdalaya” dinləyicilərçün xırdalayır...
Onun vaxtaşırı, 70-ci illərdə isə silsilə televiziya tamaşalarında oynadığı rollardan da yalnız birini - məşhur “molla əmi”ni xatırlatmaq imkanındayıq. Özü də “kadr arxası”nı - digər süjetlərə nisbətdə bir xeyli uzun çəkən məşqini. Bəli, iki məşhur aktyor - Əliağa Ağayevlə Fazil Salayev ola, çox maraqlı bir yumoresko ola və bir də hələ çəkilişönü sərbəstlik... İndi gör nədir də, bu! Fazil burnunda mızıldana-mızıldana dəyqəbaşı “molla əmi, eşqə düşmüşəm!” - deyə dad döyür, Əliağa isə “heyvanıva şükür!” - kimi replikalarla bir yerdə qərar tuta “bilmir”. Hər ikisi ssenari və rejissura əndazələrindən çıxdıqca, çəkiliş studiyasında bir vurçatlasın, bir uğuntu yaranır ki, gəl görəsən! Nəhayət, rejissor “çəkiliş!” komandası verir və son “stop”dan sonra həmin qəni-qəni rəhmətliklərin “axır ki, quş həddinə düşdük” replikasını doğuran o süjet filmotekaya şedevr səhnəciklərdən biri kimi düşür.
Bu doğal artistin, total sənət azmanının nəinki öz tipləri, hətta dublyaj səsləri izləyicidə təbəssüm yaradır, hər bir həssas kəsdə xoş ovqat doğurur.
Amma Əliağa Ağayev aləminin nəyindən danışsaq, hansı künc-bucağına toxunsaq da, məlum zəmanənin ahıl aşiqi, nə qədər qoca olsa da, min cavana dəyən Məşədisinin yerini verməz ki, verməz! Və... onun o obrazda ikən dediyi “mənim bir eybim varsa... varsa... o da eyibsizliyimdir” sözü olmasın, bu rolla bağlı bir çətinlik varsa, varsa, bu da o filmdəki epizodların hansını önə çəkmək məsələsindən ibarətdir. Bu ekran abidəsindəki hansı nüansın üstündən sükutla keçmək mümkün?! Məşhur dava-dalaş səhnəsində cəm olmuş Bakının zəmanəyə bab elitasına “bəs bu bisavadlar hardan başa düşsün?!” xitabı ilə necə qoqazlandığını, Sərvərin “qızın dayısı” olması “xəbər”ini gülünc dolu qəhqəhələrlə qarşılamasını, “bu gəlin kişi çıxdı, özü də qaçdı (!)” eyhamını başqa hansı bir aktyor oynaya bilərdi?..
...Və bir neçə sətir də zəngin Azərbaycan mədəniyyəti, parlaq Azərbaycan teatr tarixi səhifələrində heç zaman solmayası, ölməyəsi bu korifeyin dünyaya və sənətə -

Gəlimi haqda

22 mart 1913-cü ildə anadan olmuş Əliağa İsmayıl oğlu Ağayev - Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan bu ustad - səhnəyə heç bir kimsədə görünməmiş oynaq jestləri, duzlu tələffüzü, qeyri-adi cəlbedici səsilə gəlib. Atasını erkən yaşlarından itirib, orta məktəbi yarımçıq buraxmış Əliağa Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub və elə həmin müəssisədə çilingər işləyib. Sonra zavodun dram dərnəyinə yazılır və “Hacı Qara” (M.F.Axundzadə) komediyasının baş qəhrəmanı onun böyük sənət yoluna ilk cığır, ilk rol kimi düşür.
1936-cı ildə Gənc Tamaşaçılar Teatrının kollektivinə daxil olan Əliağa peşəkar teatrda səhnəyə “Kapitan Qrantın uşaqları” dramının tamaşasında çıxır. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılır.
Müxtəlif xarakterli, rəngarəng tutumlu rolları ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ildə Akademik Milli Dram Teatrında ilk rolunu - Ş.Qurbanovun “Əcəb işə düşdük” komediyasında Abış Surxayeviçi son dərəcə “orijinal debütant”lıqla yaradır. İyirmi iki il çalışdığı Akademik teatrda Azərbaycan, İttifaq və dünya ədəbiyyatı məşhurlarının neçə-neçə obrazlarını yaradır (M.F.Axundzadə, C.Məmmədquluzadə, C.Cabbarlı, H.Cavid, M.İbrahimov, Anar, A.Arbuzov, U.Şekspir, B.Nuşiç, M.Dyarfaş, R.Juniyor, A.Safronov, E.Braginski, E.Ryazanov, A.Saqareli).
Ə.Ağayev kinoda təkrarsız Məşədi İbaddan əlavə, Xan (“Sehrli xalat”), Şıxəli (“Görüş”) kimi irihəcmli rollarla yanaşı, “Əhməd haradadır?” (Kassir), “Qanun naminə” (“Mehman”), “Bir məhəlləli iki oğlan” (Feyzi), “İstintaq davam edir” (Kişi) və digər filmlərdə yaddaqalan epizodik rollara da çəkilib.
Dünyasını dəyişənədək ən populyar, cismən ölümündən sonra isə yenə ən sevilən aktyorumuz 17 iyun 1943-cü ildə Əməkdar artist, 27 fevral 1954-cü ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Əliağa Ağayev böyük sənətimizin zəngin dünəni, unudulmaz bugünü, əbədi sabahıdır.

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar